Qərbi azərbaycanlıların siyahıya alınması prosesi necə gedir – 5 milyon adam…
QAİ-nin sədr müavini: “Biz hüquqi iddialarımızı dəqiq əsaslandırmağı bacarmalıyıq”
Qərbi azərbaycanlıların öz halal haqqına qovuşmaları, tarixi torpaqlarına, yurd-yuvalarına qayıtmaları üçün prosesə rəsmən start verilib.
Qərbi Azərbaycan İcmasının mətbuat katibi Ülviyyə Zülfiqar Bakı-xeber.com-a bildirib ki, Qərbi Azərbaycandan deportasiya edilən soydaşlarımızla bağlı siyahıyaalma prosesi bir neçə aydır ki, başlayıb: “Siyahıyaalmanın 1988-1991-ci illərdə deportasiya edilən soydaşlarımızdan başlamasının səbəbi də insanların çoxunun fiziki olaraq həyatda olması, işimizin daha sürətli getməsi üçün onlarla rahat ünsiyyət qurmaq və onlardan daha dolğun informasiya almaq imkanları ilə bağlıdır. Qeyd edildiyi kimi, bu insanların əllərində istər Ermənistan Respublikasında yaşadıqlarına, istər ali təhsil almalarına, mülklərinə dair sənədləri var. Fiziki baxımdan da əksəriyyəti həyatda olduğu üçün onlarla ünsiyyət saxlayırıq. Təbii ki, digər deportasiya edilənlərlə də bağlı işlər gedir. Amma bu siyahıyaalma əsasən 1988-1991-ci illəri əhatə edir. İlkin olaraq sırf həmin dövrdə deportasiya olunan insanların özləri qeydiyyata alınır. Onların varisləri təbii ki, ayrıca bir kateqoriyadır. 250-300 min rəqəm səsləndirilir, amma bundan çox rəqəmin ortaya çıxacağı gözlənilir. 1988-1991-ci illərdə deportasiya edilən soydaşlarımızın qeydiyyata alınması tam yekunlaşandan sonra başqa dövrlərdə deportasiya edilənlərlə bağlı proses başlayacaq. Müəyyən çətinliklər də var. Onlar arasında hətta ölkəmizdən köçüb xaricdə yaşayanlar da var. Varislərdən dolayı yolla məlumat almaqdansa, işimizin daha sürətli getməsi üçün 1988-1991-ci ildə deportasiya edilənlərdən başlayanda daha tez nəticə ala bilərik. Təəssüf ki, 1905, 1918-1920, 1948-1953-cü illər zaman baxımından bizdən çox uzaqda olduğu üçün o dövrlərdə deportasiya edilənlərdən bəlkə də çox az sayda həyatda qalanlar var. Dediyim kimi, özləri deportasiya edilənlərin özləri ayrı, varisləri isə ayrıca bir kateqoriya olacaq. Ümumilikdə hər iki kateqoriyanı, eyni zamanda bütün deportasiyaları götürdükdə 5 milyona yaxın bu deportasiyalarla əlaqəli qərbi azərbaycanlı var”. O deyib ki, Qərbi Azərbaycan İcmasının artıq xaricdə də nümayəndəlikləri var və bunların sayı artırılacaq. Bu nümayəndəliklər vasitəsilə xaricdə yaşayan qərbi azərbaycanlılar barədə məlumat toplayacağıq, onlar bu nümayəndəliklərə cəlb olunacaqlar”.
Hikmət Babaoğlu
Qərbi Azərbaycan İcmasının sədr müavini, deputat Hikmət Babaoğlu “Yeni Müsavat”a bildirdi ki, Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının bir qrup nümayəndəsi ilə görüşdə səsləndirdiyi fikirlər milli maraqlarımızın təmin olunması baxımından ümummilli vəzifələr müəyyənləşdirir: “Qərbi Azərbaycan ərazisi hazırkı müstəqil Azərbaycan Respublikasının ərazisinin təqribən 3-də birini təşkil edir və tarix elə gətirib ki, bu gün rəsmi inzibati sərhədlərimizdən kənarda qalıb. Ancaq bu, xalqımızın min illiklər boyu o torpaqlarda yaratdığı maddi-mənəvi dəyərlərimizin ümumi Azərbaycan mədəniyyətindən kənarda qalması mənasına gəlmir. Eyni zamanda bizim öz torpaqlarımıza qayıtmağımız üçün, orada yaşamağımız üçün beynəlxalq hüquqa uyğun olaraq mübarizə aparmağımızı da məhdudlaşdırmır. Ona görə də bu məqsədlərə çatmağımız üçün çoxsaylı istiqamətlər üzrə təxirəsalənmaz tədbirlər həyata keçirlilməli və işlər görülməlidir ki, bu istiqamətlərdən biri də elm sahəsində görüləcək işlərdir. Bu işlər hər şeydən öncə xalqımızın tarixi yaddaşının bütövlüyü və milli yaddaşımızda etnosiyasi və etnomədəni coğrafiyamızın düzgün əsaslarda formalaşması üçün lazımdır. Yəni milli bütövlüyümüzə gedən yolda ilk növbədə tarixi yaddaşımızın bütövlüyü təmin olunmalıdır. Əks təqdirdə, milli bütövlüyümüz mümkün olmaz. Ona görə də ilk növbədə ciddi elmi əsaslarda Qərbi Azərbaycandakı tariximiz yenidən öyrənilməli, Qərbi Azərbaycandan zaman-zaman hansı sayda azərbaycanlıların məcburi deportasiya edildiyi dəqiqləşdirilməlidir, gənc nəsillərimizə və bütövlükdə dünyaya yenidən öyrədilməlidir. Çünki dünyada siyasi qərarları qəbul edən məqamlar erməni yalanına qarşı həqiqəti bilməlidirlər ki, bizim istək və tələblərimizi düzgün başa düşsünlər. Bax icmada yaradılan elm komissiyasının fəaliyyət istiqamətlərindən biri bu olacaq. Ancaq şübəhsiz ki, bu işin sistemli olması üçün problem, sadəcə, ümumi tarixi kontekstdə öyrənilməyəcək. Elm komissiyası entoqrafiya, etnocoğrafiya, demoqrafiya, folklor, toponomiya, etnoklunariya, ədəbiyyat və s. istiqamətlər üzrə ayrıca tədqiqatlar aparacaq və uyğun istiqamətlər üzrə çox dəyərli mütəxəssislərimiz bu prosesə cəlb ediləcək”.
H.Babaoğlu qeyd etdi ki, məsələ ümummilli olduğu üçün uyğun sahə üzrə tədqiqatları olan bütün alimlərimiz bu işə öz töhfələrini verməlidirlər: “Elm komissiyasının işində ikinci mühüm istiqamət hüquq və beynəlxalq hüquq üzrə mütəxəssis alimlərin bu prosesə cəlb olunması və elmi-hüquqi kontekstə qərbi azərbaycanlıların öz torpaqlarında yaşamaq hüququnun təmin edilməsinin əsasladırılması istiqamətində olacaq. Üçüncü istiqamət maddi və iqtisadi zəmində Qərbi Azərbaycandan deportasiyaya məruz qalmış və məcburi olaraq köçürülmüş soydaşlarımızın mülkiyyət hüquqlarının Ermənistana qayıtdıqdan sonra kompensasiya edilməsi ilə bağlı maliyyə hesabatlarının hazırlanması olacaq. Dördüncü istiqamət Qərbi Azərbaycandan olan, ancaq Azərbaycan Respublikasından kənarda yaşayan qərbi azərbaycanlıların koordinasiya edilməsi və onlarla bağlı elmi statistikanın aparılması olacaq. Deportasiya edilmiş soydaşlarımızın sayının müəyyənləşdirilməsi, siyahıya alınma işləri artıq başlayıb. Yəni biz dəqiq elmi statistikaya malik olmaqla demoqrafiya problemini düzgün qoymağı və hüquqi iddialarımızı dəqiq əsaslandırmağı bacarmalıyıq. Şübhəsiz ki, iş prosesində yeni aktual məsələlər də ortaya çıxa bilər ki, bunlar da sonrakı mərhələdə elm komissiyasının iş istiqamətinə çevrilə bilər. Görüləcək işlər həddindən artıq çoxdur və Qərbi Azərbaycan İcması uyğun sahələr üzrə mütəxəssislərimizi əməkdaşlığa dəvət edir”.
Misir Mərdanov
Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının sədri, AMEA-nın müxbir üzvü Misir Mərdanov isə bildirib ki, 1988-ci ildə Qərbi Azərbaycandan 250-300 mindən çox adam deportasiya olunub: “İnsanlar oradan məcburi köçürülüblər. Evlərindən heç bir şey götürmədən çıxıblar. Tikdikləri evləri, imarətləri, məktəbləri, əyin-başlarını, hətta şəkillərini də orada qoyublar. İnsanlar dövlətin təkidi ilə silah gücünə bir-bir evlərindən çıxarılıb. İndiyə qədər bu məsələ barədə ayrı-ayrı məqalələrdə, kitablarda yazılıb. Statistik rəqəmlər də bəllidir. Sadəcə, onları dəqiqləşdirməliyik. Ona görə də siyahıyaalma həyata keçirilir. Çünki biz dünya ictimaiyyətinin qarşısında çıxış edəndə deyəcəklər ki, hansı sənədlərə əsaslanırsız. Ona görə biz həmin tarixin şahidi olmuş insanları eşitməliyik, yazılmış kitablardan gətirilən faktları dəqiqləşdirməliyik. Qərbi azərbaycanlıların deportasiyası rəsmi olaraq 4 dəfə həyata keçirilib. Orada doğulmuş, yaşamış biri kimi deyirəm ki, ermənilər bu siyasəti həmişə həyata keçirib. Uzun illər proses belə davam etdi və sonda orada yaşayan 250-300 mindən çox adam dövlət səviyyəsində deportasiya olundu. Bizim kəndin kolxoz sədri olmuş Səmayə xanım o dönəmdən danışır. Deyir ki, bizə dedilər ki, gecə ikən çıxıb gedin, ya da sabah silahlılar gələcək. Rəsmi vəzifəli insan bunu deyir. Bəlkə də o vaxta qədər olan deportasiyalar bu cür xarakter daşımayıb. 1988-ci ilin noyabr-dekabr ayında baş verən deportasiya isə birbaşa Ermənistan və onun arxasında duran qüvvələrin dəstəyi ilə həyata keçirilib. İnsanlar oradan məcburən köçürülüb, evlərindən heç bir şey götürmədən çıxıblar. Biz konkret faktlara, rəqəmlərə istinad edən sənədlərlə Qərbi Azərbaycanlıların deportasiya olunması məsələsini dünya və Ermənistan qarşısında qaldırmalıyıq. Soydaşlarımızın pozulan hüquqlarının bərpası üçün bunu etməliyik”.
Etibar SEYİDAĞA