08 Sentyabr 2024

Qəbul olunan tarixi qərarlar müstəqil Azərbaycan dövlətinin bərpasının əsasını qoydu

Ömrünü xalqına həsr edən dahi rəhbər Heydər Əliyevin ikinci dəfə Azərbaycana rəhbərlik etdiyi dövr ölkəmizin müstəqillik qazandığı çox çətin və mürəkkəb illərə təsadüf edir. Həmin dövrdə hakimiyyətdə olan səriştəsiz qüvvələrin antimilli siyasəti nəticəsində Azərbaycanda xaos və anarxiya hökm sürməyə başladı. Xüsusilə də, 1990-cı illər Azərbaycanın tarixinə ağır faciələrin yaşandığı bir dövr kimi daxil olub. Həmin vaxt Sovetlər birliyi süqut edəndə 15 ittifaq dövləti sırasında Azərbaycan yeganə ölkə oldu ki, ərazisinin 20 faizi işğal edildi, 20 mindən çox şəhid verdi, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Belə çətin vaxtda Sovet rejiminin qəddarlığı sayəsində Azərbaycan daha bir ağır faciə yaşadı. Dəhşətli 20 Yanvar gecəsi xalqımızın tarixinə qara həriflərlə yazıldı. 20 Yanvar qırğınlarından sonra Ulu Öndər Heydər Əliyev doğulduğu Naxçıvana qayıtdı və burada xalqın iradəsi ilə Ali Məclisə rəhbərlik etməyə başladı. Məhz Ümummilli Liderin qətiyyəti və fədakarlığı sayəsində insanlar müdrik rəhbərin ətrafında sıx birləşərək onun timsalında xilas yolunu tapdılar. Ulu Öndərin arxalandığı, güvəndiyi xalq da öz xilaskarından dəstəyini əsirgəmədi. 90-cı illərin əvvəlində sabaha olan inamı tamamilə sarsılan Azərbaycan xalqı nicatı yalnız və yalnız Heydər Əliyevdə gördü. Çətin günlər yaşayan xalq uzaqgörənliklə düzgün qərar verdi, dahi şəxsiyyət Heydər Əliyevi yenidən hakimiyyətə qaytardı. Onlar qəti əmin idilər ki, Heydər Əliyev müstəqilliyi, dövlət maraqlarını, xalqın, dövlətin maraqlarını qoruyacaq və xalqın mənafeyi ilə bağlı ən düzgün qərar verəcək.

Ümummilli Lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra səmərəli dövlətçilik konsepsiyası, iqtisadiyyatın dirçəlişi strategiyası və azərbaycançılıq fəlsəfəsinin əsaslarına uyğun olaraq demokratik inkişaf reallaşdı. İnsan hüquq və azadlıqlarının qorunması ilə davamlı demokratik islahatlar kursunun həyata keçirilməsinə başlanıldı. Bütün insan hüquqları, o cümlədən söz, mətbuat azadlığı, şəxsiyyətin toxunulmazlığı təmin edildi. Ölkəmizdə tarixən mövcud olmuş tolerantlıq mühiti daha da möhkəmləndirildi, vətəndaş cəmiyyətinin formalaşdırılması yolunda köklü irəliləyiş əldə olundu. Bütün bunlar Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də qəbul olunmuş Konstitusiyasında təsbit edildi.

Ulu Öndərin rəhbərliyi ilə başlanan islahatlar nəticəsində dövlət idarəçiliyinin bütün sahələri dünya standartlarına uyğunlaşdırıldı. Heydər Əliyevin uzaqgörənliyi ilə mütərəqqi dövlət quruculuğuna start verildi, dövlətçiliyin başlıca prinsipləri formalaşdırıldı, vətəndaşla dövlətin qarşılıqlı mənəvi məsuliyyətinə əsaslanan sosial sabitliyin təməli qoyuldu və dövlət cəmiyyətin bütövlüyünün tam təminatçısına çevrildi.

Ötən əsrin 90-cı illərində ölkəmizin ictimai-siyasi həyatda dərəbəyliyin, özbaşınalığın, qanunsuzluğun hökm sürdüyü bir vaxtda 15 respublikada da mərkəzdən qaçma, öz suverenliyinə qovuşmaq istəkləri qarşısıalınmaz həddə çatmışdı. Belə şəraitdə 1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında Ulu Öndər Heydər Əliyevin tarixi təşəbbüsü ilə Azərbaycanın müstəqilliyinin elan olunması təklifi irəli sürüldü. Bunun nəticəsində həmin sessiyada “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannamə qəbul edildi. Həmin ilin oktyabr ayının 18-də isə Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etdi.

Müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyev sözünə əməl etdi. Dahi şəxsiyyətin təşəbbüsü ilə qəbul olunan tarixi qərarlar müstəqil Azərbaycan dövlətinin bərpasının əsasını qoydu. 1991-ci il 30 avqust tarixindən keçən zaman xalqın düzgün seçiminin haqlı olduğunu sübut etdi.

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri