Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Azərbaycanı Mərkəzi Asiya ilə çoxəsrlik əməkdaşlıq, dostluq, qarşılıqlı fəaliyyət bağları birləşdirir. Bu gün Mərkəzi Asiya və Xəzər regionları, Xəzər və Cənubi Qafqaz regionlarının bir hissəsi olan Azərbaycan enerji resursları, nəqliyyat yolları, ticarət baxımından böyük əhəmiyyət kəsb edir. Burada böyük potensial var. Hesab edirəm ki, bu prizmadan yanaşsaq Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana səfəri özünəməxsus əhəmiyyət kəsb edir.
Beynəlxalq təşkilatlar çərçivəsində də qardaş Qırğız Respublikası ilə Azərbaycan arasında çox uğurlu əməkdaşlıq mövcuddur. Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirak edib. Bu ilin yayında Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi nəzərdə tutulur. İqtisadi-ticari sahədə də ölkələr arasında fəal əməkdaşlıq mövcuddur və ticarət dövriyyəsinin dəfələrlə artmasına dair rəqəmlər səsləndirildi.
Bu gün Azərbaycanın Mərkəzi Asiya dövlətləri, o cümlədən Qırğız Respublikası ilə sıx əməkdaşlığa önəm verməsi çox əhəmiyyətlidir. Çünki burada regional maraqlarla yanaşı, ortaq tarix və mədəni bağlılıq mövcuddur, uzun bir zamandan sonra Azərbaycanı Mərkəzi Asiya respublikaları ilə birləşdirən dəyərlərə yeni çalarlar qatılıb, bu isə Türkçülük ideyası, keçmişimizə və irsimizə sahib çıxmaqdır. Təəssüf ki, əvvəllər, xüsusən Sovet İttifaqı dövründə bunu açıq mümkün deyildir. İndi isə Türk dövlətləri müstəqildir, öz taleyini özləri həll edir və bu arialda nə qədər sıx inteqrasiya edib güc mərkəzinə çevrilsələr, dünya üçün bir o qədər cəlbedici olacaqlar. Bu baxımdan bu gün həm Azərbaycan xalqı, həm də Qırğız xalqının daha da yaxınlaşmasında liderlərin siyasi irədəsinin böyük önəmi var.
Aprelin 24-25-də Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun ölkəmizə rəsmi səfəri əlaqələrin daha da inkişafına öz təsirini göstərəcəkdir. Səfər çərçivəsində ikitərəfli qarşılıqlı fəaliyyət üzrə bir çox məsələləri müzakirə edilib. İnvestisiya sahəsində əməkdaşlığın perspektiv məsələləri – müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub. Həmin gün hər iki dövlət başçılarının tətbətək görüşü, sonra iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib. İclasdan sonra Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub və dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər.
İki ölkə arasında münasibətlərin dünəninə və bugününə qısa baxış bu ümumiləşdirməyə əsas verir ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri, xüsusilə türk dövlətləri, o cümlədən Qırğızıstanla əməkdaşlığının geniş perspektivləri var. Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana yenidən səfəri iki ölkə arasında mövcud olan münasibətlərdə yeni səhifə açacaq, xalqlarımızın tarixi və mənəvi əlaqələrini daha da möhkəmləndirəcək, mövcud potensialdan tam istifadə üçün mühüm addımların atılmasına şərait yaradacaq. İmzalanan sənədlər, Azərbaycan və Qırğızıstan prezidentlərinin mətbuata bəyanatlarında səsləndirilən çağırışlar hər iki tərəfin əlaqələrin yeni istiqamətlər üzrə inkişaf etdirilməsində maraqlı olduğunu təsdiqləyir.
Canpolad Yusifov
YAP Ağstafa rayon təşkilatının sədr müavini