23 Dekabr 2024

Partiyaların qeydiyyatı və reyestr tələbi təsdiqə gedir – etirazlar nə ilə sonlanacaq?

Müxalifət düşünür ki, “Siyasi partiyalar haqqında” yeni qanun yaxın gələcəkdə Azərbaycanda partiyasızlıq böhranı yaradacaq

“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi noyabrın 23-də müzakirə edilib və müzakirələrdən sonra layihənin Milli Məclisin plenar iclasına tövsiyə olunması qərara alınıb.  “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi dövlət qeydiyyatına alınması üçün partiyanın azı 5000 üzvü olması tələbi qoyur. Qanun qüvvəyə minənədək dövlət qeydiyyatına alınmış siyasi partiyalar 180 gün müddətində üzvlərinin sayını 5000 min nəfərə çatdırmalı, üzvlərinin reyestrini hazırlayıb icra hakimiyyəti orqanına (qeydiyyat məsələsinə Ədliyyə Nazirliyi məsuldur) təqdim etməlidir.

AG Partiya sədri Tural Abbaslı qəbul edilmək üzrə olan qanun layihəsinə sərt etiraz etdi: “Əvvəla, onu qeyd edim ki, partiyaları yenidən qeydiyyatdan keçirmə tələbini məqbul hesab etmirəm. Çünki qanunların geriyə təsiri olmamalıdır. Bir çox partiyalar artıq qeydiyyatdan  keçib və uzun illərdir ki, fəaliyyət göstərir. Onları yenidən qeydiyyatdan keçməyə məcbur etmək nə beynəlxalq aləmdə, nə də daxili auditoriyada düzgün qəbul olunacaq. İndi belə çıxır ki, iki ildən bir yeni qanun qəbul olunacaq və onda da partiyalara deyəcəklər ki, gəlin yenidən qeydiyyatdan keçin? Dünyanın heç bir sivil ölkəsində belə qaydalar qəbul olunmur. Eyni zamanda bu reyestr çox önəmli və həssas məsələdir. Orada söhbət heç də saydan getmir, hazırkı Azərbaycanda siyasi durumdan gedir. Həmçinin insanların hakimiyyətə inam məsələsindən də söhbət gedir. Yəni insanlar şəxsi məlumatlarını hakimiyyətə verməyə hazırdırlarmı?

Tural Abbaslı

Təbii ki, hazır deyillər. Çünki insanlar qorxurlar, içərlərində xof var. Bir çoxu işləyir, onlarda işlə, yaxınları ilə bağlı repressiyaya qarşı bir xof var. Onun üçün də bu, problem yaradacaq. Hər bir ildən bir reyestrə siyahılar hazırlayıb təqdim etmək partiyalara əlavə yükdür. Bu, daha çox partiyaları daimi nəzarət altında saxlamaqdan irəli gəlir. Əksinə, yeni qanunda partiyaların öhdəliklərinin artırılmasından daha çox onlara imtiyazların artırılması haqqında düşünülməli idi. Hansı ki, yeni qanunda partiyalara heç bir yeni imtiyazlar nəzərdə tutulmayıb, əksinə, öhdəliklər daha da artırılır. Hesab edirəm ki, bu şəraitdə bir çox partiyalar könüllü şəkildə fəaliyyətlərini dayandıracaqlar və yaxın gələcəkdə Azərbaycanda siyasi böhran yaranacaq, yəni partiyasızlıq böhranı yaşanacaq. Siyasi fiqurların ortaya çıxmasında da böhran müşahidə edəcəyik. Çünki partiyalar olmadan siyasətçilər yetişməyəcək. Təsadüfi insanların siyasətə axını dolayısı ilə dövlətin zəifləməsinə gətirib çıxaracaq”.

Qulamhüseyn Əlibəyli — Vikipediya

Qulamhüseyn Əlibəyli

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli bildirdi ki, hakimiyyət 10 min imza tələbini aşağı endirməsini güzəşt kimi qiymətləndirir: “İlk təkliflərin bəzilərində hər kəsə məlum olan dəyişikliklər edildi. Bunlardan başqa nəsə nəzərdə tutulmayıb. Çox güman ki, yaxın vaxtlarda bu qanun layihəsi olduğu kimi təsdiq ediləcək. Üzvlük məsələsi qeydiyyat üçün əhəmiyyət kəsb etməsə də, partiya üçün əhəmiyyət kəsb edir. Çünki partiya hakimiyyət uğrunda mübarizə aparan bir təşkilatdır. Burada üzvlərin qeydə alınıb-alınmaması problemli məsələdir. 2021-ci ildə Avropa Şurasının Venesiya Komissiyası Ukrayna qanunvericiliyinə edilən dəyişikliklərlə bağlı məsələni müzakirə edərkən reyestr məsələsini insan hüquqlarına, demokratiya dəyərlərinə zidd hesab etmişdi. İldə bir dəfə reyestr məlumatlarının verilməsi siyasi partiyaları daha çox dəftərxana fəaliyyətinə cəlb etməkdir”.

Bu, gerizəkalılığın göstəricisidir" - Elşad Musayev

Elşad Musayev

BAP sədri Elşad Musayev isə daha vacib bir məsələyə diqqət ayırdı. Onun fikrincə, bu qanunla əslində xaricdəki “söyüş müxalifəti”nin başqa qüvvələrin yerini tutmasına şərait yaradılır: “Bu qanun müzakirəyə çıxarılanda orada mürtəce xarakterli hissələr var idi və biz buna etirazımızı bildirmişik. Sonradan bu yeni qanun layihəsində xeyli yüngülləşmə getdi. Amma orada əsas problemə çevrilən reyestr məsələsi qalıb. Bu tələbə cavab vermək kiminsə telefon nömrəsini yazıb verməkdir. İndi üzvlər telefon nömrəsini verməsələr, qeydiyyat ləğv olunacaq? Nəyə görə bu qədər gərginlik yaradılır? Bu qanun layihəsini yazanlar aydın olur ki, indiyə qədər heç bir siyasi təşkilatda təmsil olunmayıblar. Dinləmələrdə 7-8 partiya bu qanunsuzluğa sərt etirazını bildirdi. Qalanlarının isə mövqeləri məlumdur. 40-a yaxın partiya rəhbəri müzakirələrdə iştirak etdi. Əmin edirəm ki, əksəriyyəti siyasi partiyanın nə olduğunu, dövrün tələblərini bilmirdi. Bir daha buradan bəyan edirəm ki, nə qədər siyasi partiyalar sıxışdırılacaq, onların yerini Avropadakı “söyüş müxalifəti” tutacaq. Söyüş söyənlər unutmasınlar ki, birbaşa ölkə rəhbərliyini hədəf götürürlər. Siyasi partiyaların sayını azaltmaq üçün mürtəce xarakterli qaydaları ora salmağa gərək yoxdur. Zatən normal seçkilərdən sonra siyasi qurumlar ələnir. Qeydiyyat üçün Ermənistanda 800, Gürcüstanda 300 nəfər tələb olunur. Niyə indi bizdə 5 min olmalıdır? Yaxşı nümunə başqa yerlərdən götürə bilmərik? Dediyim kimi, normal insanları siyasi fəaliyyətdən uzaqlaşdıranda, onların yerini “söyüş müxalifəti” tutacaq. Parlamentdə təmsil olunan partiyalardan daha pozitiv təklifi BAXCP sədri Qüdrət Həsənquliyev verdi. Hətta YAP Mərkəzi Aparatının rəhbəri Tahir Budaqovun təklifi mürtəce qanuna dəstək verən 40-a yaxın partiya sədrindən daha fərqli, pozitiv idi. Açığı deyim ki, bir çox partiyalar var ki, onların sıradan çıxması məni qətiyyən narahat etmir”.   

Fuad Əliyev: Həbslər davam olunacaq

 Fuad Əliyev

ALDP rəhbəri Fuad Əliyev əvvəlki üç partiya sədrindən fərqli olaraq bu məsələdə nikbin görünür: “Yeni redaksiyada təqdim olunan qanun layihəsində hələ də mübahisəli və müzakirəyə ehtiyacı olan məsələlər qalır. İctimai müzakirələr davam edir və çox güman ki, təklif olunan və mübahisə doğuran məsələlər öz həllini tapacaq. Hesab edirəm ki, yeni redaktədə üzv sayının 4500-dən aşağı olmasını əsas götürüb qeydiyyatın ləğvi ilə bağlı məhkəməyə müraciət etmək düzgün deyil. Üzvlərin sayı partiyanın fəaliyyətinə təsir etməməlidir. Üzvlərin sayı qeydiyyat üçün lazımdırsa, göstərildiyindən 500 nəfər az olması onun fəaliyyətinə heç bir əks təsirini göstərə bilməz. Hesab edirəm ki, “bir üzvün partiyaya ödədiyi üzvlük haqqı minimum əməkhaqqının 35 mislindən artıq ola bilməz” iddiası da sual yaradır. Hər bir partiyanın üzvlük haqqı ilə bağlı məsələ nizamnaməsində yazılıb. Məsələn, ALDP-də ən aşağı üzvlük haqqı 1 manatdır. Amma üzvlük haqqı kimi 50, 10, 5 manat ödəyənlər olur. Əgər partiya üzvü üzvlük haqqı kimi hansısa məbləği ödəmək istəyirsə, ona qadağalar qoymaq, bunu çərçivəyə salmaq nəyə lazımdır. Düşünürəm ki, bu da qəbulolunmayan məsələdir. Partiyanın üzvü istəyir ayda 1000 manat üzvlük haqqı versin. Fikrimcə, ianələrlə bağlı da məsələ düzgün deyil. Tutaq ki, biznes adamları partiyaya 1 milyon manat ianə etmək istəyirsə, niyə etməsin ki? Əslində bu, partiyaların fəaliyyətinin daha geniş şəkildə inkişaf etməsinə təkan verə bilər. Bu təcrübə Qərbdə, ABŞ-da keçirilən  seçkilərdə dəfələrlə sınanıb. ABŞ-da Baydenin son seçkilərində gənc biznes adamı onun kampaniyasına 400 milyon pul xərcləyib. İanələrin çərçivəyə salınıb, məbləğin “10 mindən yuxarı olmamalıdır”, yaxud “üzvlük haqqı əmək haqqının 35 mislindən yuxarı olmamalıdır” təklifləri ilə razı deyiləm. Bütün hallarda bu bir təklifdir, müzakirələr gedir və siyasi partiyaların inkişafına maneə yarada biləcək təkliflərin qəbul olunmayacağına ümid edirəm. Göründüyü kimi, bundan qabaq “iki seçkidə iştirak etməyən partiyaların qeydiyyatının ləğv olunması” təklifi artıq son redaksiyada öz yerini tapmadı. Deməli, müzakirələr olmalıdır və müxalifət partiyaları bu müzakirələrdə aktiv iştirak etməlidir”.

Cavanşir ABBASLI