20 Aprel 2024

İran Azərbaycanla bağlı öz siyasətində dəyişiklik etməlidir

Son dövrlər İranın Azərbaycana qarşı qərəzli münasibəti, ölkəmizə qarşı təhdidləri və İslamın düşməni olan Ermənistanla münasibətlərini daha da sıxlaşdırması ciddi suallar doğurur. 30 il müddətində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyib, digər yandan təcavüzkar Ermənistana dəstək verməsi buna sübutdur.

İran İslamın düşməni olan Ermənistanla sıx münasibət qurmaqla öz simasını göstərir. Məlumdur ki, Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında olduğu 30 il ərzində bu ərazilərdə bütün infrastruktur, mədəniyyət, dini obyektlər, vətəndaşlara və dövlətə məxsus mülklər dağıdılıb, təbii sərvətə ölçüyəgəlməz zərər vurulub. İşğal altında olmuş ərazilərimizdəki məscidlərdə ermənilər donuz saxlayıblar. Amma İranın rəsmi şəxsləri heç vaxt Ermənistanı buna görə ittiham etməyiblər.

Yürütdüyü yanlış siyasətin ifşa edilməsindən təşvişə düşən İran molla rejimi öz səhvlərindən diqqəti yayındırmaq üçün qonşuları ilə münasibətləri gərginləşdirir, ölkə daxilində baş verən ixtişaşların, siyasi gərginliyin, ağır sosial-iqtisadi problemlərin səbəbini kənarda axtarır. Əsəbi davranışları açıq-aşkar müşahidə olunan İran molla rejimi hələ də ölkədə insanların sosial-siyasi azadlıq üçün mübarizə apardıqlarını görməzdən gəlir. İstər öz vətəndaşlarına, istərsə də qonşu dövlətlərə qarşı riyakarlıqları ifşa edildikcə molla rejimi daha böyük səhflərə addım atır.

İrana da aydındır ki, artıq Azərbaycan yalnız regionda deyil, eyni zamanda, beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir göstərmək gücündədir. Ona görə də bu gün dünyanı narahat edən və həyati əhəmiyyətli bir sıra problemlərdə aparıcı dövlətlərin başçıları və beynəlxalq qurumların rəhbərləri Azərbaycan rəhbərinin mövqeyi ilə hesablaşır və onun fikirlərini yüksək qiymətləndirirlər.

İlham Sofuyev

Ağstafa rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru