22 Dekabr 2024

Ölkəmizin NATO ilə tərəfdaşlığı müsbət olmuşdur

NATO-nun Baş katibi Yens Stoltenberq Cənubi Qafqaza səfərini Azərbaycandan başlayıb. NATO-nun Baş katibi Yens Stoltenberqin Bakıya ziyarəti Qərblə Azərbaycan münasibətlərinin inkişaf etdiyinin göstəricisi sayıla bilər. Bəziləri bu səfərə qısqanclıqla yanaşa, yaxud bunu qeyri-adi saya bilər. Ancaq tərəflər arasında əlaqə 32 il ərzində həmişə olub.

Azərbaycan-NATO əlaqələrinin 15 illiyinə həsr olunmuş poçt markası da buraxılıb. 1994-cü il mayın 4-də NATO ilə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün Sülh Naminə Tərəfdaşlıq Çərçivə Sənədi imzalanıb. Azərbaycan NATO əməliyyatlarının müdafiə planlamasına daha sıx cəlb olunmaq üçün SNT Planlaşdırma və Baxış Prosesinə qoşulub.

Azərbaycan Prezidentinin fərmanı ilə NATO ilə Əməkdaşlıq üzrə Xüsusi Komissiya yaradılıb. Azərbaycan hərbçiləri Şimali Atlantik Alyansının sülhməramlı kontingenti tərkibində Əfqanıstan, Kosovo, İraqda xidmət edib. Onu da vurğulamaq lazımdır ki, NATO-ya üzv dövlətlər müxtəlif sammitlərdə ölkəmizin ərazi bütövlüyünü dəstəkləyiblər.

Prezident İlham Əliyevlə Yens Stoltenberqin görüş zamanı Ermənistanla sülh sazişinin bağlanması diqqət mərkəzində olub. Dövlət başçısı Ermənistanla bu istiqamətdə 7 dəfə görüş keçirildiyini vurğulayıb. O, Azərbaycanın sülhməramlı addımlar atdığını qonağın diqqətinə bir daha çatdırıb. Yens Stoltenberq də sülh cəhdlərinin alqışladıqlarını qeyd edib: “Tərəfdaşlığımız təkcə siyasi dialoqa yox, o cümlədən əyani əməkdaşlığa söykənir və biz bunu alqışlayırıq.

Prezident İlham Əliyev Avropanın enerji təhlükəsizliyində ölkəmizin oynadığı rolu da Baş katiblə müzakirə edib. Brüsseldəki son görüşlərindən sonra qaz təchizatı baxımından NATO-ya üzv daha 2 dövlətin Azərbaycanın tərəfdaşı olduğunu vurğulayıb: “Bu gün Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onların 6-sı NATO-ya üzv, digər ikisi isə tərəfdaş ölkədir”.

Canpolad Yusifov

YAP Ağstafa rayon təşkilatının sədr müavini