27 Dekabr 2024

Laçınla biz bütöv Azərbaycana qovuşduq

01 dekabr 2020-ci il tarixdə erməni işğalı altında olan son rayonumuz- Laçın Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının 10 noyabr tarixində imzaladığı Birgə Bəyanata uyğun olaraq, dinc yolla öz əsl sahibinə qaytarıldı. Qürur hissi ilə demək lazımdır ki, iyirmi səkkiz illik erməni işğalından azad olunan Laçın rayonunda yenidən üçrəngli şanlı Azərbaycan Bayrağı dalğalanır. Azərbaycanın ən böyük rayonlarından biri olan Laçının şəhid verilmədən erməni işğalından azad edilməsi ölkəmizin ictimai-siyasi həyatında möhtəşəm tarixi hadisəyə çevrildi.

Laçın 1992-ci il mayın 18-də Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistan istiqamətindən hücuma keçən düşmən tərəfindən işğal edilib. Erməni işğalçıları rayonun yüzlərlə mədəni-məişət obyektini, onlarla qəsəbə, kənd və tarixi abidələrini dağıdaraq talan ediblər. Ermənilər qanunsuz olaraq Laçında məskunlaşmaqla rayonun sərvətlərini mənimsəyirdilər və elə düşünürdülər ki, daimi olaraq orada qalacaqlar. Lakin cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və müzəffər Azərbaycan ordusunun döyüş meydanında əldə etdiyi parlaq qələbələr düşməni 10 noyabr kapitulyasiya bəyanatına əsasən Laçından çıxmağa vadar etdi.

Laçın tarixi keçmişi zəngin olan bir ərazidir. Laçın abidələri Xocavənd rayonundakı Azıx, Cəbrayıl rayonundakı Tağlar mağaraları ilə müqayisə edilə biləcək dəyərli və nadir abidələrdəndir. Səthi dağlıq olan Laçının ən hündür nöqtəsi Qızılboğaz dağı, çayları isə Həkəri və onun qollarıdır.

Tarixi şəxsiyyətlərin ana vətəni olan Laçın Sarı Aşıq, Qara Murtuza bəy, ilk müdafiə naziri Qarabağ qubernatoru Xosrov bəy Soltanov, darülmüəllimlərin ilk təşkilatçısı və müdiri Müseyib İlqarovu və digər ziyalıları yetişdirmişdir.

Laçın dəhlizi üzərində Azərbaycanın suverən hüquqları tam mənası ilə qüvvədədir və kimsəyə təslim edilməmişdir. Dəhlizdə hər iki istiqamətlə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin daşınması rəsmi Bakının təhlükəsizlik zəmanəti altındadır. Məhz həmin dəhliz qərb rayonlarımız və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat təhlükəsizliyinə verilən zəmanətə adekvatdır. Dəhliz Azərbaycan və Türkiyəni quru yolla birləşdirir ki, bu da vətən müharibəsində iki qat qələbənin nəticəsidir.

Laçın torpağının alınması bizim üçün çox önəmlidir. Çünki Laçınla biz bütöv Azərbaycana qovuşduq. Bütöv Qarabağa qovuşduq.Laçın Azərbaycanın tamlığı və bütövlüyünün yekun mərhələsi oldu.

Səbinə İsgəndərli

Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı