29 Mart 2024

Dövlət qurumlarının fəaliyyətində informasiya açıqlığına dair monitorinqin nəticələri açıqlanıb

İctimai yükü olan informasiyaların açıqlığı və əlçatanlığı hökumətin açıqlığı üçün ən mühüm şərtlərdən biridir. İctimai informasiyalar qanunvericiliklə müəyyənləşdirilən ictimai vəzifələrin yerinə yetirilməsi prosesində yaradılan və ya əldə edilən faktlar, rəylər, bilgilərdir. İnformasiyaların açıqlığı olmadan vətəndaş cəmiyyətinin hökumətin fəaliyyəti üzərində fəal ictimai nəzarəti təmin etməsi də mümkünsüzdür. “Dövlət sirri haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən, dövlətin hərbi, xarici-siyasi, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı olan, dövlət tərəfindən mühafizə edilən və yayılması ölkənin təhlükəsizliyinə ziyan vura bilən məlumatlar dövlət sirri hesab olunur və bu informasiyalar istisna olmaqla dövlət idarəetməsindəki bütün məlumatların açıqlığına təminat verilir. Fəaliyyət Planında informasiya açıqlığı ilə bağlı nəzərdə tutulan müddəalar bilavasitə ölkə qanunvericiliyində informasiyaların əlçatanlığına dair hüqüqi mexanizmlərə əsaslanır. Belə ki, ölkə Konstitusiyasının 50-ci maddısinə görə, hər kəsin qanuni yolla istədiyi məlumatı axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı var. “Məlumat azadlığı haqqında” Qanunun 5-ci maddəsinə görə, məlumatın açıqlığı və onun mübadilə edilməsinin azadlığı informasiya azadlığının həyata keçirilməsinin əsas prinsiplərindən biridir. “İnformasiya əldə etmək haqqında” Qanunun 6-cı maddəsinə əsasən, informasiyanı açıqlamaq dövlət orqanlarının əsas vəzifəsidir, informasiyanın maksimum açıqlığı təmin olunmalıdır, informasiya əldə etmək hüququnun pozulmasına görə informasiya sahibləri məsuliyyət daşıyırlar.

Hazırda sosial proseslərin və buna uyğun olaraq dövlət idarəetməsinin mürəkkəbləşməsi qərarların qəbulu zamanı fərdlərin, özəl sektorun və ictimai maraqların optimal tarazlığına nail olmaq, bununla da daha çox səmərə əldə etməklə bağlı çağırışlar yaradıb.

Aparılan araşdırma və tədqiqatlar aydın şəkildə göstərir ki, ictimai əhəmiyyətli qərarların qəbulu zamanı yalnız dövlət mütəxəssislərinin iştirakı yetərli deyil, həmçinin sırf onların təcrübəsini və bilgilərini, yanaşmasını əsas götürmək bir çox hallarda neqativ nəticələrə səbəb olur.

İnformasiya açıqlığını yaratmaqla dövlət vətəndaşların bilgili olmasını təmin edir, daha çox məlumat almaq imkanı olanda isə vətəndaş iştirakçılığı geniş vüsət alır.  Geniş vətəndaş iştirakçılığı isə hakimiyyət və dövlət orqanlarının daha yaxşı işləməsini, cəmiyyətlə effektiv əks-əlaqəni təmin edir, yanlışların zamanında aşkarlanmasına, aradan qaldırılmasına yardım göstərir. Dövlət tərəfindən elə mexanizmlər yaradılır ki, vətəndaşlar dövlət orqanlarının fəaliyyətində nəinki səhvləri aşkarlaya bilsinlər, eyni zamanda onların həllində, optimal qərarların qəbulunda iştirak edə bilsinlər. Bununla dövlət etimad mühiti yaradır.

Vətəndaşlar, ictimaiyyət, QHT-lər fəal mövqe tutmaqla bu dövlət orqanlarının səmərli işləməsinə töhvə verir, səhvlərin zamanında aradan qaldırılmasına kömək edə bilirlər. Bu baxımdan vətəndaşlarımız informasiya açıqlığının hansı səviyyədə praktik fayda verə biləcəyinin əhəmiyyətini başa düşməlidirlər. Çünki, bu onlara qərarların qəbuluna təsir göstərmək və yaxud dövlət orqanlarının daha hesabatlı olmasına nail olmağa imkan verir. Onu da bilməliyik ki, informasiya açıqlığı olmadan ictimai nəzarət mümkün deyil.

Bu baxımdan vətəndaşlar informasiya açıqlığı məsələlərinə diqqətlə yanaşmalıdırlar. Bütün sahələrdə olduğu kimi məlumat azadlığı və ictimai informasiyanın əldə edilməsi ilə bağlı məsələlərə prinsipial yanaşmanı müəyyən edən baza sənədi Azərbaycan Respublikasının Konstitusiyasıdır. Məlumat azadlığı Konstitusiyamızda təsbit olunmuş əsas insan hüquq və azadlıqlarından biri hesab olunur. Konstitusiyanın “Məlumat azadlığı” adlı 50-ci maddəsinin 1-ci bəndinə əsasən:  hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır.

İnfornasiya sahibinin açıqlamalı olduğu informasiyalar “İnformasiya əldə etmək haqqında” Qanunun 29-cu maddəsinə əsasən, informasiya sahibi cəmiyyətin maraqlarını daha asan və daha operativ şəkildə təmin etmək, çoxsaylı informasiya sorğularını azaltmaq məqsədi ilə malik olduğu, ictimai vəzifələrin yerinə yetirilməsi nəticəsində yaradılmış yaxud əldə olunmuş aşağıdakı informasiyaları açıqlamalıdır:

  1. ümumiləşdirilmiş statistik məlumatlar, o cümlədən cinayətlərin və inzibati xətaların ümumiləşdirilmiş statistikası;
  2. büdcə proqnozları;
  3. dövlət orqanlarının struktur bölmələri haqqında əsasnamələr;
  4. dövlət orqanlarının və bələdiyyələrin fəaliyyətləri ilə bağlı hazırlanmış təlimatlar;
  5. dövlət orqanlarının və bələdiyyələrin ştat cədvəlləri, həmin idarələrdə çalışan vəzifəli şəxslərin adları, soyadları, telefon nömrələri, elektron poçt ünvanları, həmçinin onların təhsili və ixtisasları barədə məlumatlar;
  6. dövlət orqanlarının və bələdiyyələrin fəaliyyəti barədə hesabatlar;
  7. ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslərin (o cümlədən publik hüquqi şəxslərin) rəhbər orqanlarında çalışanların adları və soyadları, elektron poçt ünvanları;
  8. dövlət və bələdiyyə satınalmalarının şərtləri, nəticəsi, eləcə də dövlət və bələdiyyə əmlakının satılması, onun üzərində əmlak hüquqlarının dəyişməsi barədə məlumatlar;
  9. dövlət orqanları, bələdiyyələr və ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslərin (o cümlədən publik hüquqi şəxslərin) aldıqları kreditlər, qrantlar onların şərtləri və istifadəsi haqqında məlumatlar;
  10. normativ hüquqi aktların layihələri razılaşdırmaya və ya təsdiq olunmağa göndərildiyi andan;
  11. normativ hüquqi aktlar qüvvəyə mindiyi gündən;
  12. ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslərin (o cümlədən publik hüquqi şəxslərin) fəaliyyətinə dair hesabatlar, onların gəlirləri və xərcləri barədə məlumatlar;
  13. dövlət büdcəsinin və icmal büdcənin icrası barədə hesabatlar;
  14. ətraf mühitin vəziyyətinə, ətraf mühitə ziyan vurulmasına, təhlükəli ekoloji təsirlərə və ətraf mühitə təsirin qiymətləndirilməsinə dair məlumatlar;
  15. dövlət orqanlarının və bələdiyyələrin əmr, sərəncam və qərarları – əmr, sərəncam və qərarlar qüvvəyə mindiyi gündən;
  16. dövlətin ictimai əhəmiyyətli konsepsiyalarının, inkişaf planlarının və proqramlarının layihələri təsdiq olunmağa təqdim edilənədək;
  17. dövlət orqanlarının və bələdiyyələrin vakansiyaları haqqında məlumatlar;
  18. dövlət orqanlarının və bələdiyyələrin mal və xidmətlərinə dair məlumatlar;
  19. dövlət orqanları və bələdiyyələr tərəfindən təsis edilmiş və ya onların iştirakı ilə fəaliyyət göstərən özəl hüquqi şəxslərə dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə dair məlumatlar;
  20. kütləvi tədbirlərin proqramları;
  21. dövlət orqanlarının və bələdiyyələrin göstərdikləri xidmətlə bağlı dəyişikliklərə dair məlumatlar – bu dəyişikliyin edilməsinə ən geci on gün qalanadək;
  22. dövlət və bələdiyyə orqanları rəhbərlərinin qəbul saatları barədə məlumatlar;
  23. dövlət və bələdiyyə müəssisələrində qüvvədə olan əmək haqqı dərəcələri, əməyin ödənilməsinə dair təlimatlar, habelə əlavə haqların ödənilməsi qaydaları və xüsusi güzəştlər barədə məlumatlar;
  24. ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslərin (o cümlədən publik hüquqi şəxslərin), həmçinin, normativ hüquqi aktlarla və ya müqavilə əsasında təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə xidmət göstərən özəl hüquqi və fiziki şəxslərin bu funksiyaların yerinə yetirilməsi ilə bağlı malik olduqları informasiyalar;
  25. əmtəə bazarında hökmran mövqe tutan, xüsusi və ya müstəsna hüquqa və yaxud təbii inhisara malik olan hüquqi şəxslər malların və xidmətlərin təklif edilməsi şərtlərinə və onların qiymətlərinə, həmin şərtlərdə və qiymətlərdə dəyişikliklərə aid informasiyalar – şərtlərin təklif edilməsinə və ya həmin şərtlərdə və qiymətlərdə dəyişiklik edilməsinə azı 30 gün qalmış;
  26. tamamilə və ya qismən dövlət mülkiyyətində, yaxud asılılığında olan qeyri-kommersiya təşkilatlarına, büdcədənkənar fondlara, həmçinin dövlətin üzv olduğu və ya iştirak etdiyi kommersiya birliklərinə dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid informasiyalar;
  27. əhaliyə göstərilən ictimai xidmətlər haqqında, habelə xidmət göstərilməsi zamanı onların qiymətlərində edilən dəyişikliklər barədə məlumatlar – bu dəyişikliklər edilənədək;
  28. məhkəmə aktları;
  29. qanunla nəzərdə tutulduğu həddə dövlət reyestrləri haqqında məlumatlar;
  30. informasiya sahiblərinin reyestri;
  31. ictimai rəy sorğusunun nəticələri;
  32. informasiya sahibinin mülkiyyəti və mülkiyyət öhdəliyi haqqında məlumatlar;
  33. dövlət sirri təşkil edən məlumatların siyahısı;
  34. açıqlanması xüsusi qanunla, beynəlxalq müqavilələrlə və ya onların əsasında qəbul edilən normativ aktlarla müəyyənləşdirilən informasiyalar, yaxud informasiya sahibinin açıqlanmasını zəruri saydığı digər məlumatlar.

Yuxarıda qeyd edilən 34 qrup informasiyalar informasiya sahibləri tərəfindən heç bir müraciət olmadan açıqlanmalıdır! By informasiyalar informasiya sorğusunun predmeti ola bilməz! Qanunun 30-cu maddəsinə əsasən yuxarıda sadalanan ictimai informasiyalar internet informasiya ehtiyatlarında açıqlanmalıdır.

Bundan başqa Azərbaycan  Respublikası  Nazirlər Kabinetinin  2015-ci il 25 fevral tarixli 50 nömrəli qərarı “Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları” təsdiq edilmişdir. Çağrı Mərkəzi – müasir informasiya texnologiyalarından istifadə edilməklə orqanın səlahiyyətlərinə aid müraciətlərin qəbul olunduğu və cavablandırıldığı, məlumatların çatdırıldığı strategiyadan, prosedur qaydalarından, infrastrukturdan və işçi qüvvəsindən ibarət sistemdir.

“Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları”nın 2.3-cü maddəsinə əsasən  Çağrı Mərkəzi təmsil etdiyi dövlət orqanının səlahiyyətlərinə aid olan şikayət (ərizə, təklif, məlumat) xarakterli müraciətlər daxil olduqda onları qeydiyyata almaqla araşdırılaraq cavablandırılması üçün həmin orqanın aidiyyəti struktur vahidinə göndərir. Şikayətlərə baxılmasına görə aidiyyəti struktur vahidinin rəhbəri cavabdehlik daşıyır və o, şikayətə baxılmasının nəticəsi barədə müraciət edən şəxsə və Çağrı Mərkəzinə məlumat təqdim etməlidir.

Vətəndaşlar özləri müxətlif dövlət orqanları, publik hüquqi şəxslər, dövlət şirkətləri, ictimai funksiyaları yerinə yetirən şirkətlərin saytlarından istiafə edərkən, yaxud açıqlanmalı olan hər hansı məlumatlar  axtararkən bu cür informasiyaların rəsmi saytlarda yerləşdirilib-yerləşdirilməməsinə diqqət etməlidirlər. Əgər bu cür məlumatlar yoxdursa, yaxud tam şəkildə deyilsə, bu barədə müvafiq dövlət orqanına yazılı müraciət edə bilərlər.

Monitorinq 2022-ci il sentyabr-oktyabr-noyabr aylarında əvvəlcədən tərtib olunmuş monitorinq metodologiyası əsasında dövlət qurumlarının saytlarının müşahidəsi və analizi əsasında aparılmışdır. Aşağıda adları qeyd olunan saytlar müəyyənləşdirilərək monitorinqə cəlb edilmişdir:

  1. Azərbaycan Respublikasının Prezidenti
  2. Azərbaycan Respublikasının Milli Məclisi
  3. Azərbaycan Respublikasının Nazirlər Kabineti
  4. Nazirliklər
  5. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
  6. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi
  7. Azərbaycan Respublikasının Energetika Nazirliyi
  8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
  9. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
  10. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi
  11. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
  12. İqtisadiyyat Nazirliyi
  13. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti
  14. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti
  15. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti
  16. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi
  17. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi
  18. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
  19. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi
  20. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi
  21. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
  22. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi
  23. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi
  24. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi
  25. Dövlət komitələri
  26. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
  27. Diasporla İş üzrə Dövlət Komitəsi
  28. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi
  29. Dövlət Gömrük Komitəsi
  30. Dövlət Statistika Komitəsi
  31. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi
  32. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi
  33. Dövlət şirkətləri və dövlət xidmətləri
  34. Dövlət Miqrasiya Xidməti
  35. Dövlət Neft Şirkəti
  36. Dövlət Sığorta Kommersiya Şirkəti
  37. Dövlət Sərhəd Xidməti
  38. Dövlət Təhlükəsizliyi Xidməti
  39. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti
  40. İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman)
  41. İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman)
  42. Səhmdar cəmiyyətləri
  43. “Aqrarkredit” QSC Bank Olmayan Kredit Təşkilatı
  44. “AzerGold” QSC
  45. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC
  46. “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC
  47. “Azərenerji” ASC
  48. “Azərxalça” ASC
  49. “Azəristiliktəchizat” ASC
  50. “Azərişıq” ASC
  51. Fondlar
  52. Heydər Əliyev Fondu
  53. Azərbaycan Respublikasının Dövlət Neft Fondu
  54. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu
  55. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu
  56. İdarə və agentliklər
  57. Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyi
  58. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi
  59. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi
  60. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi
  61. Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik
  62. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
  63. Azərbaycan Respublikası Audiovizual Şurası
  64. Komissiyalar
  65. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası
  66. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası
  67. Publik hüquqi şəxslər
  68. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
  69. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC)
  70. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi
  71. Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi
  72. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi
  73. Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi
  74. Dənizkənarı Bulvar İdarəsi
  75. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
  76. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
  77. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
  78. Nəqliyyat təşkilatları
  79. “Azərbaycan Dəmir Yolları” QSC
  80. “Azərbaycan Hava Yolları” QSC
  81. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC
  82. “Bakı Beynəlxalq Dəniz Limanı” QSC
  83. “Bakı Metropoliteni” QSC
  84. Bakı Nəqliyyat Agentliyi

Monitorinq nəticəsində məlum olub ki:

  • monitorinq obyekti kimi seçilmiş dövlət qurumlarının hər birinin nəzdində ictimai şuraların yaradılması təmin olunub;
  • İctimai Şuraların fəaliyyətinin əks etdirən KİV materialları, hesabatlar, ictimai tədbirlərin keçirildiyini təsdiqləyən informasiya mənbələri yoxdur;
  • internet resurslarından istifadə sayəsində dövlət idarəetməsində ictimai iştirakçılığın təmin edilməsi sahəsində vətəndaşların idarəetmə prosesinə cəlb olunması, ictimai qərarların qəbulunda onların rəyinin nəzərə alınması məqsədilə dövlət qurumlarının özlərinin internet saytlarından istifadədə effektiv nəticələr əldə olunub;
  • dövlət qurumlarının saytlarında vətəndaşların təklif və rəylərinin qəbul edilməsi üçün elektron ünvanlar yerləşdirilib. Bundan əlavə həmin saytların hamısında “Elektron müraciət” bölməsi yaradılıb. Vətəndaşlar bu bolməyə daxil ola, ad və soyadını, cinsini, sosial statusunu əlaqə vasitələrini qeyd etdikdən sonra isə “təklif”, “şikayət”, “ərizə” linklərindən birini seçə bilər. Bunun ardınca ekranda açılan geniş səhifədə öz qeydlərini yazmaqla “Göndər” düyməsi vasitəsilə ünvana yönəldilə bilər.
  • Monitorinqə cəlb olunan dövlət qurumlarının heç birinin saytında müzakirələrin təşkil edilməsi və interaktiv sual-cavab üçün xüsusi bölmə yaradılmayıb. Yəni, hazırkı saytlarda vətəndaşlara bu orqanlarla onlayn əlaqə imkanı yaradılmayıb, interaktiv əlaqə faktiki olaraq birtərəflidir;
  • dövlət orqanları tərəfindən “açıq qapı” vətəndaş forumlarının keçirilməsi sakinlərin və yaşayış məntəqələrinin problelərini öyrənmək, həmin problemlərin həllilə bağlı insanların rəylərini nəzərə almaq məqsədilə “açıq qapı” vətəndaş forumları qismət təşkil edilir;
  • monitorinq çərçivəsində aydın olub ki, monitorinq aparılan dövlət qurumlarında informasiya məsələləri üzrə məsul şəxslər təyin olunub;
  • monitorinq prosesində dövlət qurumlarının öz faliyyətləri haqqında ictimiyyətin müntəzəm məlumatlandırılması üçün mətbuat konfransları keçirmələri, pres-relizlərin yayılması təcrübəsinə rast gəlinmişdir. Amma bu yetərli şəkildə və ətraflı olmamışdır. Çünki bu informasiyalar demək olar ki, ictimaiyyətin informasiya təlabatını ödəmir.
  • dövlət əmlakından istifadənin vəziyyəti, dövlət satınalınmalarına dair informasiyalar rəsmi internet saytlarında çap olunub.
  • dövlət şirkət və müəssisələrinin əhalidən topladığı kommunal xidmət haqlarının həcmi və onların istifadə vəziyyəti, təhsil və səhiyyənin real vəziyyətini əks etdirən kəmiyyət və keyfiyyət göstəriciləri kimi vacib məlumatlar haqqında əhaliyə ətraflı məlumatlar verilmir.
  • yalnız dövlət qurumlarının icazə verdiyi, insanlar üçün əhəmiyyət daşımayan, rəqəmlərdən və iqtisadi göstəricilərdən deyil, söz yığınından ibarət olan məlumatlar daha çox yayılır;
  • dövlət orqanlarının öz fəaliyyətinə dair illik məruzələr tərtib etməsi ilə bağlı faktlar mövcud olsa da, bunu bütün dövlət qurumlarının hamısı haqqında demək mümkün deyil.
  • Bir sıra dövlət orqanları əsas ictimai nəzarət institutları kimi QHT və medianın rolunu əsas hesab etmədiyinə görə həmin qurumlar öz fəaliyyətləri barədə müntəzəm mətbuat konfransları, brifinqlər, vətəndaş cəmiyyəti üçün açıq müzakirə görüşlər keçirməyə lüzum görmür.
  • sıravi vətəndaşlar üçün hüquqi terminlərlə zəngin qanunları və digər normativ-hüquqi aktları oxuyub anlamaq heç də həmişə asan olmur. Bu səbəbdən dövlət qurumlarının fəaliyyəti ilə bağlı normativ-hüquqi sənədlərin xüsusi bələdçilər formatında, izahedici şəkildə çap olunaraq əhali arasında yayılması nəzərdə tutulmuşdu. Lakin monitorinqin nəticələri göstərir ki, araşdırmanın aparlıdığı heç bir qurumda bu təcrübədən hərtərəfli şəkildə istifadə olunmayıb.

Aparılan monitorinq nəticəsində konkret misallarla bəzi dövlət qurumlarının fəaliyyəti ilə bağlı aşağıdakıları qeyd etmək olar. Onu d qeyd edək ki, belə hallar az və yaxud çox dərəcədə digərlərinə də aid olmuşdur. Belə ki,  “Azəriqaz” İstehsalat Birliyi “Açıq mikrofon” aksiyası keçirməklə vətəndaşların müraciətlərinini çatdırmaq və təmasları intensivləşdirmək niyyətində olduğunu bildirir.

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi hər ilin sonunda dövlət büdcəsindən ayrılmış və xərclənmiş vəsait barədə öz saytında məlumat dərc edir. Lakin qeyd olunduğu kimi sadə vətəndaşlar tərəfindən anlaşılması çətinlik yaradır.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “Açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı”nın Dövlət Agentliyində icrası ilə əlaqədar sonuncu dəfə öz saytında 2017-ci ilin yekunlarına dair hesabat dərc etdirmişdir.

Azərbaycan Respublikasının Energetika Nazirliyi Dövlət büdcəsindən ayrılmış və xərclənmiş vəsait barədə məlumatları öz saytında dərc edir. Sonuncu belə hesabat 2020-ci ildə açıqlanmışdır.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) Beynəlxalq əməkdaşlıq şöbəsi     tərəfindən 2020-ci il ərzində görülmüş işlər barədə hesabat açıqlanmışdır. Hesabat kifayət qədər əhatəli tərtib edilmişdir. Lakin Əmlak Məsələləri Dövlət Xidmətinin özünün fəaliyyəti ilə bağlı hesabata və maliyyə xərcləri haqqında məlumatlara rast gəlinmir.

“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanunu ilə informasiya sahibi hesab olunan 84 dövlət qurumunun internet saytlarının monitorinqi əsasında informasiya açıqlığının səviyyəsi müəyyənləşdirilmişdir.

Monitorinqin məqsədi dövlət qurumlarının internet vasitəsilə informasiyalar yaymaq vəzifəsini necə icra etməsinin gerçək durumunu öyrənmək, problemləri müəyyənləşdirib hökümətin informasiya azadlığı istiqamətində səylərinə yardım edə biləcək tövsiyələr hazırlamaq və medianı, vətəndaşları məlumat əldə etmək hüquqlarından davamlı yararlanmağa həvəsləndirməkdir.

Monitorinqi  aparılan qurumlarda  ən çox açıqlanan  informasiyalar da müəyyənləşdirilmişdir ki, bunlar aşağıdakılardır:

  1. Dövlət qurumu ilə bağlı informasiya –  qurumun tarixi, rəhbərlik,  qanunverici baza, hakimiyyət qolunda yeri, səlahiyyət çərçivəsi.
  2. Əlaqə, ünvan (telefon, faks, elektron poçt ünvanları, poçt ünvanı).
  3. Dövlət qurumu ilə, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə və rəhbər və onun müavinlərinin bioqrafiyası.
  4. Dövlət qurumunun alt bölmələri və regional qolları, ünvanları və səlahiyyət çərçivələri.
  5. Dövlət qurumuna aid informasiyalar, mətbuat üçün açıqlamalar və cari informasiyalar.
  6. Elektron xidmətlər və onlardan istifadə  qaydaları ilə bağlı məlumatlar, elektron bölmə  və s.
  7. Ümumi xərclər haqqında maliyyə hesabatı.

Dövlət qurumlarının internet saytlarının monitorinqi əvvəlcədən müəyyən edilmiş ölçü qutusuna yerləşdirilmiş çoxsaylı informasiya növü əsasında aparılaraq informasiya açıqlığına görə ilk yerləri tutan saytlar müəyyənləşdirilmişdir. Qurum haqqında ümumi bilgilər, qurumun strukturu haqqında bilgilər, qurumun idarəçiliyində olan dövlət informasiya sistemləri haqqında bilgilər, qurumun öz səlahiyyət dairəsi çərçivəsində fəaliyyətə dair bilgilər, qanunvericilik bazası və qurumun normayaradıcı fəaliyyəti, fiziki və hüquqi şəxslərin hüquq, azadlıq və qanuni maraqlarının təmin edilməsi üzrə qurumun fəaliyyəti haqqında bilgilər, dövlət ehtiyacları üçün mal, iş və xidmətlərin satın alınması barədə bilgilər, kadr təminatı, büdcə, maliyyə, bilgiyə çatım rahatlığı, əlavə parametrlər, rəsmi saytın mənfi məzmun və funksiyaları qiymətləndirilmədə əsas faktorlar kimi götürülmüşdür. Dövlət qurumlarının saytları öncə kəmiyyət parametri üzrə araşdırılmışdır. Sonrakı mərhələdə isə həmin informasiyaların keyfiyyətliliyi, yəni tamlığı, əldə etmə rahatlığı, gündəmə uyğunluluğu qiymətləndirilmişdir. Aparılan qiymətləndirmələrin sonunda reytinq cədvəlində 1-ci yeri Hesablama Palatasının saytı tutmuşdur.

Monitorinq nəticəsində toplanmış məlumatlara əsasən demək olar ki, dövlət qurumlarının  informasiya açıqlığı vəziyyəti müsbət istiqamətdə inkişaf edib. Dinamika isə daha yüksək olub.

Monitorinqin nəticələrinə əsasən qeyd etmək olar ki, əvvəlki illərlə  müqayisədə mərkəzi icra orqanları  tərəfindən rəsmi saytlara qarşı münasibət yaxşılığa doğru dəyişib. Bir sıra dövlət qurumlarında informasiyaların keyfiyyətinə xüsusi diqqət yetirilməyə başlanıb.

İnformasiya açıqlığı sahəsində rəqabət apara biləcək qurumların sayı əhəmiyyətli sayda artıb.

Elektron xidmətlərin sayı və keyfiyyəti əhəmiyyətli dərəcədə artıb və bu tendensiya davam etməkdədir. Qurumlarda xidmət və İKT sektorlarının inteqrasiyası sürətlənib.

Bütün bunlarla yanaşı bəzi çatışmazlıqlar da diqqətdən qaçmayıb. Belə ki, bir sıra dövlət qurumlarında hələ də “İnformasiya  əldə edilməsi haqqında Qanun”un tələblərinə müvafiq olaraq informasiya infrastrukturu formalaşmayıb. İctimai informasiya subyektlərinin informasiya xidmətlərinin fəaliyyəti qənaətbəxş deyil. Xidmət sektoru ilə İKT sektorunun qarşılıqlı əlaqələri yetərincə tənzimlənməyib.

İmkanları və resursları zəif olan qurumlarda  rəsmi saytlardan vətəndaşlarla interaktiv əlaqənin qurulmasında, elektron formada ən adi xidmətlərin göstərilməsində istifadə olunmur, sosial şəbəkələrə inteqrasiyalar yoxdur.

“İnformasiya əldə edilməsi haqqında” Qanunun icrasına nəzarət yetərli deyil. İnformasiya müvəkkili xidmətinin fəaliyyəti hiss olunmur. Dövlət qurumlarına metodiki-informasiya dəstəyi yetərli deyil.

Monitorinq zamanı aşkarlanan problemlərdən və tapıntılardan çıxış edərək bəzi addımların reallaşdırılmasını zəruri hesab etmək mümkündür. Çatışmazlıqların aradan qaldırılması üçün aşağıdakı təkliflər irəli sürülmüşdür:

–     Dövlət orqanlarının Əsasnamələrinə vətəndaşların informasiya təminatına cavab verən struktur bölmələr (vəzifəli şəxslər) və onların fəaliyyət istiqamətləri haqqında müddəalar daxil edilsin.

–     İnformasiya açıqlığı üzərində dövlət nəzarətini həyata keçirmək məqsədilə yaradılan xidmətin fəaliyyəti canlandırılmalıdır. Dövlət qurumlarına informasiya açıqlığının təmin edilməsi sahəsində köməklik göstərilməlidir.

–     Dövlət qurumlarında qanunvericilikdə nəzərdə tutulduğu qaydada informasiya infrastrukturunun formalaşdırılması başa çatdırılmalı və mövcud müvafiq strukturların fəaliyyəti təkmilləşdirilməlidir.  Dövlət orqanlarında informasiya istehsalı prosesinin çevik və effektiv mexanizmləri hazırlanmalıdır.

–     Dövlət  qurumunun büdcəsində informasiya istehsalı və açıqlanması ilə  bağlı  xərclər  ayrıca  qeyd olunmalıdır və səmərəli istifadə edilməlidir.

–     Qanunvericilikdə nəzərdə tutulduğu qaydada yalnız keyfiyyətli (aktual, yeni, dolğun, əhatəli, dəqiq) informasiyaların saytda yerləşdirilməsinə diqqət  yetirilməlidir.

–     Sosial əhəmiyyətli və kütləvi xidmətlərin interaktiv olaraq elektron formaya keçirilməsinə diqqət  artırılmalıdır. Sosial şəbəkələrə inteqrasiyalar hazırlanmalıdır. Portala inteqrasiya başa çatdırılmalıdır.

–     Dövlət qurumlarında elektron informasiya istehsalı ilə bağlı, elektron xidmətlərlə, ictimai informasiyalarla bağlı treninqlər təşkil olunmalıdır.

–     Elektron xidmətlərin keyfiyyət göstəriciləri hazırlanmalı və müvafiq dövlət və ictimai nəzarət sistemi qurulmalıdır.

–     İnformasiya əldə edilməsi ilə  bağlı Qanunun və elektron xidmətlərdən istifadənin gerçəkləşməsi istiqamətində  vətəndaşlar arasında maarifçilik işi  aparılmalıdır.

  • Yerli dövlət orqanlarının nəzdində yaradılması nəzərdə tutulan ictimai şuraların nümunəvi təlimatının hazırlanmasına ehtiyac var. Həmin təlimatda ictimai şuraların formalaşdırılması qaydaları, prinsipləri, onun tərkibinin müəyyən olunması meyarları, bu qurumun statusu, mandatı, salahiyyətləri, vəzifələri və hüquqları əks etdirilməlidir.
  • İnternet resurslarından istifadə etməklə dövlət idarəetməsində ictimai iştirakçılığın təmin olunmasının effektivliyini yüksəltməyə ehtiyac var. Bunun üçün yerli dövlət orqanlarının saytlarnda ictimai müzakirələrin təşkil edilməsi və interaktiv sual-cavab üçün xüsusi bölmə yaradılmalıdır.
  • Yerli dövlət qurumlarında tətbiq olunmaq məqsədilə informasiya azadlığı ilə bağlı daxili icraat qaydalarının nümunəvi forması hazırlanmalıdır.
  • Yerli dövlət orqanlarının öz fəaliyyətləri barədə ictimaiyyəti müntəzəm məlumatlandırmasına dair qaydaların hazırlanmasına ehtiyac var. Bu məlumatların çap olunma dövriliyi, internet saytlarında yerləşdirilməsi, onların müntəzəm yenilənməsi, qəzetlər vasittəsilə çapı da həmin qaydalarda öz əksini tapmalıdır. Qaydalarda dərci məcburi olan informasiyaların siyahısına aşağıdakı məlumatların daxil edilməsi mütləqdir:

– ayrı-ayrı dövlət təşkilatların üzrə büdcə xərcləmələrinə dair hesabatlar;

– ətraf mühitin vəziyyətinə, ətraf mühitə ziyan vurulmasına və təhlükəli ekoloji təsirlər;

– ştat cədvəlləri, vəzifəli şəxslərin adları, soyadları, telefon nömrələri, elektron poçt ünvanları, həmçinin onların təhsili və ixtisasları;

– əmr, sərəncam və qərarlar (qüvvəyə mindiyi gündən);

– ümumiləşdirilmiş statistik məlumatlar, o cümlədən cinayətlərin və inzibati xətaların ümumiləşdirilmiş statistikası;

– fəaliyyət barədə hesabatlar;

– kommunal xidmətlərin (qaz, elektrik enerjisi, su) istehlakının səviyyəsinə dair məlumatlar

– dövlət şirkət və müəssisələrinin əhalidən topladığı kommunal xidmət haqlarının həcmi və onların istifadə vəziyyəti;

– dövlət əmlakından istifadənin vəziyyəti;

– dövlət satınalınmalarına dair informasiyalar;

– təhsil və səhiyyənin real vəziyyətini əks etdirən kəmiyyət və keyfiyyət göstəriciləri.

Müvafiq hakimiyyət qurumlarının fəaliyyəti ilə bağlı normativ-hüquqi sənədlərin sadə vətəndaşlar üçün anlaşıqlı dildə, xüsusi bələdçilər formatında çap olunaraq əhali arasında yayılması təmin olunmalıdır. Xüsüsilə də “Dövlət qulluğu haqqında”, Dövlət qulluqçusunun etik davranış qaydaları haqqında”, “İnformasiya əldə etmək haqqında” və “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunlar, “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin izahedici şəkildə əhali arasında yayılmasına ehtiyac var. Bu işi QHT Agentliyinin dəstəyi ilə vətəndaş cəmiyyəti təşkilatları da hazırlaya bilər.

Hesabat Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Uğur” Gənclərin Maarifləndirilməsi İB-nin həyata keçirdiyi “Dövlət orqanlarının fəaliyyətində informasiya açıqlığına dair hesabatın hazırlanması” layihəsi çərçivəsində hazırlanmışdır.