22 Dekabr 2024

Kürü kim qurudur? -Günah məmur – oliqarxlardadır, yoxsa…

Bir zamanlar daşıb Salyanı, Sabirabadı, İmişlini su altında qoyan Kür çayı son illərdə qurumağa başlayıb. Bunun səbəbləri haqda danışanlar iki fərqli versiya üzərində dayanırlar.

Bir qisim, xüsusilə hökumət təmsilçiləri, məmurlar deyirlər ki, Kür təbii dəyişiklər, qlobal istiləşmə ilə əlaqədar quruyur. Habelə, qeyd edirlər ki, Türkiyədə, Gürcüstanda Kürün təbii axınına süni əngəllər törədilir.

Ancaq bu günlərdə ortaya maraqlı bir fakt da çıxıb. Kürün Azərbaycana daxil olan hissəsində – Qazax zonasında müşahidə aparan ekofəallardan biri video çəkib yaymışdı, oradan aydın görünürdü ki, çayda su kifayət qədərdir. Kürün suyu xüsusilə Mingəçevirdən sonra azalmağa başlayır və Salyan-Neftçala ərazisində, deltasında artıq su demək olar yoxdur.

Bu günlərdə Zərdab rayonu ərazisində Kürün səviyyəsini müşahidə edən əməkdaşlarımızdan biri də şahidi olub ki, çayda su qismən azalsa da, quruma əlaməti yoxdur.



Belə iddialar var ki, Kürün suyunu məmur-oliqarxlar Ağcabədi, Beyləqan, İmişi, Sabirabad, Saatlı, Biləsuvar, Hacıqabul, Şirvan bölgələrində kanallar və böyük motorlar vasitəsilə min hektarlarla ərazilərə kor-təbii, xaotik şəkildə yönləndirirlər və bu səbəbdən Kürün son hissəsinə su gəlib çatmır.

Ekspertlər hesab edir ki, suvarma sistemləri nizamla qurulsa, kor-təbii şəkildə suvarmaya son qoyulsa, suvarma üçün ehtiyat anbarlar yaradılsa, ora yağış və qrunt sularının da axını təmin edilsə, Azərbaycanda su problemi olmaz.

Bu arada məlum olub ki, ölkəmizdə artıq milli su strategiyası da hazırlanıb.

Bu barədə məlumatı Milli Hidrometeorologiya Xidmətinin müvəqqəti rəisi Rafiq Verdiyev verib. Onun sözlərinə görə, layihənin yaxın zamanda Prezidentə təqdim edilməsi nəzərdə tutulub:

“Layihə müxtəlif dövrləri əhatə etməklə ən müasir idarəetmə prinsiplərinə əsaslanıb. Bu strategiyanın qəbul edilməsi və icrası nəticəsində su təminatı ilə bağlı yaxın 15-20 il üçün istədiyimiz nəticəyə nail olacağımızı düşünürük. Kür çayının suyunun bir hissəsinin su anbarlarında toplanması və qonşu ölkələrdə çayın suyundan istifadənin artması Azərbaycan ərazisində suyun azalmasına təsir edən amillərdəndir. Kür çayı ölkəyə daxil olanda onun müəyyən hissəsi su anbarlarında toplanılır. Əks halda yay aylarında əkin sahələrinin suvarılmasında ciddi problemlə qarşılaşarıq. Ümumilikdə isə əvvəlki illərlə müqayisədə ölkəyə daxil olan suyun həcmi azalıb. Bunun paralelində qonşu ölkələrdə sudan istifadə də artıb ki, bu da Kür çayının suyunun azalmasına təsirsiz ötüşməyib”.

Beləliklə, son dövrlər Kür çayının suyunun azalması ölkə ictimaiyyətində narahatlıq doğurmağa başlayıb. Şirin su qaynaqlarının ciddi şəkildə azalması, suvarma üçün yararlı olan su mənbələrinin quruması aktual müzakirə olunan məsələyə çevrilib.

Bəs ekspertlər Kür çayının axının azalmasının, bəzi yerlərdə qurumasının səbəbini nədə görür?

Məsələ ilə bağlı akademik Həsən Əliyev adına Coğrafıya İnstitutunun Hidrologiya şöbəsinin müdiri coğrafiya elmləri doktoru, professor Rza Mahmudov “Yeni Müsavat”a danışıb:

“Bu gün doğrudan da dünyamızda iki təbii problem var, onlardan biri  iqlim dəyişiklikləri, digəri isə su problemidir. Yəni bu problem bütün dünyada mövcuddur.

Qeyd edim ki, su problemi iqlim dəyişikliklərindən birbaşa çox asılıdır. Belə ki, bütün dünyada mövcud olan nəhəng   okeanlardan tutmuş, kiçik göllərə, çaylara qədər bütün su obyektlərinin  hamısı iqlimin məhsuludur.

Planetimiz su planetidir. Əgər bu gün su planetində  şirin su problemi varsa, bu, paradoksal səslənir. Ancaq bununla belə bu problem mövcuddur və bunun da əsas səbəbi şirin  su ehtiyatlarına əl çatımlığın olmaması, eyni zamanda qlobal iqlim dəyişiklikləri.

Azərbaycanın əsas su ehtiyatını Kür, Araz və onların hövzələrinə daxil olan çaylar təşkil edir. Eyni zamanda, Böyük Qafqazın şimal-şərq yamacından və Lənkəran təbii vilayətindən axan və illik axınları 2,4 kub/kilometr təşkil edən çaylar ümumi su ehtiyatımıza daxildir.

Azərbaycanın ümumi su ehtiyatı 28-30 kub/kilometr arasında dəyişir və azsulu illərdə bu rəqəm daha da aşağı düşür”.

Rza Mahmudov qeyd edib ki, ümumiyyətlə, son 30 ildə qlobal iqlim dəyişmənin  təsirindən, yəni orta illik temperaturun artmasından dünyada müxtəlif  su obyektlərində müxtəlif cür problemlər yaşanır:

“O cümlədən çaylarda,  göllərdə, yeraltı sularında  problemlər yaşanır, hansılar ki, onların hamısı şirin su mənbəyi hesab olunur. Bu problem yaşanırsa, deməli  insanların suya olan tələbatı artmalıdır. Ölkəmiz, o cümlədən Cənubi Qafqaz dünyanın az su təminatlı bölgələri sırasına daxildir. Yəni bizdə adambaşına düşən su ehtiyatı qonşu Gürcüstan və Ermənistana nisbətən daha azdır.  Ona görə də bizdə bu məsələ daha qabarıq şəkildə hiss olunur. Çünki  ölkəmizin əsas su təminatı transsərhəd çay suları hesabına formalaşır. Belə ki, Kür və Araz çayları və onların transsərhəd qolları, Ermənistana, Gürcüstana axan çaylar, onların hamısı bizim əsas su ehtiyatımızı formalaşdıran mənbələrdir”.

Rza Mahmudovun sözlərinə görə ölkəmizin təxminən 70 faizə qədəri transsərhəd çay suyu hesabına formalaşır:

“Bu gün həm dünyada, həm də ölkəmizdə mövcud durum elədir ki, çayların illik axını  azalır, rejim dəyişkənliyi baş verir ki, bu da  qeyd etdiyim kimi, iqlim dəyişiklikləri ilə bağlıdır. Əgər illik axın azalır, rejim dəyişikliyi baş verirsə, suya olan tələbat, insan faktoru, bütün bunlar mövcud  problemi kəskinləşdirir.

Kür çayına gəldikdə isə, hər il illik  axın Kür çayında da azalır. Bu çayın da əsas qida mənbələrini qar-su ehtiyatı, yağışlar, yeraltı sular təşkil edir. Bu gün yağıntı, qar su ehtiyatı azalırsa, yeraltı suların  səviyyəsi aşağı düşürsə, buxarlanma  artırsa, təbii ki, Kürün axını da azalacaq. Ümumiyyətlə, respublikamızın bütün su ehtiyatlarını əsasən Kür çayı təşkil edir. Kür çayının su toplayıcı hövzəsi Cənubi Qafqazın ümumi ərazisinin 64 faizini təşkil edir. Bu, bütün Ermənistan ərazisini, Azərbaycanın 80 faizini və Gürcüstan ərazisinin 52 faizini təşkil edir. Kürün illik axın həcmi Araz çayı ilə bir yerdə 26 kub/kilometrdir. Bunun 9,1 kub/kilometri Araz hövzəsinə, 17 kub/kilometri Kürün hövzəsinə aiddir. Bundan təxminən 9,4 kub/kilometr Gürcüstan ərazisində, 4,5 kub/kilometrə qədər Azərbaycan ərazisində, 1,5 kub/kilometr isə Ermənistan ərazisində formalaşır”.

Professorun sözlərinə görə Kürün aşağı axınının səviyyəsinin aşağı düşməsi, mənsəbə yaxın hissədə quruması birbaşa mövcud durumla bağlı deyil:

“Yəni Kür çayı ölkəmizə daxil olan zaman axın səviyyəsi normaya uyğun olur, yəni normanın 90-95 faizini təşkil edir. Bu, mövcud durum  üçün az deyil. Lakin aşağı axında artıq suvarmada istifadə olunur, su anbarlarına yığılır. Məlum olduğu kimi ölkəmizdə suvarma əkinçiliyi geniş inkişaf edib. Həmçinin Mingəçevir, Şəmkir kimi su anbarlarının səviyyəsi layihə həcmindən aşağıdır və Kürdən  gələn axın Mingəçevir, Şəmkir su anbarlarının dolmasına yığılır ki, vaxtı gələndə suya tələbat artdığı dövrdə suvarmada istifadə olunsun. Ona görə də Mingəçevirdə aşağı Kürün  suyu az buraxılır, yəni yığılmağa sərf olunur. Su anbarları dolduqdan sonda axın bərpa olunacaq”.

Rza Mahmudov həmçinin İşğaldan azad olunmuş ərazilərimizdəki su ehtiyatlarında da söz açaraq bildirib ki, bu gün müxtəlif modellərlə, peyk məlumatlarına əsasən 30 ilə yaxın bir dövrdə müşahidə aparılmayan su obyektlərinin tədqiqi göstərir ki, Qarabağ ərazisinin də su ehtiyatlarında 2,14 kub/kilometrdən 1,93 kub/kilometrə qədər azalma müşahidə edilir. Bu baxımdan ümumilikdə sudan istifadəyə tələbatın artdığı dövrdə ekoloji mədəniyyət formalaşmalıdır:

“Bir daha qeyd edirəm ki, ümumilikdə çayların illik axını azalır. Ona görə də ondan qənaətlə istifadə etmək lazımdır, bu məsələdə israfçılığa yol verilməməli, təkrar  emaldan istifadə olunmalıdır.  Ən əsası isə çirkli su ilə ilməli su ayrılmalıdır. Avtomobil yuyan məntəqələr hamısı şirin sudan istifadə edirlər. Amma halbuki istifadə olunan sudan, yəni təkrar emala yararlı sudan istifadə etməlidirlər.

 Bir sözlə, sudan istifadəyə tələbatın artdığı dövrdə ekoloji mədəniyyət formalaşmalıdır. Bu sahədə də ölkəmizdə işlər gedir. Az su ilə çox iş görmək bacarığını formalaşdırmalı, xüsusən suvarma əkinçiliyində israfa yol verməməliyik. İçməli və texniki su problemi, suların təkrar emalı məsələləri öz həllini tapmalıdır. Bizdən bu gün tələb olunan budur. İndiki dövrdə su ilə bağlı problemdən çıxış yolu olaraq hər birimiz israfçılığın qarşısını almaq üçün çalışmalıyıq”.

Xalidə Gəray