Kəlbəcərdə tibb məntəqəsinin fəaliyyətinə ehtiyac var – MÜRACİƏT
44 günlük Vətən müharibəsi nəticəsində 28 illik işğaldan azad edimiş Kəlbəcər rayonunda bir sıra infrastruktur işləri həyata keçirilir. Başda, “Murovdağ” tuneli olmaqla, aparılan kompleks işlərin hədəfi mümkün qədər yaxın dövrdə işğaldan azad edilmiş digər bölgələr kimi, Kəlbəcər rayonuna da Böyük Qayıdışı təmin etməkdir.
Hazırda, rayonda bir sıra dövlət qurumları daimi fəaliyyət göstərirlər. Demək olar ki, Azərbaycan ordusundan əlavə, dövlət qurumlarında və müxtəlif şirkətlərdə işləyənlərlə birlikdə hazırda rayonda əhəmiyyətli sayda mülki əhali var. Bundan başqa, artıq, ikinci ildir ki, heyvandarlıq və arı təsərrüfatları Kəlbəcər rayonu ərazisinə aparılır. Çobanlar, naxırçılar, arıçılar, onların ailə üzvləri, yardımçı işçilər mövsüm müddətində orada yaşayırlar.
Sözsüz ki, bütün infrastrukturu dağıdılmış rayonda insanlar hər addımda çətinliklərlə, ehtiyaclarla üzləşirlər. Amma, bunların sırasında daha çox ehtiyac duyulan sahələrdən bəlkə də birincisi mülki tibb xidmətininin olmamasıdır.
Bu məsələ ilə bağlı hazırda Kəlbəcər rayonunda çalışan bir sıra şəxslər Turkustan.az-a müraciət ediblər. Müraciətdə bildirilir ki, rayon mərkəzində fəaliyyət göstərən tibbi müəsisələr hərbi təyinatlıdır. Ayrıca olaraq mülki vətəndaşlara tibbi yardım xidməti isə yoxdur. Tibbi yardımın göstərilməsi üçün ən yaxın yer isə Göygöl rayonu, Gəncə şəhəridir ki, həmin məsafəyə çatmaq üçün bir neçə saata sərt Murov yolunu aşmaq lazım gəlir. Payız ayalarından may ayınadək Murov yolunun əksər hallarda qarla örtülməsi zərurət yarandığı halda təcili tibbi yardımı mümkünsüz edir.
Bölgədəki mövcud vəziyyəti nəzərəd alaraq rayon ərazisində fəaliyyət göstərən mülki vətəndaşlar Səhiyyə Nazirliyinə və TƏBİB-ə üz tutaraq Kəlbəcər Mərkəzi xəstəxanasının bir məntəqəsinin Kəlbəcər şəhərində təşkil edilməsini istəyirlər.