22 Dekabr 2024

İSESKO-nun Mərakeşdəki qərargahında Ulu öndərə həsr olunmuş tədbir təşkil edilib

Mərakeşin paytaxtı Rabat şəhərində İSESKO qərargahında ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konsert təşkil edilmişdir.

2023-cü il dekabrın 15-də Azərbaycan Respublikasının Mərakeşdəki Səfirliyi və İslam dünyası Təhsil, Elm və Mədəniyyət təşkilatının (İSESKO) birgə təşkilatçılığı ilə İSESKO-nun Mərakeşin paytaxtı Rabatda yerləşən qərargahında ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini, Xalq Artisti Murad Hüseynovun solo piano konserti baş tutmuşdur. Konsertə Mərakeşdə səfərdə olan Milli Məclisin sədri Sahiba Qafarova, İSESKO-nun baş direktoru Səlim ƏlMalik, Mərakeşin dövlət rəsmiləri, diplomatik korpusun təmsilçiləri, Mərakeş ictimaiyyəti eləcə də, Azərbaycan diaspor təmsilçiləri olmaqla 200-ə yaxın tamaşaçı qatılmışdır.

Tədbiri giriş sözü ilə açan ölkəmizin Mərakeşdəki səfiri, eyni zamanda Azərbaycanın İSESKO-dakı daimi nümayəndəsi Nazim Səmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə 2023-cü il Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100 illiyinin qeyd edildiyini bildirmiş və konsertin məhz bu anım ili çərçivəsində təşkil olunduğunu vurğulamışdır. O, ulu öndərin Azərbaycan xalqını müstəqilliyə qovuşduran güclü şəxsiyyət olduğuna diqqət çəkərək, xalqımızın yeni əsrə, yeni minilliyə Heydər Əliyev müdrikliyinin parlaq təsiri ilə qədəm qoyduğunu qeyd etmişdir. Səfir həmçinin, Azərbaycan ilə İSESKO arasında yüksək səviyyəli əməkdaşlığa da toxunmuş, bu əməkdaşlığa verdiyi şəxsi töhfəyə görə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın mühüm rolunu xüsusi vurğulamışdır. Eyni zamanda, Azərbaycan-İSESKO münasibətlərinə töhfəsinə, eləcə də təşkil edilən konsertə dəstəyinə görə İSESKO-nun baş direktoruna təşəkkür ifadə edilmişdir. Bununla yanaşı, səfir çıxışında Şuşa şəhərinin 2024-cü il üçün İslam Dünyasının Mədəniyyət Paytaxtı elan edildiyini xatırlatmış, Azərbaycan və İSESKO-nun Bakı prosesi çərçivəsində də sıx əməkdaşlığına istinad etmişdir. Səfir həmçinin, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə tədbirə göstərilən dəstəyə görə təşəkkürünü ifadə etmişdir. Öz növbəsində, İSESKO-nun baş direktoru Səlim ƏlMalik bu yaradıcılıq gecəsini Azərbaycan Səfirliyi ilə birgə təşkil etdiklərinə görə qürurlu olduqlarını bildirmiş, konsertin İSESKO-nun ümumilikdə mədəniyyət sahəsinə və bu kontekstdə üzv ölkələrin mədəniyyətinin təbliğinə verdiyi önəmi göstərdiyini və təşkilatla Azərbaycan arasında hazırkı münasibətlərin yüksək səviyyəsini bir daha nümayiş etdirdiyini vurğulamışdır.

Daha sonra, qonaqlara ölkəmizin Xalq Artisti Murad Hüseynovun ifasında məşhur Azərbaycan və xarici bəstəkarların klassik musiqi əsərləri təqdim edilmişdir. Tədbir çərçivəsində, eyni zamanda İSESKO-nun qərargahında təşkil edilmiş ölkəmizin görməli yerlərini nümayiş etdirən sərgi də qonaqların marağına səbəb olmuşdur.