21 Noyabr 2024

İrəvan təxribatları Rusiya ilə razılaşdırıb: Paşinyan Kremlin sifarişini icra edir, Brüssel prosesini pozmağa çalışır

Ermənistan Vaşinqton görüşünün nəticələrindən ciddi şəkildə narazıdır, ona görə də, rəsmi İrəvan Brüssel prosesinin bərpasını əngəlləməyə çalışır… Paşinyan hakimiyyəti ABŞ və Qərbin qaçılmaz hesab olunan təzyiqlərindən yayınmaq üçün isə Rusiyanın geopolitik himayəsinə sığına biləcəyinə ümid bəsləyir…

Ermənistanın hərbi təxribat törətməsi qətiyyən gözlənilməz xarakter daşımır. Əksinə, son hadisələrin xronoloji ardıcıllığı rəsmi İrəvanın yaxın vaxtlarda mütləq hərbi təxribat törədəcəyinə işarə edirdi. Və Paşinyan hakimiyyəti öz ənənəvi vərdişlərinə bu dəfə də sadiq qaldı.

Məsələ ondadır ki, may ayının əvvəllərində Ermənistan siyasi-diplomatik masada növbəti məğlubiyyətə uğramışdı. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Vaşinqton görüşündən nəinki əliboş, hətta ciddi itkilərlə geri dönmüşdü. Rəsmi Bakı Vaşinqton görüşündə prinsipial mövqe ilə siyasi-diplomatik üstünlüyü Azərbaycan üçün təmin etmişdi. ABŞ rəsmi dairələri də Ermənistana heç bir dəstək verə bilməmişdilər. Və Ermənistan üçün növbəti kapitulyasiya məzmunlu sülh sazişi o qədər də uzaqda deyildi.

Belə vəziyyət rəsmi İrəvanın tezliklə provokativ manevrlər edə biləcəyi ilə bağlı ehtimalları gücləndirirdi. Çünki Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqton görüşündən sonra sırada Brüssel prosesi var idi. Mövcud situasiyada Brüssel prosesi Paşinyan hakimiyyəti üçün bütün istiqamətlər üzrə siyasi-psixoloji əziyyətdən başqa bir şey olmayacaqdı. Üstəlik Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşündə sülh sazişi və ya buna yaxın bir sənədin imzalanmasına yönəlik məcburiyyət ehtimalı da rəsmi İrəvanı seytnot vəziyyətinə salmışdı.

3af8a97d-88b9-4e60-84c3-b47653fa9f68.jpg (250 KB)

Təbii ki, Paşinyan hakimiyyəti bu vəziyyətdən çıxmaq üçün hərbi təxribatlardan başqa variant tapa bilmədi. Ermənistan baş naziri Nikol Paşinyan əvvəlcə Çexiya səfiri zamanı Vaşinqton görüşündə heç müsbət nəticənin olmadığını bəyan etdi. Ardınca nə qədər qəribə də olsa, Avropa Birliyinin mülki müşahidə missiyasının Ermənistanın təhlükəsizliyinə təminat vermədiyini, əksinə, yeni çağırışlara səbəb olduğunu vurğuladı. Və Rusiyaya səfərini anons etdi.

Bununla da rəsmi İrəvanın provokativ manevrlərinin əsas hədəf və məzmunu ortaya çıxmış oldu. Yəni, Paşinyan hakimiyyətinin ABŞ və Qərbə olan ümidləri boşa çıxdığı üçün yenidən Rusiyaya sığınmaq üçün Kremlə “sənə ehtiyacım var” mesajı verirdi. Avropa Birliyinin mülki missiyasının tənqid olunması və Vaşinqton görüşünün nəticəsiz bitməsi barədə açıqlamalar da erməni baş nazirin Ermənistana qəzəbli olan Kremlə Rusiyanın orbitinə geri dönüş “təminat”ının verilməsinə hesablanmışdı.

Əslində, Kreml də rəsmi İrəvandan belə bir geri dönüş cəhdi gözləyirdi. Ona görə də, Rusiya Xarici İşlər Nazirliyinin dərhal KTMT missiyasının Ermənistanda yerləşdirmək təklifini tələb məzmununda gündəmə gətirməsi gözlənilməz hesab oluna bilməz. Hər halda, Kreml Ermənistanı yenidən Rusiyanın orbitinə daxil etmək üçün rəsmi İrəvandan bunun dəyərinin dərhal ödənməsini tələb edirdi. Böyük ehtimalla baş nazir Nikol Paşinyanın Moskva səfərində Rusiya siyasi dairələri ona bəzi əlavə öhdəlikləri də qəbul etdirməyə imkan tapıblar.

Yəqin ki, həmin öhdəliklərin sırasında Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşünün ola biləcəyi də istisna deyil. Çünki Brüssel prosesinin bərpası barədə məlumatlar təsdiqini tapdığı ərəfədə Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə də üçtərəfli görüşün planlaşdırıldığı bəyan edilmişdi. Və bütün bunlar onu göstərir ki, Kreml hazırda Vaşinqton görüşünün nəticələrini heçə endirmək, Brüssel prosesini pozmaq üçün Ermənistan üzərindən müəyyən planlı manevrlər edir.

4d917b4e5149c46ffac7960aa640404e.jpeg (106 KB)

Bütün bunları nəzərə aldıqda, Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatının hansı səbəblərdən baş verdiyini təxmin etmək o qədər də çətin deyil. Üstəlik, nə qədər qəribə də olsa, Ermənistanın hərbi təxribatlarından sonra məhz Rusiya hər iki tərəfi sülh danışıqlarını təhlükəyə ata biləcək davranışlardan yayınmağa çağırıb. Belə anlaşılır ki, Ermənistana hərbi təxribatları sifariş etmiş Kreml münaqişə tərəflərinə həm də təmkinli olmağı məsləhət görür. Bu, Rusiyanın dəfələrlə istifadə etdiyi, ancaq artıq köhnələrək, effektini itirməkdə olan taktikadır.

Bütün bunlara paralel olaraq, ABŞ və Qərb Brüssel prosesinin bərpa oluna biləcəyinə hələ də ümidini itirməyib. Hər halda, ABŞ-ın dövlət katibi Entoni Blinkenin Brüssel görüşünə vasitəçilik edəcək Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişellə Cənubi Qafqazda sülh prosesini müzakirə etməsi qətiyyən təsadüfi deyil. ABŞ Brüssel görüşündə Cənubi Qafqazda sülhə yol aça biləcək sənədin imzalanmasında maraqlı olduğunu gizlətmir. Və böyük ehtimalla Vaşinqton görüşündə əldə olunmuş nəticələr ABŞ tərəfindən Şarl Mişelə artıq çatdırılıb.

Baş nazir Nikol Paşinyanın Ermənistanın son hərbi təxribatlarından sonra Azərbaycanı Vaşinqton görüşünün müsbət nəticələrini riskə atan davranışlarda suçlamağa çalışması da bunu təsdiqləyir. Bu, o deməkdir ki, Vaşinqtonda hər halda, irəliləyişlər olub və bəzi önəmli məqamlar üzərində anlaşmalar əldə olunub. Halbuki, baş nazir Nikol Paşinyan Çexiya səfiri zamanı Vaşinqtonda ümumiyyətlə, heç bir müsbət irəliləyişlərin olmadığını bildirmişdi. Bu, rəsmi İrəvanın yalan və inkar üzərində siyasi manipulyasiya vərdişlərinə sadiq olduğunu təsdiqləyir.

Digər tərəfdən, erməni baş nazir Brüssel görüşündə iştirak qərarından hələlik imtina etmədiyini də vurğulayıb. Deməli, baş nazir Nikol Paşinyanın hər halda, bu görüşdən yayınmaq kimi bir niyyəti mövcuddur. Və rəsmi İrəvan hazırda hərbi təxribatlarla məhz Brüssel görüşündən imtina üçün bəhanə yaratmağa cəhd göstərir.

58ca911243c3fd4ca9342955a69a883a.jpg (140 KB)

Belə anlaşılır ki, rəsmi İrəvan Brüssel prosesinin bərpasında qətiyyən maraqlı deyil. Vaşinqton görüşünün nəticələrinə əsasən, Brüssel prosesinin Ermənistanı növbəti kapitulyasiya məzmunlu sülh sazişinə məhkum edəcəyinə artıq əmindir. Ona görə də, Azərbaycana qarşı hərbi təxribatlar vasitəsilə həmin görüşü pozmağa can atır.

Təbii ki, rəsmi İrəvan belə bir təhlükəli addımı təkbaşına atmağa cəsarət etməz. Ermənistanın bunun arxasında dura biləcək hərbi-siyasi resursları mövcud deyil. Rusiyanın son davranışlarına diqqət etdikdə, Kremlin rəsmi İrəvana Brüssel görüşündən yayınmağın qarşılığında Rusiyanın geopolitik dəstəyini vəd etdiyini təxmin etmək mümkündür. Çünki bu məsələdə Rusiya və Ermənistanın maraqları hazırda üst-üstə düşür.

Bütün bunlardan belə nəticə çıxartmaq olar ki, Ermənistan Vaşinqton görüşünün nəticələrindən ciddi şəkildə narazıdır. Ona görə də, rəsmi İrəvan Brüssel prosesinin bərpasını əngəlləməyə çalışır. ABŞ və Qərbin qaçılmaz hesab olunan təzyiqlərindən yayınmaq üçün isə Rusiyanın geopolitik himayəsinə sığına biləcəyinə ümid bəsləyir.

Bu baxımdan, Kremlin ABŞ və Qərbin vasitəçilik missiyasını boşa çıxartmaq üçün Ermənistana hərbi təxribat sifariş etmiş ola biləcəyi qətiyyən istisna deyil. Baş nazir Nikol Paşinyanın məhz Rusiyadan döndükdən dərhal sonra güc strukturları ilə qapalı toplantı keçirtməsi, hərbi təxribatların da elə bunun ardınca baş verməsi heç bir halda, təsadüf ola bilməz. Və bütün bunlar o deməkdir ki, Rusiya Cənubi Qafqazda sülh prosesini Ermənistanla ortaq şəkildə hərəkət edərək, növbəti dəfə pozmağa çalışır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu