22 Dekabr 2024

İranın PUA sahəsində uğurunun sirri – ilginc iddia

Tehran İsrail və ABŞ silahlarını ələ keçirməklə PUA texnologiyasını əldə edib?

“İran dronları Yaxın Şərq üçün təhlükə törədir”. Bunu Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan bəyan edib. O, İranın dron texnologiyasının bölgə üçün artan təhlükəsinə toxunaraq, region dövlətlərinin buna qarşı mübarizə aparmalı olduğunu vurğulayıb.

Qeyd edək ki, Rusiyanın aldığı yüzlərlə İran dronu artıq Ukraynada görünməyə başlayıb. Rus ordusu onlardan Ukraynanın ordusuna və mülki infrastrukturuna qarşı geniş istifadə etmək niyyətindədir. Bu səbəbə rəsmi Kiyev Tehrana artıq sərt xəbərdarlıq edib və hətta iki gün öncə onun səfirini ölkədən qovub.

Rusiyanın forpostu Ermənistanın da İran dronlarına maraq göstərdiyi sirr deyil. Belə bir istəyə qarşı isə Rusiya şübhəsiz etiraz etməyəcək. İranla gərgin münasibətlərdə olan ABŞ-a gəlincə, yəqin ki, o da azı, susqunluq nümayiş etdirəcək. Xüsusən də son sərhəd olaylarından sonra Vaşinqtonun tutduğu ədalətsiz mövqe belə deməyə əsas yaradır.

Digər tərəfdən, bəllidir ki, xristian Qərbin “əzabkeş xalq”a özəl, yazıq bir yanaşması var. Bunu 44 günlük müharibədə və Ukrayna müharibəsində “Bayraktar 12TB”lərin istifadəsinə diametral zidd reaksiyalardan bütün dünya bir daha gördü. Birinci halda Qərbdə “Bayraktar”a “terrorçu”, ikinci halda isə “xilaskar” yarlığı yapışdırdılar.

Bəs illərdir ağır sanksiyalar altında olan İran PUA sahəsində uğurlara necə nail olub? Bunun sirri nədir?

Region ölkələrinin PUA potensialını araşdıran Ordu.az-n araşdırmasına görə, İranın PUA parkının tərkibi genişdir. İranın PUA parkı müasirliyi ilə tam seçilməsə də, model və versiyalarının sayına görə irəlidədir.

“Saegheh” PUA-ları “Shahed” aviasiya sənayesi şirkəti tərəfindən istehsal olunan və uçan qanad dizaynına malik olan çoxməqsədli pilotsuz uçuş aparatlarıdır. “Saegheh-1″ və ”Saegheh-2″ adlı versiyaları mövcuddur. “Saegheh-1″ ilk dəfə 2016-cı ildə İranda keçirilən silah sərgisində təqdim edilib. İran tərəfindən ələ keçirilən ABŞ-a məxsus ”Lockheed Martin” şirkətinin RQ-170 “Sentinel” pilotsuz uçuş aparatının baza modelinin bazasında istehsal edilib. Lakin ölçülərinə görə “Lockheed Martin”in aparatından daha kiçikdir. İlk uçuşunu 2014-cü ilin noyabrında həyata keçirən PUA 2016-cı ilin oktyabr ayında silahlanmaya qəbul edilib. Bir sıra mənbələr “Seagheh” dronunun silah daşıma qabiliyyətinə şübhə edərək onun yalnız kəşfiyyat, müşahidə və hədəfi izləmə platforması olduğunu iddia edir. 2017-ci ildə artıq 10 ədəd “Saegheh” istehsal edilmişdi. Onlar İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Hava Qüvvələri tərəfindən istifadə edilir. 2019-cu ilə olan məlumata görə, bu PUA-dan artıq 50 ədəd də istehsal edilib və onlar İran Silahlı Qüvvələri tərəfindən əldə edilib.

File:Saegheh-2 (1).png - Wikimedia Commons

“Saegheh-2″ modeli isə həm də ”Shahed 191″ olaraq tanınır. Bu modellərdə ön hava qəbuledicisi mövcuddur. PUA uçuş-enmə zolağında sürətlə hərəkət edən bir vasitəyə (yəqin ki, “Toyota Hilux” yük maşınlarına) quraşdırılan xüsusi katapultdan buraxılır, enməsi isə geri çəkilən xizəkləri vasitəsilə həyata keçirilir.

“Saegheh-2″ daxilində iki ədəd ”Sadid-1″ raketi daşıyır. PUA 300 km/saat kreyser sürətinə, 4.5 saat havada qalma müddətinə, 450 km-lik uçuş məsafəsinə, 25000 fut uçuş yüksəkliyinə və 50 kq faydalı yük daşımaq qabiliyyətinə malikdir.

“Fars” xəbər agentliyi “Saegheh-2″ dronunun Suriyadakı döyüşlərdə istifadə edildiyini bildirir. PUA-ların bir neçəsi İsrail və ABŞ tərəfindən döyüşlərdə məhv edilib, onların araşdırmasını aparan mütəxəssislər İran istehsalı vasitələri yüksək qiymətləndirib. Məsələn, İsrail Hərbi Hava Qüvvələrinin briqada generalı Tomer Bar ”Saegheh-2″ PUA-sını olduqca inkişaf etmiş və Qərb texnologiyasını özündə əks etdirən vasitə kimi təsvir edib.

“Sarad” isə İranın “Sarad Group” şirkəti tərəfindən hazırlanan çoxməqsədli pilotsuz uçuş aparatıdır. “Sarad” PUA-sı 2011-ci ildə İran təyyarələri və aerokosmik mütəxəssislərinin məhsuludur. Bu kiçik cihaz müxtəlif məqsədlər üçün istifadə edilə bilən bir təyyarənin miniatür versiyasına bənzəyir, ondan ərazinin aerofotoqrafiyası, yanğın təhlükəsizliyinə nəzarət, axtarış əməliyyatları və s. istifadə edilə bilər.

“Shahbal” 2006-cı ildən “Shahbal Group” tərəfindən istehsal olunur. İran istehsalı olan hərbi təyinatlı, çoxməqsədli PUA-dır. “Şahbal” modelinin uzaqdan idarə olunan vasitələri yalnız hərbi məqsədlər üçün istifadə olunur. PUA kəşfiyyat, patrul, döyüş yerlərinin monitorinqi və s. ilə əlaqəli tapşırıqları yerinə yetirmək üçün hazırlanıb. Kifayət qədər dar təyinatı səbəbindən “Şahbal” məhdud tətbiq sahəsinə malikdir, lakin bu dronun aşağı qiyməti onu PUA operatorlarının təlimi ilə əlaqədar digər vəzifələrin icrası üçün istifadə etməyə imkan verir. Məhdud imkanlara malik idarəetmə cihazlarının istifadəsi səbəbindən bu pilotsuz uçuş aparatının uçuş məsafəsi 12 kilometri keçmir.

“Shahed 129″ (bəzən S 129) İran İslam İnqilabı Keşikçiləri Korpusu üçün “Shahed” aviasiya sənaye şirkəti tərəfindən hazırlanan orta hündürlüklü və uzaq mənzilli pilotsuz uçuş aparatıdır. Təkmühərrikli “Shahed 129″ döyüş və kəşfiyyat vəzifələrini yerinə yetirir. 24 saat havada qalan PUA-nın ölçüsü, forması və təyinatı ABŞ-ın MQ-1 “Predator” aparatına bənzəyir. “Shahed 129″ İranda ən geniş şəkildə istifadə olunan ən bacarıqlı PUA sayılır. 2000-ci illərin sonlarında hazırlanmasına başlanan PUA ilk dəfə 2012-ci ilin yazında uçub. İki il sonra isə Suriya üzərində məhdud müşahidə vəzifələrində tətbiq edilib. 2018-ci ildə İranda 20-yə yaxın ”Shahed 129″ PUA-sı mövcud olub. Suriyadakı vətəndaş müharibəsində və İranın şərq sərhəd qoşunlarında onlardan istifadə edilib. “Saegheh” ilə “Shahed 129″ aparatlarının ən azı növbəti on il ərzində İranın yüksək səviyyəli PUA parkının onurğa sütununu təşkil edəcəyi gözlənilir.

File:Shahed 121 and Shahed 129.jpg - Wikimedia Commons

Digər İran PUA-ları kimi, “Shahed 129″ da əsasən Suriyada döyüşlərdə tətbiq edilib.

“Sofreh Mahi” İran Təyyarə İstehsalat Sənaye Şirkəti tərəfindən 2010-cu ildə hazırlanan uzaqdan idarə olunan çoxməqsədli vasitədir. “Sofreh Mahi”nın əksər radar sistemlərində görünməz qalmasına imkan verən stels texnologiyaya sahib olduğu və bu xüsusiyyətin də PUA-ya effektiv istifadəsini xeyli artırmağa imkan verdiyi iddia edilir.

“Qods Yasir” PUA-sı İranda həm də “Sayed-2” olaraq tanınır. “Qods Aviation” şirkəti tərəfindən istehsal edilən yüngül taktiki müşahidə və kəşfiyyat PUA-sı, İran tərəfindən ələ keçirilən ABŞ-ın “Boeing Insitu ScanEagle” pilotsuz vasitəsinin lisenziyasız nüsxəsidir.

İran 2012-ci ilin dekabrında “Boeing” və “Insitu” şirkətinin birgə məhsulu olan “Scaneagle” PUA-sını ələ keçirdi və təxminən on ay sonra, 2013-cü ilin sentyabrında “Qods Yasir” ortaya çıxdı. Rəsmi olaraq “Yasir” PUA-sının dövlət səviyyəsində yeganə istifadəçisi İrandır. Ən azı bir qeyri-dövlət qurumuna və daha bir neçə ölkəyə ixrac edildiyi də iddia edilir. “Yasir” PUA-ları İran və müttəfiqləri tərəfindən İraq və Suriyadakı vətəndaş müharibəsində istifadə edilib.

Görünür, ərəb ölkələri İran PUA-larının Suriya təcrübəsini yaşadığını gördüklərindən həmin silahların ətraf ölkələrin təhlükəsizliyinə təhdid yaratdığını bəyan etməyə başlayıblar. Bəyan edirlər ki, kifayət qədər müxtəlif təyinatlı və fərqli PUA modellərinə malik İslam İnqilabı Keşikçiləri Korpusu Suriyada və İraqda baş verən hərbi qarşıdurmada iştirak etməklə həm bu vasitələri döyüş şəraitində istifadə edərək sınaqdan keçirmək imkanı əldə etdi, həm də onları daha da təkmilləşdirməyi bacardı. İran istehsalçıları İraq, Livan, Liviya və Suriyadakı hərbi əməliyyatlarda qazanılan təcrübədən hazırda geniş istifadə edir.  Almaniya və Fransadan əldə edilən mühərriklərin bazasında yerli güc qurğuları hazırlanır. İrlandiya və Cənubi Afrikadan ehtiyat hissələrinin tədarükü həyata keçirilir.

Bununla belə, Tehranın İsraildə və ABŞ-da inkişaf etdirilən PUA texnologiyasını əldə etməsi, faktiki olaraq bu imkanların tam təkrarlana biləcəyinə dair iddia irəli sürməyə imkan vermir, lakin həmin vasitələrin qismən fərqli və daha kompakt versiyalarının yaradılması da fakt olaraq qalır. İran mühəndislərinin əlinə keçən İsrail və ABŞ texnologiyasının konstruksiyası və imkanları hərtərəfli araşdırılır və bu vasitələrin bazasında yerli istehsal sahələri təşkil edilir. Bəzi mütəxəssislərin burada İranın Rusiya mütəxəssislərinin xidmətlərindən yararlanması barədə iddiaları isə bir az inandırıcı görünmür. Çünki Rusiyanın özü hələ də həm bəzi vacib PUA hissələrinin hazırlanmasında, həm bu vasitələrin fərqli versiyalarının çeşidlərinin artırılmasında, həm də İranın əldə etdiyi texnoloji səviyyənin fəth edilməsində çətinlik çəkir. Belə olmasaydı, Ukrayna müharibəsində Rusiya İran PUA-larına ehtiyac duymazdı.

Etibar SEYİDAĞA