28 Mart 2024

Rusiya tarana gedir: Putin sabah Donbasın ilhaqını elan edə bilər – Britaniyadan xəbərdarlıq

Rusiya-Ukrayna savaşında hələlik heç bir tərəf qalib olmasa da, işğalçı ordu müəyyən iddialarını gerçəkləşdirmək ərəfəsindədir. “Yeni Müsavat”ın siyasət şöbəsi yazır ki, söhbət Donbasın Rusiyaya birləşdirilməsi barədə qərar verməyə yaxınlaşmasından gedir.

Bununla bağlı Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatları açıqlayıb. Sitat: “Rusiya prezidenti Vladimir Putin bugünlərdə Ukraynanın işğal olunmuş ərazilərinin Rusiyaya birləşdirilməsini rəsmən elan edə bilər”. Qeyd olunub ki, Rusiya dövlət başçısının sentyabrın 30-da ölkə parlamentində çıxışı planlaşdırılır: “O, müraciəti zamanı Ukraynanın işğal olunmuş ərazilərinin Rusiyaya ilhaqını rəsmən elan edə bilər. Referendumların bu gün başa çatması gözlənilir”.

Böyük Britaniya xüsusi xidmət orqanlarının məlumatına görə, Kreml rəhbərliyi qismən səfərbərliyin “xüsusi hərbi əməliyyata” bəraət qazandıracağını və vətənpərvərlik ruhunu yüksəldəcəyini düşünür. Putinin sentyabrın 21-də xalqa müraciətindən sonra Ukraynanın işğal olunmuş Donetsk, Luqansk, Zaporejye kimi bölgələrində referendumlar başlayıb. Rusiya bu əraziləri özünə birləşdirdiyini elan edərsə, nələr baş verə bilər? Müharibə daha da alovlanacaq, yoxsa artıq Rusiya bu mərhələdə istəklərinə çatmış hesab olunduğundan danışıqlar mərhələsi başlayacaq?

Yeri gəlmişkən, Rusiyaya birləşməklə bağlı “referendum”un ilk nəticələri açıqlanıb. Seçicilərin əksəriyyəti Rusiya Federasiyasına qoşulmağa səs verib. Zaporojye vilayətində – 98,19% (səslərin 18%-i üzrə məlumat), “DXR”də – 98% (səslərin 16%-i üzrə məlumat), “LXR”də – 97,82% (səslərin 13%-i üzrə məlumat, ümumi fəallıq – 92%) , Xerson vilayətində – 96,97% (səslərin 14%-i üzrə məlumat). Dövlət Dumasının təhlükəsizlik komitəsinin rəhbəri Anatoli Vıbornı etiraf edib ki, bu ərazilərin Rusiyaya birləşdirilməsi ilə bağlı referendumlardan sonra “yeni subyektlərdə” antiterror əməliyyatı rejimi tətbiq oluna bilər. Bu fikri Krımın rəhbəri Sergey Aksyonov da deyib. Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna ərazilərində keçirilən referendumlardan sonra Rusiya ilə danışıqların mümkünsüz olacağını bildirib. Bununla proses hara gedir? Rusiya qondarma referendumla hərbi əməliyyatları dayandıra bilərmi?

İmran Xan xarici və təhlükəsizlik siyasətinə görə hədəf götürülüb" - Elxan  Şahinoğlu

Elxan Şahinoğlu: “Müharibə daha da şiddətlənəcək, bundan sonra danışıqların əhəmiyyəti qalmayacaq”

Politoloq Elxan Şahinoğlunun bildirdiyinə görə, Kreml saxta referendumun nəticəsinə əsasən Ukraynanın 4 bölgəsini Rusiyaya birləşdirəcək: “Müharibə daha da şiddətlənəcək, bundan sonra mümkün danışıqların əhəmiyyəti qalmayacaq. Türkiyə tərəflər arasında taxıl anlaşmasından və əsirlərin dəyişdirilməsindəki vasitəçiliyindən sonra müharibənin dayandırılmasında artıq israr edə bilməyəcək. Çünki nə Kreml saxta referendumla Rusiyaya biləşdirdiyi bölgələri geri qaytarmaq istəyəcək, nə də Kiyev bununla barışaraq əks-hücumlarını dayandıracaq. Kreml Ukraynanın uğurlu əks-həmlələrinə cavab olaraq nüvə silahından istifadə edəcəkmi? Vaşinqton Putini artıq xəbərdar edib, Kremli anladıblar ki, Ukraynaya qarşı nüvə silahından istifadə etsə, Rusiyaya da nüvə silahı atılacaq. Putin səfərbərlik qərarı ilə Rusiyada mərkəzdənqaçma meyllərini gücləndirəcək. Dağıstanda etirazlar kütləvi xarakter alıb, valideynlər övladlarını ölümə göndərmək istəmirlər. Putin pandora qutusunun ağzını açıb, nəticə Rusiya üçün yaxşı olmayacaq”.

Analitikin fikrincə, Ukraynaya nüvə silahı atan ölkə Polşaya, Baltik ölkələrinə və digərlərinə qarşı da eyni silahdan istifadə edəcək: “Ona görə Rusiyanı dayandırmağın yolları tapılmalıdır. Vaxtında NATO Ukraynanı üzvlüyünə qəbul etsəydi, indi Medvedyev rahat şəkildə Ukraynaya nüvə silahı atacağı fikrini səsləndirməzdi. Vaxtilə ABŞ və Böyük Britaniya Ukraynanın SSRİ-dən qalma nüvə silahlarını Rusiyaya ötürülməsinə dəstək verdilər və bunun qarşılığında Ukraynanın ərazi bütövlüyünə təminat verdilər. Bu təminat boş çıxdı, Rusiya Krımı və Donbası ilhaq etdi, indi də Ukraynanın digər ərazilərini qoparmaqla məşğuldur. ABŞ və Böyük Britaniya Ukraynanı nüvə silahı ilə təmin etsələr, Kremlin Ukraynanı nüvə silahı ilə vurması gündəlikdən çıxacaq. Ya da Vaşinqton və London Kremlə açıq şəkildə deməlidirlər ki, Rusiya Ukraynaya nüvə silahı atsa, ABŞ və Böyük Britaniya Rusiya ərazisinə nüvə silahı atacaq. Rusiyanı dayandırmağın başqa alternativi qalmayıb”.

Hər şey qaydasındadır, yaxşıyam" -

Qabil Hüseynli: “Gələn ilin ortalarına kimi kağız üzərində qurulmuş dövlətlər Ukraynaya qayıdacaq”

Professor Qabil Hüseynli hesab edir ki, referendumun nəticələri qəbuledilməzdir: “Bu, qeyri-qanuni keçirilən rəy sorğusudur.   Rusiya tərəfindən Ukraynanın işğal edilmiş ərazilərində keçirilən referendum saxtadır. Əhalisinin böyük hissəsinin qaçıb-getmiş, müharibə şəraitində yerli əhalinin də iştirak edib-etməməsi haqqında düzgün məlumatlar verilmədiyinə görə bütövlükdə bu, saxta bir refendumdur. Təbii ki, bunu dünya ölkələri tanımayacaq və bunu tanımağa heç kimin haqqı yoxdur.  Müstəqil dövlətin ərazilərini işğal elə və orada da saxta refendum keçir. Daha sonra həmin ərazilərin Rusiyaya birləşdirilməsi və Rusiya torpağı olması haqqında ikiüzlü bəyanat ver. Bu, riyakarlıqdır, biabırçılıqdır. Eyni zamanda dünya ictimai rəyinə meydan oxumaqdır. Biz özümüz də separatizmdən, müharibədən əziyyət çəkmiş ölkəyik. İşğal yolu ilə həyata keçirilən və separatizmdə müşayiət olunan saxta, yalançı, riyakar siyasi aksiyanı qətiyyən tanıya bilmərik”. Q.Hüseynli həmçinin DXR, LXR, Zaporojye və Xerson vilayətlərinin Krım Federal Dairəsinə birləşdirilməsinə münasibət bildirib: “Rusiyanın tərkibində federal qurum yaranır. Oraya da Putinin sərəncamı ilə başçı təyin olunur. Bu da saxtakarlıqdır. İşğala, təcavüzə məruz qalmış torpaqları öz üzərinə qatırsan və onlardan ibarət federal dövlətmi, dairəmi yaradırsan?! Dünya işğalçılıq tarixində bu misli görünməmiş bir hadisədir. Bunların heç biri uzunömürülü deyil. Uzağı, bu ilin sonlarına yaxın və ya gələn ilin ortalarına kimi bu kağız üzərində qurulmuş dövlətlər yenidən öz doğma yerlərinə, Ukraynaya qayıdacaq. Rusiyanın hərbi cinayətləri Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən özünün lazimli hərbi hüquqi və siyasi qiymətini alacaq”. 

Emil SALAMOĞLU