23 Dekabr 2024

Hər yandan xoş avaz gəlir, sular deyir: Yaz… Yaz gəlir – FOTO VİDEO

Bu gün Novruzun ilk müjdəçisi olan Su çərşənbəsidir. Bu çərşənbəyə xalq arasında “Əzəl çərşənbə”, “Gözəl çərşənbə”, “Sular Novruzu” da deyilir. Rəvayətlərdə deyilir ki, bu gün Xızır peyğəmbər Dirlik çeşməsindən su içib, Koroğlu Qoşabulaqdan su götürüb. Qədim inanclara görə isə, Su çərşənbəsində sübh tezdən bulaqdan götürülən su min bir dərdin dərmanı sayılır.

Bu fikirləri AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində AMEA-nın Gəncə bölməsinin şöbə müdiri, folklorşünas Ruziyə Quliyeva deyib.

O bildirib ki, milli-mənəvi mədəniyyətimizdə xüsusi yer tutan Novruz ən qədim və zəngin tarixi bayramlarımızdan biridir. Bayramın ilk xəbərçisi olan Su çərşənbəsində Novruza hazırlıqlar başlayır. Deyilənə görə, Tanrı ilk olaraq suyu yaradıb və buna görə də su ilk çərşənbə kimi qeyd edilir.

“Su çərşənbəsində suyun müqəddəs mahiyyəti bir daha ifadə olunur. Bütün mifik mətnlərdə su həyat verən, dirildən, xoşbəxtlik gətirən müqəddəs inam obyekti kimi çıxış edir. Su çərşənbəsi Boz ayın dörd müqəddəs çərşənbəsinin ilkidir. Dastanlarımızda, nağıllarımızda xalqımızın suya olan inam və hörməti daim özünü göstərib,” – deyə folklorşünas vurğulayıb.

Su çərşənbəsi suya ibadətlə başlayır. Su üstündən atlanmaq, arzularını, diləklərini suya danışmaq, sübh tezdən evə bulaq suyu gətirmək və s. bu ayinlərdəndir. Su çərşənbəsi ilə bağlı su falları da mövcuddur.

İstiqlal şairi Əhməd Cavad su çərşənbəsini belə tərənnüm edir:

Bulaqların gözü açıq,

Ormanların üzü açıq…

Hər yandan xoş avaz gəlir,

Sular deyir: Yaz… Yaz gəlir.

Qeyd edək ki, fevralın 28-də Od, martın 7-də Yel (Hava), 14-də isə İlaxır – Torpaq çərşənbəsi qeyd ediləcək. Yaz fəsli Azərbaycana martın 21-i saat 01:24:24 də daxil olacaq. Nazirlər Kabinetinin qərarına əsasən, bu il mart ayının 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır.