20 Aprel 2024

Azərbaycan ərazilərində ekoloji terrora, talana son qoyulmalıdır

Təxminən 30 illik işğal dövründə Azərbaycan ərazilərində Ermənistan müxtəlif ekoloji terror hadisələri törətməklə təbiətə ciddi zərbə vurub. Bu da Ermənistanın qoşulduğu ekologiya və ətraf mühitlə bağlı beynəlxalq konvensiyaları, o cümlədən “Ətraf mühitin dəyişdirilməsi üsullarının hərbi və ya hər hansı başqa düşmənsayağı istifadəsinin qadağan edilməsi haqqında” BMT konvensiyasını pozduğuna sübutdur. 
44 günlük Vətən müharibəsindəki qələbəsindən sonra Azərbaycan işğaldan azad edilmiş ərazilərdə uzun illər qanunsuz istismara məruz qalmış yataqlarda ekoloji vəziyyəti öz nəzarəti altına alıb.  Lakin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi yerlərdə hələ də buna tam nail olunmayıb. Separatçılar 10 noyabr bəyanatından irəli gələn öhdəliklərin yerinə yetirilmədiyi bir vaxtda Qarabağın təbii sərvətlərini, eləcə də “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarını bacardıqları qədər talamağa davam edirlər. 

Azərbaycan cəmiyyəti Ermənistanın bizim suveren ərazilərimizdə yeraltı sərvətlərimizi vəhşicəsinə istismar etməsinə laqeyid yanaşa bilməz. Vətəndaş cəmiyyəti fəalları və gənclər ermənilər tərəfindən törədilən ekoloji terrora, ekoloji talana dinc aksiya keçirməklə etiraz edirlər. Fəallar və gənclər etirazlarını sivil qaydada bildirir,  tələblərini müxtəlif şüarlar vasitəsilə səsləndirirlər. 

Bu etiraz aksiyası tələblərimiz təmin edilənə qədər davam etdiriləcək. Aksiyanın məqsədi qeyri-qanuni istismara məruz qalan faydalı qazıntı yataqlarımızda Azərbaycan ekoloqları tərəfindən monitorinq keçirilməsinə, ətraf mühitin vəziyyətinin qiymətləndirilməsinə nail olmaqdır. Nəzərə almaq lazımdır ki, biz tələblərimizdə tamamilə haqlıyıq. Dekabrın 12-dən etibarən davam edən dinc aksiyada qeyri-hökumət təşkilatlarının nümayəndələri, ekoloqlar və jurnalistlər iştirak edir,  “Ekoloji terrora son!”, “Təbiətimizi qoruyaq!”, “Mina terroruna son!” kimi şüarlar səsləndirirlər.
İstismar olunan yataqlar Azərbaycanın ən perspektivli mədən sahələrindən hesab edilir. İşğal dövründə həmin yataqlar “Vallex Group” erməni korporasiyası tərəfindən talan edilib və bu, indi də davam edir. Azərbaycan ictimaiyyətinin məqsədi də belə terrorlara birdəfəlik son qoymaq və ekoloji sabitliyi qorumaqdır.  

Aksiyanın gedişatından da bəllidir ki, aksiya iştirakçıları dinc erməni əhaliyə heç bir problem  yaratmır,  humanizm prinsiplərinə sonuna qədər əməl edirlər. Ermənilərin Laçın yolunun bağlanması ilə guya Qarabağdakı mülki şəxslərin, xüsusilə də xəstələrin ərazidən çıxa bilməmələrinə dair iddialarına cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, Laçın yolu azərbaycanlı etirazçılar tərəfindən deyil, Rusiyanın sülhməramlı kontingenti tərəfindən bağlanıb. Sülhməramlıların bu cür davranışı, aksiya iştirakçılarının tələblərini təmin etməmələri isə sadəcə süni gərginlik yaradır. Fəallar isə haqlı tələbləri nəzərə alınana qədər əzmlə, səbirlə bu aksiyanı davam etdirəcəklər.

Rövşanə Abbasova,
YAP Xətai rayon təşkilatının “Xudu Məmmədov 3” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü