Gürcüstanın uğursuz təcrübəsini təşviq edənlərin məqsədi- Azay Quliyevin yazısı
Son zamanlar bəzi erməni və azərbaycanlı ekspertlər tərəfindən Azərbaycanın Qarabağda yaşayan erməni sakinlərinin reinteqrasiyası ilə bağlı dəqiq siyasətinin və ya planının olub-olmaması ətrafında müzakirələr aparılır.
Müzakirələr zamanı səsləndirilən məsələlərdən biri budur ki, Azərbaycan hələ də erməniləri necə reinteqrasiya edəcəyi barədə planını ictimaiyyətə açıq elan etməyib və bu baxımdan Gürcüstanın uğursuz təcrübəsini yaxşı nümunə kimi göstərməyə, bəzən məsələnin mahiyyətini qəsdən təhrif etməyə və reinteqrasiya prosesini bilərəkdən gözdansalmağa çalışırlar.
Təbii ki, bu cür yanaşma doğru deyil və qəbuledilməzdir. Gəlin, Azərbaycanın reinteqrasia ilə bağlı siyasətinin nədən ibarət olduğuna faktlarla qısa nəzər salaq:
BİRİNCİ, Azərbaycan ən ali səviyyədə, cənab Prezident səviyyəsində Qarabağdakı potensial erməni vətəndaşlarının ölkəmizin siyasi, sosial, iqtisadi və hüquqi məkanına reinteqrasiyası prosesinin necə həyata keçirilməli olduğunu yerli və beynəlxalq ictimaiyyətə açıq şəkildə bəyan edibdir. Bunun üçün ilk növbədə beynəlxalq hüququn, Azərbaycanın Konstitusiyası və qanunlarının tələblərinə uyğun olaraq Qarabağ ermənilərinin təhlükəsizliyinə, qanuni maraqlarının və hüquqlarının təminatına zəmanət verilir.
İKİNCİ, rəsmi Bakı reinteqrasiyanın bütün müddəalarını detallı şəkildə müzakirə edib razılaşdırmaq məqsədilə Qarabağ erməniləri ilə heç bir kənar vasitəçi olmadan birbaşa dialoqun qurulmasının vacibliyini bildirib və bu məqsədlə deputat həmkarımız Ramin Məmmədovu Xüsusi Nümayəndə müəyyən edib, bu ilin əvvəllərində isə ilkin müzakirələrin keçirilməsinə də nail olub. Dialoqun davamı üçün Bakıda, Yevlaxda və ya Bərdədə görüşlərin keçirilməsi təşəbbüsü irəli sürülüb, lakin Ermənistanın və separatçı qüvvələrin təhriki ilə növbəti görüşlər hələki baş tutmayıb.
ÜÇÜNCÜ, rəsmi Bakı reinteqrasiya prosesinə mane olan bir sıra məsələlərin, xüsusilə, Qarabağda olan qanunsuz erməni silahlı dəstələrinin tərksilah olunaraq Ermənistana geri dönməsini, Qarabağın ermənilər yaşayan hissəsinin Ermənistan tərəfindən maliyyələşdirilməsinin dayandırılmasını, ərazinin işıq, qaz, internet, ərzaq və digər zəruri vasitələrlə təminatının yalnız ölkənin vahid şəbəkəsindən, mərkəzləşdirilmiş qaydada və ölkənin qanunları çərçivəsində həyata keçirilməsini tələb edir. Bu legitim tələblərin həyata keçirilməsi qaçılmazdır və bunun icra mexanizminin bütün nüansları birbaşa dialoqun və müzakirələrin predmeti olmalıdır.
DÖRDÜNCÜ, rəsmi Bakı xoşgörü və humanizm göstərərək bəyan edib ki, əgər, Qarabağ erməniləri reinteqrasiya prosesində səmimi və ardıcıl olarlarsa, müharibə, insanlıq əleyhinə və soyqırımı cinayəti törədənlər istisna olmaqla, digər cinayət törətmiş ermənilərin əfv olunması məsələsinə baxıla bilər.
BEŞİNCİ, rəsmi Bakı haqlı olaraq tələb edir ki, reinteqrasiya prosesini uğurla həyata keçirtmək üçün revanşist və təhrikedici çağırışlara son qoyulmalı, Qarabağdakı qanunsuz və qondarma qurumlar ləğv edilməli, Azərbaycanın yurisdiksiyası çərçivəsində müvafiq dövlət institutları yaradılmalı, milli valyutamız-manat yeganə tədavül vasitəsi kimi dövriyyədə olmalıdır. Xankəndində və ətraf ərazilərdə yaşayan ermənilərin siyahıya alınması həyata keçirilməli və ölkə vətəndaşı kimi qalıb yaşamaq istəyənlərin tibbi, pensiya, məşğulluq, iş yerləri, təhsil və digər sahələrlə bağlı ehtiyacları qarşılanmalıdır. Bütün bunların qısa və effektiv şəkildə həyata keçirilməsi üçün Azərbaycanın müvafiq nazirlik və komitələrinin çox mükəmməl və effektiv planı vardır.
Bu siyahını daha da genişləndirmək olar, lakin qeyd olunanlar da kifayət edər ki, hər kəs Azərbaycanın nə qədər beynəlxalq hüquqa və ölkə qanunlarına uyğun açıq, şəffaf, ədalətli və humanist, eyni zamanda qətiyyətli və prinsipial reinteqrasiya siyasətinin və planının olduğuna bir daha əmin olsun.
İndi ermənilər, təəssüflər olsun ki, son günlər özlərini azərbaycanlı adlandıran bəzi ekspertlər də onlara qoşularaq ictimai rəyi çaşdırmağa çalışırlar ki, guya, Azərbaycanın irəli sürdüyü şərtlər dialoq şərtləri yox, ultimatumdur. Bu mənada Gürcüstanı misal göstərərək bildirirlər ki, gürcü hökuməti Abxaziya və Cənubi Osetiyaya münasibətdə daha loyal və yumşaqdır.
Əvvəla, Azərbaycanla Gürcüstanın bu məsələdə müqayisə olunması qüsurludur, çünki yerdəki vəziyyət tamamilə fərqlidir.
Azərbaycan ərazi bütövlüyünü de yure və de fakto təmin edibdir, Xankəndi və ətraf ərazilərdə ölkəmizin yurisdiksiyasının nə yolla olur olsun, tam bərpa olunmasının yaxın zamanda hamımız şahidi olacağıq. Azərbaycanın reinteqrasiya ilə bağlı şərtlərini ermənilərin ultimatum adlandırması onların öz problemidir və bizim üçün bu siyasət qətiyyətin və qalibiyyətin təcəssümüdür.
Digər tərəfdən, ikinci Qarabağ savaşında acı məğlubiyyətə düçar olan Ermənistanın və Qarabağ ermənilərinin Azərbaycanın şərtlərini qəbul etməkdən başqa çıxış yolları varmı? Əlbəttə, yoxdur.
Ancaq gürcü dostlarımız inciməsin, bu gün Gürcüstanın apardığı reinteqrasiya siyasətində nə qətiyyət, nə də real nəticə hiss olunmur. 15 ildən çoxdur ki, Gürcüstan ölkəni parçalamış osetin və abxazlara pulsuz təhsil, pulsuz tibbi xidmət, əlverişli biznes imkanları yaratmaq və s. kimi ən müxtəlif şirnikləndirici vədlərlə onları separatizmdən əl çəkməyə, Gürcüstanın ərazi bütövlüyünə və qanunlarına hörmət etməyə təşviq edir. Bəzən isə bu siyasət daha çox xahiş və yalvarış xarakteri daşıyır. Lakin təəssüflər olsun ki, indiyə kimi Gürcüstan bu istiqamətdə sıfır nəticəyə nail olub. Nə Abxaziyanın və Cənubi Osetiyanın Rusiya tərəfindən qanunsuz ilhaqına və ya Rusiya ilə bərabər bir neçə ölkənin bu qondarma respublikaların tanınmasına son qoyulub, nə də separatist meyllər bu ərazilər də azalıb, əksinə, Gürcüstanın bu xoş niyyətini zəiflik kimi başa düşərək onun pulsuz yardımından faydalananların bölücü siyasi və ideoloji baxışında heç bir müsbət dəyişiklik olmayıb. Çünki Gürcüstanın itirilmiş ərazilərini bu yolla geri qaytarmaq istəyi küləkli havada çobanın at belində qovud yeməyinə bənzəyir.
Mən açığı indiki vəziyyətdə dost Gürcüstanı bu məsələdə çox qınamaq da istəmirəm, çünki Gürcüstan o gücdə deyil ki, Azərbaycan kimi öz ərazilərini xarici işğaldan hərbi-siyasi yolla, böyük ağıl və diplomatik bacarıqla azad edə, qətiyyətli və birmənalı reinteqrasiyasi siyasətini həyata keçirə bilsin.
Ona görə də Gürcüstanın heç bir konkret nəticəsi olmayan və faktiki fiaskoya uğrayan reinteqrasiya təcrübəsi heç bir halda Azərbaycana örnək ola bilməz. Azərbaycan dünyada ərazilərinin xarici işğaldan azad edilməsinin, separatizmin məhv edilməsinin, reinteqrasiyanın parametrlərini və modelini yaradıb və əminəm ki, həm indi, həm də gələcəkdə bu bəladan əziyyət çəkən bütün ölkələr “Azərbaycan modeli”ndən mütləq şəkildə faydalanacaqlar.
Ermənilər isə Gürcüstanın uğursuz təcrübəsini yaxşı bildikləri üçün onu Azərbaycana nümunə göstərirlər ki, Prezident İlham Əliyevin qətiyyətli və qaçılmaz reinteqrasiya siyasətinə mane olsunlar, bunu bacarmadıqları təqdirdə, heç olmasa, bu siyasəti gözdənsalmağa çalışsınlar. Burada ermənilərin mövqeyi və marağı aydındır.
Bəs görəsən, “Gürcüstan təcrübəsini” qabardan və təşviq edən azərbaycanlı ekspertlərin marağı nədir?
Niyə onlar erməni dəyirmanına su tökürlər?
Azay Quliyev, Millət vəkili