23 Dekabr 2024

Ərdoğanın Putinlə görüşü: Ermənistan nədən narahatdır? – ŞƏRH

Azərbaycana qarşı hərbi addım atan Tehran İranın paytaxtı kimi bircə həftə də qala bilməz

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Moskva səfəri və Rusiyanın dövlət başçısı Vladimir Putinlə görüşməsi Azərbaycanda böyük maraqla, Ermənistanda isə, dərin narahatlıqla izləndi. Bu marağın və narahatçılığın səbəblərini anlamaq heç də çətin deyil. Türkiyə Azərbaycanla dost və qardaş ölkədir, ötən iş baş verən 44 günlük savaşda birmənalı şəkildə yanımızda olub. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olan Ermənistan isə, çox umsa da, Rusiyadan arzuladığı dəstəyi ala bilməyib. Krem ikinci Qarabağ müharibə başlayar-başlamaz elan edib ki, hərbi əməliyyatlar Azərbaycanın suveren ərazilərində getdiyindən, məsələ KTMT-lik deyil. Üstəlik o da faktdır ki, Ermənistan Türkiyə-Rusiya yaxınlaşmasına hər zaman xəbis yanaşıb, Ankara və Moskva arasında münasibətlərin istiləşməsini öz aktuallığını azaldan faktor hesab edib. Azərbaycan isə, həm də bu səbəbdən Putin və Ərdoğan kimi dünya siyasətində öz xarakterləri ilə seçilən dövlət başçıları arasında xoş münasibətlər formalaşmasında maraqlı olub.

BMT-nin toplantısına qatılmaq üçün Nyu-Yorka gedən, ancaq NATO dövlətinin lideri olsa da, ABŞ prezidenti Co Baydenlə görüşə bilməyən Ərdoğan tədbirdən sonra daha gizlətməyə lüzum görmədi ki, “Ağ ev”lə Ankara arasında xeyli narazılıq var. Bu ilin aprelində Co Baydeninin “erməni genosid”ini tanımasından sonra bu ziddiyyətlər ortada idi, ancaq onların çözülməsi üçün iki ölkə rəhbərliyi arasında ümumi dil tapılacağına ümid edilirdi. Zira, Baydenin onun ölkəsinə gəlmiş Türkiyə prezidentini qəbul etməməsi, onunla təmas qurmaması göstərir ki, ABŞ Ərdoğana təzyiqlərini davam etdirir edir. Ərdoğanın Putinlə görüşü məhz bu ərəfədə baş verdiyindən istər Türkiyə, istərsə də Rusiya üçün yeni fürsət sayılırdı.

Türkiyə ilə Rusiyanın Əfqanıstan məsələsini müzakirə etməsi, zənnimcə, çox zaman almayıb. Vaxtilə SSRİ Əfqanıstana girmişdi və orada sosialist respublika qurmaq istəyirdi. Uzun illərdən sonra Əfqanıstanı tərk elədi və çökdü. SSRİ çökdükdən sonra məlum oldu ki, nəhəng imperiyanın yıxılmasında Əfqanıstan siyasəti təhrikedici rol oynayıb. Soyuq müharibədən sonra Əfqanıstana ABŞ liberalizm ixrac etmək istədi, ordusu vasitəsi kapitialist ölkə qurmağa cəhd göstərdi, bu da alınmadı. Coğrafiyada “Taliban” bitmişdi. Artiq Kabulu ələ keçirmiş və “islam əmirliyi” olduğunu elan etmiş “Taliban”ı Əfqanıstanda hakimiyyətdən uzaqlaşdırmaq üçün Rusiya SSRİ-nin səhvini təkrarlamaq istəməz, Türkiyənin də ABŞ-ın çıxdığı bir ölkəyə girməsi gözlənilmir. Elə bu səbəbdən də Əfqanıstandan söz salmaqla, çox güman, dövlət başçıları bir-birinin baxış bucağı ilə tanış olmaq istəyiblər.

Əfqanıstandan fərqli olaraq, Suriya mövzusunda Rusiya və Türkiyə əks qütblərdir. Ankara Suriyada Bəşər Əsəd rejiminin dəyişməsi üçün əlindən gələni əsirgəmir, Moskva isə qorumaq üçün. Əlbəttə, məsələ Bəşər Əsədin şəxsi taleyi deyil, Rusiya və Türkiyənin Suriyada olan fərqli və zidd maraqlarıdır. Bu ziddiyyətləri bir gündə və bir görüşdə çözmək mümkün deyil. Ancaq bütün kanallarla təmasların davam etməsi, Suriya və Suriyadan kənar mövzularda qarşılıqlı güzəştlərə hazırlıq üçün əsasların yaranması, o cümlədən NATO dövləti olan Türkiyənin Rusiyadan böyük paralarla hava müdafiə sistemi alması gərginlyi yumşaldan amillərdir. Qarabağ münaqişəsinin həlli onu göstərdi ki, Türkiyə ilə Rusiya ektermal situasiyalarda xeyli dərəcədə ümumi məxrəcə gələ bilirlər. Təsadüfi deyil ki, Ərdoğan Moskvadan qayıdarkən açıq şəkildə vurğuladı ki, Rusiya Qafqaz və Qafqazətrafı dövlətlərin “6-lıq” formatında əməkdaşlıq etməsində və regionda yeni səhifə açılmasında maraqlıdır.

Bu, maraq Azərbaycanın milli və strateji mənafeləri ilə tam üst-üstə düşür. Ancaq qarşıda bir neçə əngəl var. Əvvəla, Gürcüstan Abxaziya və Güney Osetiyanın Moskva tərəfindən tanınmasından sonra Rusiya ilə bütün diplomatik əlaqələri kəsib. Həmçinin bölgədə əməkdaşlıq mühitinin yaranması Ermənistanı kommunikasiya layihələrinə cəlb edəcək ki, bu, Gürcüstanın maraqlarına elə də uyğun deyil. Ancaq Gürcüstanın həm Azərbaycana, həm də Türkiyəyə etimadı mövcuddur. Odur ki, formatın işə düşməsi üçün Gürcüstanın razılığını ala bilmək üçün kanallar açıqdır. İkinci problem 44 günlük savaşda Azərbaycana məğlub olmuş Ermənistandır. Ermənistan bir tərəfdən başa düşür ki, yeni reallğı dəyişmək üçün heç bir imkanı yoxdur, o biri tərəfdən isə, özünü münaqişə tərəfi saxlamaq üçün irreal siyasət yürüdür. Odur ki, Ermənistan nəhayət bir suala qəti cavab verməlidir: o, artıq bitmiş bir münaqişəni yenidən alovlandırmaq istəyən tərəfdir, yoxsa, Qafqazda yeni səhifə açılmasını istəyindədir? İrəvanın bu məsələdə seçim imkanı yoxdur. O, nə Azərbaycana hər hansı şərt irəli sürə bilər, nə Türkiyəyə gövdə göstərə, nə də Rusiyanın diqtəsindən çıxa. Qısacası, Ermənistan o masaya ya xoşluqla, ya da başına qapaz dəyə-dəyə gəlib oturacaq.

İran İslam Respublikasının son davranışları isə, heç də yeni formatda əməkdaşlığa hazırlaşan tərəfə yaraşan hərəkətlər deyil. İran Azərbaycanla sərhəddə hərbi təlimlər keçir, bununla təkcə Bakıya deyil, elə Ankara və Moskvaya da əzələ nümayiş etdirir. Heç kimə sirr deyil ki, əgər İran-İsrail savaşı başlayarsa, islam respublikasının ərazisinə digər tərəfin qoşunları Azərbaycandan deyil, İraqdan girəcək. O zaman çox sadə sual yaranır: İran İsraillə savaşa hazırlaşırsa, hərbi təlimləri Azərbaycanın güneyində niyə keçir? İranla Azərbaycanın sərhədi sovet dövründən bəllidir, heç bir mübahisəyə yer yoxdur. İran ölkəmizə hücum çəkmək, bizi kiçik görüb cəzalandırmaq imkanında da deyil. “Balaca” Azərbaycan dünyada öz siyasi gücünə görə İrandan qat-qat böyükdür. Türkiyənin, İsrailin, Pakistanın, ABŞ-ın, Rusiyanın, Böyük Britaniyanın var olduğu bir dünyada Azərbaycana qarşı hərbi addım atan Tehran İran İslam Respublikasının paytaxtı kimi bircə həftə də qala bilməz. Sadəcə, İran regionda “qüdrətli oyunçu” olduğunu nümayiş etdirmək, bununla 6-lıq formatında qurulacaq masadan daha çox divident götürmək istəyir. Amma taktikası yanlışdır. Çünki masanın qurucuları- İlham Əliyev, Rəcəb Ərdoğan və Vladimir Putin “təzyiq dili” ilə danışılacaq liderlər deyil. Əgər İran beynini qurutduğu üç-beş çadralı arvada və mərceyi-təqlidlərinə “ağam” deyən simpatizanlarına güvənib Ermənistanı gücləndirmək siyasətinə davam edəcəksə, Azərbaycanı İsraillə daha da yaxınlaşdıracaq, Bakı onlardan gələn təkliflərə daha açıq olacaq, qısa bir müddətdə Ermənistanı itirəcək. Azərbaycan və Türkiyə üzərindən dünyaya çıxış imkanı qazanmış Ermənistanın nəyinə lazımdır axı İran?

Taleh ŞAHSUVARLI