22 Dekabr 2024

Elnarə Cəfərova: Azərbaycan xalqı bu gün qardaş Türkiyənin yanındadır.

Ulu Öndərimiz deyirdi: ”Türkiyə ilə Azərbaycanın əlaqələrinin qədim və zəngin tarixi var. Bu əlaqələr dostluq, qardaşlıq əlaqələridir. Həmin əlaqələrin mənbəyi bizim müştərək tarixi köklərimizdir, eyni kökə mənsubiyyətimiz, dilimizin, dinimizin, adət-ənənələrimizin eyni olmasıdır. Bütün bunlar əsrlər boyu bizi bərabərliyə, dostluğa, əməkdaşlığa çağırıbdır”. Tarix boyu Türkiyə və Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri mövcud olub. Hər iki xalq birlik nümayiş etdirib, bir-birinin sevincini və kədərini bölüşüb. Dövlətlərimiz və xalqlarımız arasındakı münasibət daim hökm sürür və sürəcək.

Dövlətlərimizin və xalqlarımızın bir-birini dəstəklədiyi belə məqamlar saysız-hesabsızdır və onları sadalamaqla bitməz. Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında “Şuşa bəyannaməsi” isə iki dövlət arasında dostluğun və qardaşlığın növbəti təzahürü oldu. Böyük əhəmiyyətli mühüm tarixi sənəd hər iki dövlətin möhürü oldu. Bu gün yüksək səviyyəli əməkdaşlığa əsaslanan Azərbaycan-Türkiyə münasibətləri yeni mərhələyə yüksəlmişdir. Eyni soykökə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması Azərbaycan və Türkiyə arasında əlaqələrin davamlı inkişafına şərait yaradır. Ölkə Prezidentlərinin iradəsinə uyğun olaraq yeni inkişaf mərhələsinə qədəm qoymuş ikitərəfli münasibətlərimiz bütün istiqamətlər üzrə genişlənir.

Ölkələrimiz regionda və beynəlxalq aləmdə baş verən bütün hadisə və proseslərə eyni mövqedən çıxış edirlər. Qarşılıqlı səfərlər ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayır, bütün sahələrdə əlaqələr genişlənir.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də dediyi kimi “Xalqlarımızın iradəsindən və ortaq milli-mənəvi dəyərlərindən qaynaqlanan Azərbaycan-Türkiyə birliyi və strateji müttəfiqliyi birgə səylərimizlə bu gün ən yüksək səviyyədədir. Dünyada bənzəri olmayan bu dostluq və qardaşlıq münasibətləri regionda sülhə, təhlükəsizliyə və əməkdaşlığa xidmət edən, siyasi və iqtisadi proseslərə istiqamət verən mühüm amilə çevrilmişdir…. Əminəm ki, gələcək nəsillərə ən böyük əmanətimiz olan sarsılmaz Azərbaycan-Türkiyə birliyi və qardaşlığı “Bir millət, iki dövlət”şüarına uyğun olaraq bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək və güclənəcəkdir.Qardaş Türkiyədə baş verən zəlzələ bizi də bir dövlət kimi sarsıtdı. Dövlətimizin başçısının Türkiyənin Bakıdakı səfirliyini ziyarət etməsi, matəm kitabına ürək sözlərini yazması, səfirlə söhbətində Azərbaycan dövlətinin və xalqının bu çətin gündə qardaş Türkiyənin yanında olması xüsusi vurğulanıb. Yazıda Prezident İlham Əliyevin “Bu dəhşətli zəlzələ bizi çox sarsıtdı.Yəni, hər birimizə böyük mənəvi zərbə vurdu. Biz qardaşlarımızın dərdinə şərikik. Yaralılara Allahdan şəfa diləyirik”-sözlərinə yer verilib.

Azərbaycan Prezidentinin Türkiyə dövlətinin operativ və çevik addımlarının insan amilinin Türkiyə hökuməti üçün əsas məsələ olmasını göstərməsi və qardaş ölkənin gücünün bütün dünyaya bir daha nümayiş etdirməsi barədə fikirləri də diqqət cəlb edib.

Azərbaycan öz dəstəyini, öz həmrəyliyini həmişə olduğu kimi nümayiş etdirir. Əgər bu acı faciənin fəsadlarının aradan qaldırılmasına bir balaca kömək edə bilmişiksə, bunu özümüz üçün şərəf bilirik.

Azərbaycan xalqı könüllü olaraq qardaşlara, öz doğma qardaşlarına dəstək olmaq üçün kimin əlində nə var onu gətirir. Kimi yorğan gətirir, kimi döşək gətirir, kimi gödəkcə gətirir. Kimin imkanı nəyə çatırsa, onu da əsirgəmir. Biz bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur.

İctimai təşkilatlar, özəl sektorlar, Azərbaycanın ən böyük şirkətləri öz dəstəyini göstərirlər. Bütün dövlət qurumları da bu gün qardaş türk xalqının yanındadır. Dövlət qurumlarının nümayəndələri öz təşkilatları çərçivəsində humanitar yardımın təşkilində fəaldırlar. Heydər Əliyev Fondu artıq böyük təşəbbüsə start verdi. Fondun bütün imkanları, Fondun nəzdində çalışan bütün insanlar artıq bu yardım kampaniyasına qoşulmuşlar. Böyük bir qrup könüllü artıq yola düşüb. Heydər Əliyev Fondunun nəzdində fəaliyyət göstərən könüllülər və ASAN könüllüləri müəyyən təcrübəyə malikdirlər və onlar öz bacarıqlarını əsirgəməyəcəklər.

Azərbaycan hər zaman olduğu kimi, zəlzələdən sonra ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanında idi. Azərbaycan sona qədər öz dəstəyini göstərəcəkdir.

Azərbaycandan davamlı olaraq həkimlər, xilasedicilər, könüllülər göndərilir və göndəriləcəkdir.Zəlzələdə həlak olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyirik!

Elnarə Cəfərova – N.Nərimanov adına şəhər 3 saylı məktəbin tarix müəllimi