29 Mart 2024

İki ölkə arasında əsl qardaşlıq əlaqələri mövcuddur

Azərbaycanla Türkiyənin dostluq əlaqələrinin qədim tarixi vardır. Tarix boyu Azərbaycanın problemi Türkiyənin problemi, Türkiyənin dərdi Azərbaycanın dərdi olub. Biz həmişə Türkiyənin bütün sahələr üzrə beynəlxalq aləmdə qazandığı uğurlara sevinmişik, bu nailiyyətlərlə fəxr etmişik, qürur hissi keçirmişik. Türkiyə ilə Azərbaycan arasında dostluq-qardaşlıq münasibətləri uğurla inkişaf edir, bütün sahələri əhatə edir və bu əməkdaşlığın çox gözəl nəticələri vardır. Həm ikitərəfli formatda, həm regional müstəvidə Türkiyə-Azərbaycan qardaşlığı və birgə fəaliyyəti çox önəmli bir amilə çevrilibdir. O cümlədən, Azərbaycan xalqının da uğurları, qələbələri Türkiyə üçün qürur mənbəyi olmuşdur. Tarixin sınaqlarından şərəflə çıxan Türkiyə-Azərbaycan qardaşlığı dünyaya nümunədir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, biz bütün məsələlərdə bir yerdəyik. Bu gün də bir yerdəyik! Çətin dar gündə, xoş gündə «Bir millət, iki dövlət» olaraq sınaqlardan çıxmış qardaşlıq və həmrəyliyimiz hər an göstəririk. Elə fevralın 6-da son 100 ilin fəlakəti ilə üz-üzə dayanan qardaş Türkiyədə baş verən dəhşətli zəlzələ nəticəsində çoxlu sayda insan tələfatının olması ölkəmizdə də böyük hüznlə qarşılandı. Qardaş ölkədən gələn acı xəbər Azərbaycan xalqını və dövlətini dərin kədərə boğdu. Elə həmin gün Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək, Türkiyədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbərin Azərbaycanı çox sarsıtdığını bildirdi. Prezident İlham Əliyev Türkiyə xalqına şəxsən öz adından və xalqımız adından başsağlığı çatdırdı, yaralananların tezliklə şəfa tapmasını dilədiyini bildirdi və bir daha vurğuladı ki, Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır. Həmçinin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva da sosial mediada paylaşım edərək Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin nəticələri barədə xəbərləri dərin kədər hissi ilə qarşıladığını bildirdi. Faciə zamanı həlak olanlara rəhmət diləyən, onların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verən, yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayan Mehriban xanım Əliyeva “Türkiyə xalqının kədəri bizim kədərimizdir. Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm!”, – deyə qardaş Türkiyəyə dəstəyini ifadə etdi.

Türkiyə dar günündə yanında yenə də ilk olaraq qardaşını gördü. Dövlət başçısının göstərişinə əsasən, Türkiyədə axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin ilkin olaraq 420 nəfərdən ibarət çevik xilasetmə qüvvələri fevralın 6-da qardaş ölkəyə yola düşüb. Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, FHN-in yardımlarından ibarət növbəti iki təyyarə isə fevralın 7-də qardaş ölkəyə yola salınıb və bu günə kimi də Azərbaycan xalqı və dövləti qardaş Türkiyə xalqına öz köməyini, sevgisini göstərməkdədir. Beləliklə, “dost dar gündə tanınar”, – deyib atalarımız. Həmişə olduğu kimi, təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün Türkiyəyə ilk beynəlxalq yardımı da Azərbaycan etdi. Prezident İlham Əliyevin tapşırığına əsasən, təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə qardaş Türkiyənin zəlzələ bölgəsinə dərhal yardım göstərilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər görülüb. Həmçinin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olması, bir daha «bir millət, iki dövlət» əsl qardaşlığının sarsılmazlığıdır Dövlətimzin başçısı səflikdə olarkən Türkiyədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verib və bildirib ki, bu gün Azərbaycan xalqı könüllü olaraq öz doğma qardaşlarına dəstək olmaq üçün kimin əlində nə var onu gətirir, kimin imkanı nəyə çatırsa, onu da əsirgəmir: «Biz bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur və bu da təbiidir”.

Şad gündə də, dar gündə də həmrəy olan qardaşlar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları tarixin ən dar məqamlarında, ən çətin günlərində belə öz sözünü deyir. Azərbaycan dövləti bu çətin günlərdə Türkiyənin yanındadır və zəlzələdən zərər çəkənlərə axıra kimi kömək göstərəcəklər. Bir məqamı da vurğulamaq istərdim ki, bu gün könüllü qrupların zəlzələ bölgəsinə getməsi də bizi qürurlandırır.

44 günlük İkinci Qarabağ müharibəsində bu birliyin ən yüksək zirvədə olduğunu bir daha gördük. Eyni zamanda, iki dost, qardaş ölkə arasında müttəfiqlik sənədinin 15 İyun – Milli Qurtuluş Günündə Qarabağımızın tacı, musiqi beşiyimiz Şuşada imzalanması dünyaya bu birliyin, həmrəyliyin gələcəyi ilə bağlı bir çox məqamları çatdırdı. Vətən müharibəsində dünyaya “Azərbaycan tək deyil” mesajını ünvanlayan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşadan “Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür” bəyan etdi.Və bu 44 günlük İkinci Qarabağ müharibəsinin Qələbə Zəfərində iki qardaş birliyi – İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan – “Bir millət, iki dövlət” birliyini nümayiş etdirdi. Dövlət başçımız bu birlikdən qürur duyduğunu söylədi: “Biz də bu qədər möhtəşəm dostumuz olduğu üçün qürurlu və şadıq”.

Artıq bu reallıq bütün sahələrdə sübuta yetirilməkdədir. Tezliklə, qardaş Türkiyə bu sınaqdan da üzüağ çıxacaq, Türkiyə-Azərbaycan birliyi sarsılmazdır və ağır günlərdə də iki qardaş dövlət həmişə bir-birinin yanındadır. Dövlət başçımızın dediyi kimi: “Bütün dünyaya göstərdi ki, Türkiyə-Azərbaycan birliyi sarsılmazdır və ağır günlərdə biz bir-birimizin yanındayıq. Bəli, qardaş Türkiyə bütün sınaqlardan uğurla çıxdığı kimi, bu sınaqdan da üzüağ çıxacaq, biz də dövlət və xalq olaraq sona qədər Türkiyənin yanında olacağıq”.

Səbinə İsgəndərli

Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı