19 Aprel 2024

Yaşıl enerji potensialı dünya üçün Azərbaycanın önəmini daha da artırır

Fevralın 3-də Bakıda, “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib. Dövlətimizin başçısı tədbirdə çıxış edib.

İlham Əliyev çıxışında qeyd etdi ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının səkkizinci toplantısından sonra dünyada çox şey dəyişibdir. O toplantı bir il öncə burada keçirilmişdi. Dünya dəyişib, enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyəti daha da artır və adətən görüşlərdə söylədiyimiz kimi enerji təhlükəsizliyi həqiqətən milli təhlükəsizlik məsələsidir. Yeni marşrutların qurulması və yeni mənbələrin cəlb olunmasına gəldikdə, bütün bunlar birgə səylərimizlə edilmişdir və indi görünür, bu, heç vaxt görünmədiyi kimi vacibdir. Yaxşı haldır ki, biz hər bir şeyi vaxtında etdik, vaxt itirmədik. Baxmayaraq ki, Cənub Qaz Dəhlizi layihəsinin icrasında müəyyən yubanmalar oldu, lakin biz onu mümkün qədər tez başa çatdırmağa çox sadiq idik. İndi isə biz artıq onun genişləndirilməsi haqqında danışırıq.

Təbii qaz ixracı artır – 2021-ci ildə təxminən 19 milyard kubmetr, ötən il isə 22,6 milyard kubmetr olmuşdur. Biz bu il onun 24,5 milyard kubmetr olmasını gözləyirik. Bu, o deməkdir ki, Avropa Komissiyası ilə Anlaşma Memorandumu uğurla icra olunur. Biz nəinki hasilatı, o cümlədən ixracı artırırıq və həmçinin onun coğrafiyasını genişləndiririk. Əminəm ki, layihəyə qoşulmuş ölkələr bu gün bunun faydasını artıq görürlər və görəcəklər. Həmçinin digər bağlantılar və potensial interkonnektorlar vasitəsilə biz Avropada daha çox ölkələri bu layihəyə qoşa biləcəyik.

Biz planlarımızı düzgün qurmalı və kimlərin potensial investor ola biləcəyini bilməliyik. Əlbəttə ki, biz beynəlxalq maliyyə qurumları ilə də əməkdaşlığımızı davam etdirəcəyimizə ümid edirik. Fürsətdən istifadə edərək tərəfdaşlarımız olan ölkələrin hökumətlərinə minnətdarlığımı bildirmək istərdim. Bu ölkələr Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya və yeni tərəfdaşlarımız olan Rumıniya, Moldova və Macarıstandır.

Sonra tədbir “Cənub Qaz Dəhlizi və Yaşıl enerji üzrə nazirlər sessiyası”, “Cənub Qaz Dəhlizi: Əlverişli, sabit və təhlükəsiz təbii qaz təchizatının genişləndirilməsi” və “Yaşıl enerji: Xəzər dənizinin külək enerjisinin Avropa enerji bazarlarına çatdırılması” mövzularında plenar sessiyalarla davam etdi.

Qeyd edək ki, tədbirlərdə Avropa İttifaqının, Türkiyə, İtaliya, ABŞ, Böyük Britaniya, Gürcüstan, Macarıstan, Rumıniya, Bolqarıstan, Yunanıstan, Albaniya, Moldova, Monteneqro, Serbiya, Ukrayna və Xorvatiyanın yüksək səviyyəli nümayəndələri iştirak edirlər.

Emilya Rəhimova

Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı