22 Dekabr 2024

Ekologiya və təbii sərvətlər naziri WWF-nin Qafqaz Proqramının regional direktoru ilə görüşüb

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Gürcüstana səfəri çərçivəsində noyabrın 29-da Dünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) Qafqaz Proqramının regional direktoru Georgi Sanadiradze ilə görüşüb.

 Görüşdə WWF-nun dəstəyi ilə həyata keçirilən layihələr barədə fikir mübadiləsi aparılıb. Söhbət zamanı Azərbaycanın bu sahədə gördüyü işlərdən məmnunluq ifadə olunub və əməkdaşlığın genişləndirilməsi, yeni layihələrin icrası müzakirə edilib. Bioloji müxtəlifliyin mühafizəsi sahəsində regional layihələrin həyata keçirilməsinə nəzər yetirilib. Eyni zamanda WWF-in Qafqaz Proqramı işğaldan azad edilmiş ərazilərdə bioloji müxtəlifliyin bərpası layihələrində fəal iştiraka dəvət olunub.

Qeyd edək ki, Azərbaycan bioloji müxtəlifliyin mühafizəsi sahəsində və reintroduksiya layihələrində ən fəal iştirak edən ölkələrdəndir. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, IDEA İctimai Birliyi və WWF-lə birgə ölkəmizdə biomüxtəliflik sahəsində bir neçə layihə uğurla həyata keçirilir. Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası, Avropa bizonunun ölkəmizin vəhşi təbiətinə reintroduksiyası və bəbirlərin populyasiyasının bərpası layihələri çərçivəsində əməkdaşlıq aparılır.

Sonra nazir M.Babayev, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Otar Şamugiya və digər rəsmi şəxslər Tbilisi yaxınlığındakı Krtsanisi meşə-parkını ziyarət edib, “Qafqazın Yaşıl Gələcəyi Naminə GürcüstanAzərbaycan Dostluq Parkı”nda ağac əkiblər.

Nazir M.Babayev, həmçinin dövlət xadimləri, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları – Fətəli xan Xoyski, Həsən bəy Ağayev, böyük ədiblər – Mirzə Fətəli Axundov və onun ailə üzvlərinin və Mirzə Şəfi Vazehin məzarları üzərinə gül dəstələri düzüb, xatirələrini ehtiramla anıblar.//AZƏRTAC