20 Aprel 2024

Bəsitçay Dövlət Təbiət Qoruğunun Əsasnaməsi təsdiqləndi

Baş nazir Əli Əsədov Bəsitçay Dövlət Təbiət Qoruğunun Əsasnaməsinin və sanitariya-mühafizə zonasının təsdiq edilməsi barədə Qərar imzalayıb.

Qərara əsasən, qoruğun sanitariya-mühafizə zonası 317,26 hektarlıq sahədə təsdiq olunub.

Qoruğun Əsasnaməsində ümumi müddəalarla yanaşı, həmin xüsusi mühafizə olunan təbiət ərazisinin fəaliyyət istiqamətləri, xüsusi mühafizə rejiminin xüsusiyyətləri, mühafizəsi, mühafizəsinə, qorunmasına və istifadəsinə dövlət nəzarəti, elmi-tədqiqat fəaliyyəti və fəaliyyətinin təşkili kimi məsələlər yer alıb.

Əsasnamədə qeyd olunub ki, Qoruq Azərbaycan SSR Nazirlər Sovetinin 1974-cü il 4 iyun tarixli 172 nömrəli Qərarı ilə Zəngilan rayonunun inzibati ərazisində yaradılıb və Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 20 oktyabr tarixli 2971 nömrəli Sərəncamı ilə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunun inzibati ərazisində fəaliyyəti bərpa edilib.

Bəsitçay Dövlət Təbiət Qoruğunun torpaqlarından, habelə onun hüdudlarında olan sudan, bitki və heyvanlar aləmindən təsərrüfat məqsədləri üçün istifadə edilməsi qadağandır.

Qoruğun vəziyyətinə, mühafizəsi, qorunması və bərpası üzrə tədbirlərin yerinə yetirilməsinə, normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydalara və tələblərə əməl olunmasına dövlət nəzarətini Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir.