23 Dekabr 2024

Demə İran niyə viran oldu?!

Ötən il “xalqlar həbsxanası” olan İranda 22 yaşlı Məhsa Əmininin Əxlaq polisi idarəsində ölümündən sonra molla rejiminə qarşı başlayan etiraz dalğası gündən-günə genişlənir. Hökumət qüvvələri etirazçılara qarşı ən sərt tədbirlərə əl atsalar da, etirazların inqilabi xarakter almasının qarşısını ala bilmir. Yəni, bu ölkədə vəziyyət gərgin olaraq qalır. Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, İranın barmağının olduğu regionlarda təhlükəsizlik, sülh və əmin-amanlıq üçün ciddi təhdid və risklər mövcuddur.

Bu mənada Yaxın Şərqdə, Suriya, Livan, İraq, Yəmən kimi ölkələrin qan çanağına dönməsində Tehranın izi təkzibolunmaz faktlarla sübut olunub. Livanda Hizbullah, İraqda hökumətə və orduya təsir edə biləcək “el- Haşdi eş-Şabi”, Suriyada iranlı generalların rəhbərlik etdikləri Fatimi alayları, Yəməndə vətəndaş müharibəsinin əsas aktorları olan Husilər, Fələstində “Əl Fəth”, “İslami Cihad”, “Qüds” qüvvələri kimi İrana bağlı hərbi-siyasi təşkilatlar məhz Yaxın Şərqdə davamlı sülhə, sabitliyə ağır zərbələr vurur.

Danılmaz faktdır ki, bu gün fars-molla rejimi İranda tarixin izlərini silməyə, azərbaycanlıları bütün platformalarda sıxışdırmağa çalışır. Bunu edərkən isə bir vaxtlar ucsuz-bucaqsız torpaqları, o cümlədən müasir İran dövlətinin yerləşdiyi ərazini idarə etmiş türk sülalələrini belə farslaşdırmaq cəhdlərindən çəkinmirlər. Fars şovinistlər hələ də səfəvilərin, əfşarların, qacarların türk olması faktına dözümsüz yanaşır, tarixi saxtalaşdırırlar. Çünki türk-azərbaycanlı adı fars şovinizmi üçün ən böyük təhdid olaraq görülür. Buna səbəb isə reallığın dərk edilməsi, azərbaycanlıların tarixinin böyüklüyü qarşısındakı acizlik və həmin tarixin təkrarlanması qorxusudur.

Fars-molla rejimi ölkə daxilindəki etirazları xarici düşmən axtarışı ilə sakitləşdirmək üçün ən çirkin vasitələrə əl atır. Bu baxımdan mollakratiyanın son dövrlərdə Azərbaycana qarşı hərzə-hədyanlarını heç də təsadüfi saymaq olmaz. Bu yaxınlarda məsələ ilə bağlı İsrailin Azərbaycandakı səfiri Corc Dik mətbuata açıqlamasında bildirib ki, İran Yaxın Şərqdə, Cənubi Qafqazda və ondan kənarda qeyri-sabitlik və müharibələrin bəlkə də əsas mənbəyidir. İran qlobal problemdir və ona görə də bütün dünya İranı dayandırmalıdır. İran rejiminin ən böyük qurbanının elə İran xalqı olduğunu görürük”.

Son zamanlar fars-molla rejimi sünni din xadimlərinə də qarşı repressiyaları artırıb. Belə ki, sünni müsəlmanlara qarşı daim repressiyalar baş verir və onları “vəhabi” adı ilə şərləyib asırlar. Azad İran yazır ki, Sistan və Bəlucistan əyalətinin mərkəzi Zahidan şəhərində Rza Rəxşani və Əbdülrəuf adlı bəluc din xadimləri təhlükəsizlik qüvvələri tərəfindən həbs olunaraq naməlum yerə aparılıblar. Orada bu kimi halların tez-tez baş verdiyini deyən ekspertlər isə qeyd edirlər ki, mollakratiya başdan təriqət ayrı-seçkiliyi yaradıb, bu da onun davamıdır.

Hazırda İranda rejimə qarşı etiraz aksiyaları səngimək bilmir.

Bu günlərdə paytaxt Tehran şəhərinin şimal-qərbində yerləşən Cənnətabad rayonunda sakinlər küçələrə çıxıblar. Onlar “Diktatora ölüm!”, “Azadlıq, azadlıq, azadlıq!”, “Xameneiyə ölüm!”, “Bu il Seyid Əli Sərqununun evinin yıxılması ilidir!”, “SEPAH-çılara ölüm!” şüarları səsləndiriblər. Həmçinin həmkarlar təşkilatlarının çağırışı ilə Tehranın bir neçə rayonunun ticarət mərkəzlərində tətil elan olunub.

Bildirilib ki, bir neçə çörəkçi Tehranda yaşayış şəraitinə, Yasuc bələdiyyəsindən bir qrup işçi isə valilik binası qarşısında borclarının ödənilməməsinə və başqa tələblərinin yerinə yetirilməməsinə etiraz ediblər.

Bundan başqa, Kermanşah, Əhvaz, Şuş və Şuştərdə də pensiyaçılar toplaşaraq, həyat şəraitinin pis olmasına və hökumətin onların tələblərinə əhəmiyyət verməməsinə etiraz olaraq şüarlar səsləndiriblər. Eyni zamanda, Cənubi Azərbaycanın Təbriz şəhərində də bir sıra təhsil işçiləri etiraz aksiyası keçirib. “Yəzd Baft” toxuculuq fabrikinin bir qrup fəhləsi isə tələblərinin yerinə yetirilməməsinə etiraz olaraq tətil elan edərək aksiya keçiriblər.

Son illərdə İran cəmiyyətinin bir çox təbəqələri, xüsusən də təqaüdçülər müxtəlif şəhərlərdə etiraz mitinqləri keçirərək həyat şəraitlərinin yaxşılaşdırılması tələbini irəli sürürlər. Onlar hakimiyyətin verdiyi vədləri yerinə yetirməməsinə etiraz ediblər. Son zamanlar İranda keçirilən etiraz aksiyalarında sosialyönlü etirazçıların da sayı artıb.

Bu yaxınlarda İranın daxilində 20-dək həmkarlar ittifaqı, tələbə təşkilatları, vətəndaş cəmiyyəti qrupları yaydıqları birgə xartiyada yeni, müasir və humanist cəmiyyətlə bağlı baxışlarını açıqlayıblar. Xartiyada gender bərabərliyi, azad söz hüququ, bütün siyasi məhbusların buraxılması, ölüm hökmünün ləğvi, etnik və dini azlıqların qorunması tələb olunur.

Bu sənədin qəbul olunmasından əvvəl müxalifətin tanınmış simalarından olan Mir Hüseyn Musəvi İranda siyasi sistemin fundamental transformasiyasına çağırıb. Fevralın 4-də yayılmış bəyanatda 80 yaşlı siyasətçi azad referendum, İranda demokratik sistemə yol açacaq yeni konstitusiya hazırlamaq çağırışı səsləndirib. 2011-ci ildən ev dustaqlığında olan keçmiş Baş nazir ölkə daxili və xaricindəki tanınmış xadimlərdən dəstək alıb. Həmçinin İranın aparıcı sünni din xadimi Molavi Abdolhamid isə etirazçıların tələbləri üzrə referendum keçirməyə çağırıb. İslam respublikasında əsas etirazçılardan sayılan din xadimi moizələrində ölkədə insan haqları pozuntularını pisləyir.

Etirazların episentri olan qərbi Kürdüstan vilayətində isə bir qrup islami din xadimi beynəlxalq müşahidəçilərin iştirakıyla referendum keçirməyə, dövlət repressiyasında rolu olanları mühakimə etməyə səsləyiblər.

Vaşinqtonda yaşayan siyasi təhlilçi Əli Əfşari xarici mətbuata bildirib ki, İranda antirejim etirazlarının əsas şüarı olan “Qadın, həyat, azadlıq”dan ruhlanan inqilabi proses formalaşır. İranda fəaliyyətinə görə həbsdə olmuş, keçmiş tələbə lideri Əfşarinin sözlərinə görə, referendum çağırışları və yerli vətəndaş qruplarının xartiya dərc etməsi etiraz hərəkatı üçün ümidverici perspektiv açır. ABŞ-ın Virciniya şəhərində yerləşən William & Mary Kollecindən tarixçi və professor köməkçisi Peyman Cəfəri isə bildirib ki, İranda sıravi qurumların hazırladığı xartiya radikal dəyişikliyin daxildən və aşağıdan gələcəyinə güclü bir xatırlatmadır. “Sənəddə konkret tələblər qoyulur və milyonlarla iranlını əldə edilməsi mümkün məqsədlər ətrafında birləşdirə bilər”.

Bütün bunların fonunda birmənalı demək olar ki, hazırda fars-molla rejiminin azadlıq, demokratiya, haqq-ədalət istəyən insanlara, xalqlara qarşı apardığı repressiv, terrorçuluq siyasəti tezliklə bumeranq effekti verəcək və İranı viran edəcək. Amma deyəsən, başı əmmaməli mollalar bunu, yəni, işin əngəlini ya anlamırlar, ya da qanmırlar. Dahi M.Ə.Sabir hələ bir əsr bundan əvvəl necə də ibrətamiz yazıb:

Bir deyən olmadı, ey хanəхərab,
Məmləkət хak ilə yeksan oldu!…
…İndi qandınsa işin əngəlini,
Demə İran niyə viran oldu?!