22 Dekabr 2024

Daşkənddə Heydər Əliyevin 100 illik yubileyi qeyd olunub

Daşkənd şəhərinin Mirabad rayonunda müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan tədbir keçirilib.

Media1.az-ın xəbərinə görə, tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin, Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin və Daşkənd şəhər “Qardaşlıq” Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Azərbaycanın Özbəkistandakı səfirliyinin və Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, Özbəkistan Nazirlər Kabineti yanında Millətlərarası münasibətlər və xarici ölkələrlə dostluq münasibətləri Komitəsinin, Mirabad şəhər meriyasının, hüquq-mühafizə orqanlarının rəsmiləri, Türkiyə Milli Mədəniyyət Mərkəzinin, Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin, “Qardaşlıq” Azərbaycan Mədəniyyət Mərkəzinin nümayəndələri və yerli sakinlər iştirak ediblər.

Öncə Heydər Əliyev adına meydanda xalqımızın dahi şəxsiyyətinin barelyefi böyük ehtiramla ziyarət edilib. Abidənin önünə əklil qoyulub və xalqımızın ümummilli liderinin əziz xatirəsi yad edilib.

Tədbirin rəsmi hissəsində Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, Özbəkistan Respublikasının Nazirlər Kabineti yanında Millətlərarası münasibətlər və xarici ölkələrlə dostluq münasibətləri Komitəsinin sədri Rustambek Kurbanov, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Vüsal Məmmədov,”Qardaşlıq” Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Xasay Abdullayev və başqaları çıxış ediblər.

Rustambek Kurbanov bildirib ki, xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qurulmasında, möhkəmləndirilməsində və inkişafında misilsiz xidmətlər göstərib. İstər sovet dövründə, istərsə də müstəqillik illərində Azərbaycan və Özbəkistan arasında ikitərəfli dostluq münasibətlərinin və əməkdaşlıq əlaqələrinin ən yüksək səviyyəyə çatmasının təməli məhz Heydər Əliyev tərəfindən qoyulub. Özbəkistanda xalqımızın dahi şəxsiyyətinin xatirəsinin daim əziz tutulduğunu söyləyən Komitə sədri vurğulayıb ki, Prezident İlham Əliyevin “Heydər Əliyev İli” elan edilməsi barədə Sərəncamı təkcə Azərbaycanda deyil, həm də Özbəkistanda qüvvədədir. Bu il ərzində Özbəkistanda Azərbaycanın və türk dünyasının qüdrətli dövlət xadimlərindən biri olan Heydər Əliyevin 100 illik yubileyi münasibətilə çoxlu sayda tədbirlərin – dəyirmi masalar, konfranslar və toplantıların keçirilməsinin nəzərdə tutulduğunu, ən böyük tədbirin isə hər iki ölkənin Dövlət Komitələrinin birgə təşkilatçılığı ilə may ayında baş tutacağını bildirib. “Özbəkistan və Azərbaycan Prezidentləri arasında mövcud olan səmimi münasibətlər dostluğumuzun daha da möhkəmləndirilməsinə xidmət edir”, – deyə Rustambek Kurbanov söyləyib.

Ölkələrimizin tarix və mədəniyyət baxımdan bir-birinə sıx bağlı olduğunu vurğulayan digər natiqlər bildiriblər ki, Azərbaycana rəhbərlik etdiyi dövrlərdə Heydər Əliyev Özbəkistanla və digər türk dövlətləri ilə münasibətlərə xüsusi önəm verirdi. Onun şəxsiyyətinin Özbəkistanda çox sevildiyini isə siyasi irsinin geniş öyrənilməsi, adının Daşkənddə azərbaycanlıların kompakt yaşadığı küçəyə verilməsi, şərəfinə Mirabad rayonunda gözəl park-meydan salınması və memorial kompleksin inşa edilməsi sübut edir.

Tədbir konsert proqramı ilə davam edib.

Tədbir çərçivəsində təşkil olunmuş sərgidə ölkəmizin tarixini, mədəniyyətini, adət-ənənələrini və Novruz bayramını əks etdirən nümunələr nümayiş etdirilib.