21 Dekabr 2024

Cari səfər Misir-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə verəcək

Prezident İlham Əliyevin Misir Ərəb Respublikasına rəsmi səfəri iki ölkə arasındakı münasibətlərin möhkəmlənməsi və əməkdaşlığın dərinləşdirilməsi baxımından yeni inkişaf mərhələsinin başlanğıcı oldu.

Qahirədə Azərbaycan Prezidenti İlham Əliyev və Misir Prezidenti Əbdülfəttah əs-Sisi arasında keçirilən görüş çərçivəsində imzalanan sənədlər iki ölkə arasındakı iqtisadi əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcək.

Ölkələrimiz arasındakı siyasi dialoq müntəzəm xarakter daşıyır. Bu siyasi dialoq bundan sonra da davam ediləcək.

Bütün beynəlxalq məsələlərdə bizim fikrimiz üst-üstə düşür. Hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində fəal çalışır, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq olunur, habelə İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində birgə səylər göstərilir.

Prezident İlham Əliyev çıxışında Azərbaycan və Misir arasındakı əlaqələrin strateji əhəmiyyətini vurğuladı. O, xüsusilə energetika, nəqliyyat və əczaçılıq sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd etdi. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində həyata keçirilən işləri də diqqətə çatdıran Prezident İlham Əliyev Misirin Fələstin-İsrail münaqişəsinin həllinə yönəlmiş səylərini yüksək qiymətləndirdi.Ermənistanla sərhəd məsələlərində əldə olunan irəliləyişləri müzakirə edərək, bölgədə sülhün və təhlükəsizliyin təmin olunmasının əhəmiyyətini vurğuladı.

Dövlət başçılarının mətbuata verdikləri bəyanatlarda strateji əlaqələrin möhkəmləndirilməsi, regional sülh və sabitliyin təmin edilməsi və iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində önəmli mesajlar verildi. Bu bəyanatlar Azərbaycan-Misir arasındakı səmərəli əməkdaşlığın və strateji tərəfdaşlığın davam etdirilməsinə dair əminliyi bir daha təsdiqlədi.

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri