Bütün dünyanın tərəqqipərvər insanları və sülhsevər dövlətləri İran riyakarlığına qarşıdır
İran İslam Respublikası ölkəmizin sıx əməkdaşlıq etdiyi ölkələrdən biridir. Bu da təsadüfi deyil. İranda təxmini 30 milyon azərbaycanlının yaşadığını nəzərə alaraq bu ölkə ilə müstəqil Azərbaycan dövlətini mədəni və mənəvi dəyərlər bağlayır. Məhz bunun nəticəsidir ki, ötən müddət ərzində ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən çoxsaylı ikitərəfli sənədlər imzalanıb. Amma İran ölkəmizin bu xoşməramlı siyasətinə adekvat cavab vermir. Bu ölkə din amilindən öz xarici siyasətinin aləti kimi istifadə edir, İslam təəssübkeşi kimi çıxış etsə də, amma sözləri ilə əməlləri heç bir halda üst-üstə düşmür.
Azərbaycan Vətən Müharibəsində böyük Qələbə əldə etdikdən sonra regionda yeni reallığın əsasını qoydu. Bu reallığı qəbul edən ölkələr Azərbaycanın haqq savaşında ədalətli mövqeyini dəstəkləyərək onunla post-müharibə dövründə əlaqələrini daha da genişləndirmək istiqamətində fəal səylər göstərirlər. Lakin müəyyən qüvvələr isə Azərbaycanın diqtə etdiyi bu reallığı qəbul etməyərək müxtəlif vasitələrlə Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirir və təxribatlar törədir.
İran yenə də Azərbaycan dövlətinin daxili işlərinə qarışmağa başlayıb və ölkəmizdə süni problemlər yaratmaq üçün müxtəlif cəhdlər göstərib. Ölkəmizdə İranın müxtəlif dairələri “din pərdəsi” adı altında respublikamızın ərazisində dünyəvi dövlətçilik əleyhinə əməllərin həyata keçirilməsinə çalışırlar. Təsadüfi deyil ki, Azərbaycanda ifşa olunmuş bəzi dini-ektremist qrupların İranın xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetirdiklərinin təkzibolunmaz faktlarla tam sübuta yetirilib. Bu yaxınlarda Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyatların nəticələri də bunu sübut edir.
Gülgün Kərimov
YAP Ağstafa rayon təşkilatı “Mədəniyyət şöbəsi” Ərazi Partiya Təşkilatının sədri