22 Noyabr 2024

Böyük çillə başlayır

Hər il olduğu kimi, bu gecə Azərbaycanda ən uzun gecə olacaq. Azərbaycan Milli Elmlər Akademiyasının Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının məlumatına əsasən, Azərbaycana qış fəsli dekabrın 22-i saat 01:48-də daxil olacaq.

Media1. az xəbər verir ki, bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin gün üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Həmin gün ən qısa gündüz və ən uzun gecə olur. Gündüzün uzunluğu 9 saat 17 dəqiqə 22 saniyə, gecənin uzunluğu isə 14 saat 42 dəqiqə 38 saniyə olacaq.

Dekabrın 27-dən başlayaraq isə 1 dəqiqə fərqlə gecələr qısalacaq, gündüzlər uzanacaq. Bu proses martın 21-dək davam edir. Martın 21-də yaz gecə-gündüz bərabərliyi baş verir.

21 dekabr həm də xalq təqvimi ilə Böyük çillə gecəsi hesab olunur. Təqvimə görə, dekabrın 21-dən yanvarın 30-dək Böyük çillə, yanvarın 31-dən fevralın 19-dək Kiçik çillə, fevralın 20-dən martın 20-dək Boz ay davam edir. 

Araşdırmalara görə, lap qədim zamanlarda türklər 21 dekabrı Yeni il kimi qeyd ediblər. Bununla bağlı türk mənbələrində Kara-Tun bayramı da var. Hətta bu gün də bir çox türkdilli xalqların 21 dekabrda həmin bayramı qeyd etdiyi bildirilir. 

Qeyd edək ki, Böyük çillə gecəsi təkcə Azərbaycanda deyil, qonşu dövlətlərdə, İran və Türkiyədə də keçirilir. O cümlədən Azərbaycanın Naxçıvan, Şəki, Gəncə və çoxsaylı kəndlərində, İranın Urmiya, Ərdəbil, Zəncan, Xoy, Sulduz, Marağa şəhərlərində bu gecə xüsusi qeyd olunur. Çünki çillə gecəsi qədim Zərdüşt bayramı, Günəş Allahı Mitranın anadan olan günüdür. Həmin gündən sonra günəşli günlər uzanır. Bayramın ideyası işığın qaranlıq üzərində simvolik qələbəsidir. Qədim inanclara görə, həmin gecə xeyir qüvvəsi (Ahura Məzda) şər qüvvəsi (Əhrimən) ilə kəskin mübarizə aparıb.

Bu gecədə qar yağması sevincə səbəb olur. Həmin gecə ailə üzvləri, qohum, dost, tanış səmimiyyətlə bir yerə yığışır və ilin ən uzun gecəsini çoxlu meyvə və şirniyyat yeməklə qeyd edirlər. Gecənin ən əhəmiyyətli atributlarından biri isə qarpızdır. Belə ki, hər ailə həmin gecə mütləq bir qarpız almalıdır. Əgər yeni evlənənlər varsa, onlara da valideynləri tərəfindən qarpız hədiyyə edilir. Qoz, kök halvası, paxlava, günəbaxan toxumu, meyvə və şirniyyatlar bu gecə süfrədə olmalıdır.

Xalidə Gəray