22 Dekabr 2024

Bərdədə Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

Tədbirdən öncə Xocalı qurbanlarının xatirəsinə “Qəhrəmanlar Parkı” nda rəmzi məşəl kompleksi önünə tər gül dəstələri düzülmüş, Xocalı faciəsi qurbanlarının və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə açan Bərdə RİHB aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Səbuhi Qasımov Xocalı faciəsinin azərbaycanlılara qarşı soyqırımı və etnik təmizləmə siyasəti olduğunu qeyd etmiş, zaman-zaman erməni daşnaqları tərəfindən xalqımıza qarşı törədilən faciələrlə bağlı məlumat vermişdir.
Sonra Qarabağ Regional Mədəniyyət İdarəsinin rayon üzrə nümayəndəsi Fərid Hacıyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbənin əməkdaşı Məhəmməd Rəşidov, Saatlı kənd tam orta məktəbin direktoru Mehriban Bağırova, Bərdə rayon Nazim Hüseynov adına Alpout kənd tam orta məktəbin İnformatika müəllimi Sevinc Bahadurlu, Bərdə RİHB aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir Səfərov çıxış edərək yüzlərlə günahsız sakinin vəhşicəsinə qətlə yetirildiyi Xocalı faciəsinin dünyanın ən qanlı cinayətlərindən biri olmasını bildiriblər. Eyni zamanda bu gün hər bir azərbaycanlının qəlbinə qızıl hərflərlə yazılmış, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük vətən müharibəsində düşmən üzərində qazandığı tarixi qələbədən söz açmışlar.
Daha sonra çıxış üçün söz Xocalıda faciə zamanı həyatını itirmiş şəhidlərin ailə üzvlərinə verilib. Onlar bu faciə ilə heç bir zaman barışmayacaqlarını bildirmiş, bu gün Xocalı şəhərində Azərbaycan bayrağını dalğalandıran, torpaqlarımızın bütövlüyünü təmin edən cənab Prezidentimizə öz minnətdarlıqlarını bildirmişlər.
Sonda Bərdə şəhər F.M.Muradov adına 7 nömrəli tam orta məktəbin şagirdlərinin hazırladıqları kompozisiya nümayiş edilmişdir.