Azərbaycan meymunçiçəyi testi üçün ÜST-ə müraciət etdi
İnfeksionist deyir ki, bu xəstəliyin ölkəmizdə də yayılması mümkündür
Mayın 7-də Britaniyada ilk dəfə üzə çıxdıqdan sonra meymunçiçəyinə dünya üzrə 400-dək yoluxma faktı qeydə alınıb. Yoluxmaların daha çox ölkəni əhatə etdiyi bir zamanda Nigeriyada meymunçiçəyi xəstəliyindən ilk ölüm faktı qeydə alınıb. Böyük Britaniyanın “The Guardian” qəzeti Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinə (NCDC) istinadən xəbər verib ki, may ayı ərzində Nigeriyada altı nəfərin meymunçiçəyi xəstəliyinə yoluxması qeydə alınıb və bir nəfər ölüb. Nigeriyada meymunçiçəyi xəstəliyinə yoluxma riskinin yüksək olaraq qaldığı vurğulanır. Son iki ildə Konqo Demokratik Respublikası, Kamerun, Nigeriya və Mərkəzi Afrika Respublikasında meymunçiçəyi epidemiyası qeydə alınıb.
Azərbaycanda meymunçiçəyinə yoluxma qeydə alınmasa da, önləyici tədbirlər görülməkdədir. Belə ki, Səhiyyə Nazirliyi meymunçiçəyi virusunu müəyyən edən testlərin əldə edilməsi üçün Ümumdünya Səhiyyə Təşkilatına müraciət edib.
İnfeksionist Nicat Əzimli “Yeni Müsavat”a bildirdi ki, meymunçiçəyinə yoluxma hallarının qeydə alındığı ölkələrin sayı Avropa üzrə artıq 20-i, xəstələrin sayı isə 300-ü ötüb: “Bu artımın davam edib-etməyəcəyi ilə bağlı açıqlamasında ÜST bildirir ki, bunun baş verməsi gözləniləndir. Lakin bu yeni bir pandemiya ehtimalı demək deyil. Qlobal və ya geniş miqyaslı peyvəndləməyə isə ehtiyac yoxdur, yalnız xəstələrin əhatəsində olmuş insanların peyvənd almasına ehtiyac olduğu bildirilir. Bununla bağlı isə hazırda peyvənd ehtiyatı təşkil olunmaqdadır. Azərbaycana gəldikdə isə bu xəstəliyin ölkəmizdə də yayılması mümkündür. Sürətli artım və bunun doğuracağı mənfi nəticələr isə hazırda gözlənilmir. Buna əsas səbəb xəstəliyin yoluxma mexanizmidir. Belə ki, meymunçiçəyi virusu əsasən dəridən təmas nəticəsində və xəstəliyin səpkilər mərhələsində ötürülür. Bu da həmin şəxsin xəstə olduğunu rahatlıqla, tibbi müayinədən keçmədən anlaya bilməsinə və özünü ətrafdan təcrid etməsinə şərait yaradır. Beləliklə, xəstəliyin yayılmasının qarşısını almaq da fərdi qaydada təmin olunmuş olur”.
Nicat Əzimli
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi nümayəndəsi Tarık Yazareviç məlumat verib ki, meymunçiçəyinin geniş şəkildə yayılması riski azdır. “Bu virus və onun necə ötürüldüyü haqda bildiklərimizə əsaslanaraq deyə bilərəm ki, bu epidemiyanın qarşısını almaq olar. ÜST virusun yayılmasının qarşısını almaq məqsədilə ölkələrə kömək etmək üçün təlimat verib. Hər bir kəs meymunçiçəyinə yoluxa bilər və bunun hər hansı bir insan qrupu ilə əlaqəsi yoxdur, çiçək xəstəliyinə qarşı peyvəndin meymunçiçəyinə qarşı da qorunma yaratdığı sübut olunub. Dünyada 40 və ya 50 yaşdan aşağı olan əhalinin çox hissəsi çiçək xəstəliyinə qarşı peyvənd olunmayıb, yəni onlar artıq əvvəlki çiçək xəstəliyinə qarşı peyvənd proqramları ilə qorunmurlar. Çiçək və meymunçiçəyinə qarşı yeni peyvənd təsdiqlənib, lakin hələ geniş yayılmayıb”.