22 Dekabr 2024

Azərbaycan bütün Avropa üçün strateji tərəfdaşdır.


Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Azərbaycanın etibarlı tərəfdaş olması beynəlxalq səviyyədə etiraf olunur. Təbii ki, bu uğuru ölkəmizə qazandıran dövlətimizin düşünülmüş və məqsədyönlü siyasəti, dövlətlər arasında münasibətlərin inkişafında əsas faktor olan etimad mühitini yüksək səviyyədə qoruyaraq özünə güvəni və inamı yaratmasıdır. Dövlət başçısı İlham Əliyevin yanvarın 29-da reallaşdırdığı Macarıstan səfərində bir daha ölkəmizin beynəlxalq aləmdə yeri və roluna aydınlıq gətirildi. Bu fikir xüsusi qeyd edildi ki, Azərbaycan bütün Avropa üçün strateji tərəfdaşdır. Macarıstanın Baş naziri Viktor Orban mətbuata bəyanatında “Azərbaycan ilə Macarıstanın rəhbərləri arasında keçirilən görüşlər hər zaman müstəsna əhəmiyyətə malikdir. Cənab Prezident və mən 10 ildən artıqdır ki, bir yerdə çalışırıq, ölkələrimizi bir–birinə daha da yaxınlaşdırırıq, əməkdaşlığı dərinləşdiririk və hər iki ölkənin mövqeyinə uyğun səviyyəyə gətirməyə çalışırıq. Ancaq bu, sadəcə, bu gün dostların görüşü deyil, bu gün strateji məsələlərə dair müzakirələr aparıldı, bu günə qədər olan strateji əməkdaşlığımız növbəti səviyyəyə qaldırıldı və bu əməkdaşlıq genişləndirildi” söyləyərək onu da əlavə etdi ki, bu gün beynəlxalq münasibətlərdə olan mühit əvvəlkindən olduqca təhlükəlidir. Macarıstanın, Avropanın enerji təhlükəsizliyi həssas məqama qədəm qoyub. Burada yaranan bu şərait Azərbaycanın əhəmiyyətini dərhal artırdı. Bu əhəmiyyət bir növ sıçrayış etdi: “Azərbaycan hər zaman bizim dostumuz olub, indi isə o, artıq bütün Avropa üçün strateji tərəfdaş olan ölkədir.”Azərbaycanın enerji sektorunda qazandığı uğurlar davamlılığı ilə diqqət çəkir. Xatırlasaq, 2014-cü ildə Cənub Qaz Dəhlizinin təməlqoyma mərasimində dövlət başçısı İlham Əliyev bu mühüm hadisəni görülən işlərin zirvəsi kimi xarakterizə etdi. Eyni zamanda, layihənin zamanında uğurlu sonluqla başa çatacağına əminlik ifadə olundu.2020-ci ilin sonunda Cənub Qaz Dəhlizi tam tərkibdə istifadəyə verildi. Azərbaycanın hər bir layihəni uğurla başa çatdırması yeni layihələrə yol açmaqla yanaşı, ölkəmizin iqtisadi və siyasi mövqeyinin möhkəmlənməsində öz sözünü deyir. Hər dövrün öz çağırışları var. Bugünümüzün əsas çağırışı bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır. Dövlət başçısı İlham Əliyevin Macarıstana rəsmi səfəri zamanı keçirdiyi görüşlərdə, imzalanan sənədlərdə də bu sahənin önəmi özünü daha aydın şəkildə büruzə verir. “Yaxın keçmişdə aşkarlanan böyük yaşıl enerji potensialı da Azərbaycanın önəmini daha da artırır” söyləyən dövlət başçısı İlham Əliyev qeyd etdi ki, yaşıl enerji ilə bağlı olan və artıq icra olunan layihələr bizi Avropa üçün daha da yaxın edəcək. Keçən ay imzalanmış sazişə əsasən, Azərbaycan yaşıl enerjisini Avropaya çatdıracaq və səfər zamanı bu məsələlər bir daha müzakirə edildi. Bir neçə gündən sonra Bakıda keçiriləcək birinci rəhbər komitədə bu layihədə cəmləşən ölkələr – Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya bir araya gələrək gələcək fəaliyyətin konsepsiyası üzərində işləməyə başlayacaq. Cənab İlham Əliyev bu məqamı da xüsusi qeyd etdi ki,bu, çox böyük sərmayə tələb edən layihədir. Burada həm yaşıl enerjinin istehsalı, ötürülməsi, bazarlara çatdırılması, eyni zamanda, Qara dənizin dibi ilə kabelin çəkilməsi, bütün bu layihələr böyük maliyyə mənbəyi, eyni zamanda, çox ciddi koordinasiyanı tələb edir.Bakıda fevralın 3-də keçiriləcək Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısında ilkin addımın atılacağı bildirilir. Beləliklə, Avropa qitəsinin enerji təhlükəsizliyi daha dolğun və əhatəli şəkildə təmin ediləcək.Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatına töhfələri davamlılığı ilə diqqət çəkir. Uğurlu enerji layihələri ilə dünyanın enerji xəritəsini yenidən tərtib edən Azərbaycan liderliyini qorumaqdadır.