22 Dekabr 2024

Avropa Parlamenti Qolodomoru Ukrayna xalqının soyqırımı kimi tanıyıb

Avropa Parlamenti 1932-33-cü illərdə baş vermiş kütləvi aclığı – “Qolodomor”u Ukrayna xalqına qarşı soyqırım aktı kimi tanıyıb.

Media1.az xəbər verir ki, bu barədə “Deutsche Welle” kanalı məlumat yayıb.

Avropa Parlamentinin 507 üzvü müvafiq qətnamənin qəbulunun lehinə, 12-si əleyhinə səs verib.

“Avropa Parlamenti “Qolodomor”u, yəni 1932-1933-cü illərdə Ukraynada sovet rejiminin süni şəkildə yaratdığı aclığı, Ukrayna xalqına qarşı soyqırım olaraq tanıyır”, – deyə qətnamənin mətnində bildirilir.

Avropa Parlamenti həmçinin Rusiyanın Ukrayna xalqına qarşı apardığı təcüavüzkar müharibəni, o cümlədən qış aylarında Ukraynanın mülki enerji infrastrukturunun məqsədyönlü şəkildə məhv edilməsini pisləyir.

“Qətnamə hazırkı Rusiya rejimini Ukraynanın suverenliyini və ərazi bütövlüyünü pozmaqda, Ukraynanı bir milli dövlət kimi aradan qaldırmağa çalışmaqda, onun xalqının kimliyini və mədəniyyətini məhv etməkdə ittiham edir”, – deyə press-relizdə qeyd olunub.

Oxşar qətnamələr artıq bir sıra ölkələr tərəfindən qəbul edilib. Noyabrın 30-da Almaniya parlamentinin aşağı palatası, “Bundestaq” “Qolodomor”u Ukrayna xalqının soyqırımı kimi tanıyıb. Bundan əvvəl İrlandiya Senatı, Moldova və Rumıniya parlamentləri də eyni qərarı qəbul edib. ABŞ-da müvafiq qətnamə hələ 2018-ci ildən qüvvəyə minib.