Aksiya iştirakçısı: “Erməni separatçıları sərvətlərimizin talanmasına və mina terroruna son qoymalıdırlar”
“Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazisində erməni separatçıları sərvətlərimizin talanmasına son qoymalıdırlar. Onların ekoloji və mina terrorlarını dayandırmalarını tələb edirik”.
Bunu “Report”a açıqlamasında Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyasının iştirakçısı, “Beynəlxalq Avrasiya Mətbuat Fondu” QHT-sinin əməkdaşı, mina qurbanı Zabil Məmmədov deyib.
“Təəssüf ki, hər ay Azərbaycan vətəndaşları ermənilərin basdırdığı minalara düşərək sağlamlıqlarını itirir, yaxud şəhid olurlar. Hər kəsə məlumdur ki, Ermənistanın istehsal etdiyi minalar Azərbaycan ərazilərində, xüsusilə də mülki vətəndaşların əkin-biçin apardığı yerlərə basdıraraq insanları öldürürlər. Bütün beynəlxalq qurumlardan, dünya dövlətlərindən xahiş edirik ki, ermənilərin mina terroruna son qoyulmasına köməklik göstərsinlər”, – Z.Məmmədov bildirib.
O xatırladıb ki, Qarabağda yaşayan dinc erməni əhalisi SSRİ dönəmindən azərbaycanlılarla bir yerdə yaşayıblar:
“Bizim onlarla heç bir problemimiz yoxdur. Bu gün bizim əsas problemimiz Qarabağda məskunlaşmış separatçılarladır. Çünki onlar hazırda həmin ərazilərdə olan sərvətlərimizi talan edirlər, ekoloji terror törədirlər. Dinc əhalinin yoldan rahat istifadəsi üçün bütün lazımi şərait yaradılır. Gələcəkdə onları Azərbaycan vətəndaşı kimi qəbul edib birlikdə yaşaya bilərik”.
Digər aksiya iştirakçısı Rəfael Bayramov isə vurğulayıb ki, aksiyaya Azərbaycan xalqına dəstək üçün gəlib:
“Azərbaycanda minadan zərərçəkmişləri təmsil edirik. Məqsəd sərvətlərin talanmasına qarşı çıxmaqdır. Həmçinin, mina terroru nəticəsində xeyli sayda insan həlak olub, qazi olub. Qarşı tərəf buna son qoymalıdır”.