18 Oktyabr 2024

Ağstafada Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb.

Şəhidlərimizin əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

 Ağstafada Vətən müharibəsi şəhidləri Həsənov Elnur Elman oğlunun və Babayev Mustafa Elman oğlunun şəhadətlərinin ildönümləri münasibətilə xatirələri anılıb.

Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul şəxsləri, şəhid ailələri, partiya fəalları və rayon ictimaiyyətinin nümayəndələri Ağstafa şəhər Şəhidlər Xiyabanında şəhidlərin məzarlarını ziyarət edib, önünə gül dəstələri düzüb, əziz xatirələrini ehtiramla anıblar.

Tədbir çərçivəsində şəhidlərimizlə eyni məzarlıqda uyuyan Vətən müharibəsi şəhidləri Abdullayev Nihad Adil oğlunun, Əhmədov Mahmud Fərman oğlunun, İbrahimov Elçin Rövşən oğlunun, Mustafayev Ramiz Bağman oğlunun və Əliyev Tahir Çingiz oğlunun da məzarları ziyarət olunub, məzarları önünə gül dəstələri düzülərək əziz xatirələri yad edilib.

Qeyd edək ki, şəhidlərimiz 2020-ci ildə Vətən müharibəsi döyüşlərində şəhidlik zirvəsinə yüksəliblər. Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Elnur Həsənov və Mustafa Babayev ölümlərindən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif ediliblər.