22 Dekabr 2024

Ağdam Musiqi Kollecində direktor kimdir? Teyyub Əliyev yoxsa Feruz Məmmədov

Ağdam Musiqi Kollecində 3 ay əvvəl direktor təyinatı olub. Kollecdə korrupsiya faktı əsas götürülməklə direktor dəyişikliyi həyata keçirilib. Elm və Təhsil Naziri Emin Əmrullayevin müvafiq əmrilə Rafail Musayev tutduğu vəzifədən azad edilməklə kollecin müəllimi Teyyub Əliyev direktor təyin edilib.

Onu da qeyd edək ki, bu təyinatı rayon sakinləri rəğbətlə qarşılayıb. Teyyub Əyyub oğlu Əliyev YAP Ağdam rayon təşkilatının yaranmasında yaxından iştirak edib. Ümummilli lider Naxşıvanda olarkən 1992-ci ildə teleqram göndərməklə Azərbaycan dövlətinin xilaskarı Heydər Əliyevə Ağdam sakini kimi dəstəyini bildirib. Təəssüflər olsun ki, sonralar Teyyub Əliyevin siyasi fəaliyyətinə yerli partiyadaşları tərəfindən qısqanclıqla yanaşılmış, onun layiq olduğu məsul vəzifələrdə təmsil olunmasına imkan verilməyib.Uzun illərdən sonra Ağdama təyinat almış İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Teyyub Əliyevin ictimai və şəxsi keyfiyyətlərini dəyərləndirməklə Qiyaslı kənd nümayəndəsi kimi ona etimad göstərib. Ağdam Misiqi Kollecində müəllim işləyən Teyyub Əliyevə ikinci dəfə korrupsiya ittihamı ilə Rafail Musayevin direktor vəzifəsindən azad ediləndən sonra yenidən etimad göstərilib.

Hesab etmək olardı ki, Teyyub Əliyev haqqında çıxarılan qərar düzgündür. Belə ki, qaçqın həyatında hər cür məhrumiyyətlərə sinə gərərək bölgədə qalan, 44 günlük müharibə vaxtı Qiyaslı kənd icra nümayəndəsi kimi həyatı təhlükə qarşısında qalsa da verilən tapşırıqları layiqincə yerinə yetirən Teyyub Əliyev rəhbərliyin etimadına tamamilə layiqdir.

İki gün öncə Ağdam Musiqi Kollecinə Feruz Məmmədovun direktor təyin olunması ilə bağlı sosial şəbəkələrdə xəbərlər yayılıb. Bununla bağlı Teyyub Əliyevdən məsələyə aydınlıq gətirməsi xahiş olunsa da o bu barədə hər hansı məlumata malik olmadığını bildirib.

Sorğu zamanı məlum olub ki,işdən azad olunma barədə Teyyub Əliyevə tabeli təşkilatdan bildiriş verilməyib.