ABŞ Suriyada “Sepah”la əlaqəli obyektlərə zərbə endirib
ABŞ silahlı qüvvələri İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK, İran Silahlı Qüvvələrinin elit bölmələri) Suriyadakı obyektlərinə bir sıra hava zərbələri endirib.
Bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, martın 23-də ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq antiterror koalisiyasının Suriyanın şimal-şərqindəki bazasına pilotsuz uçuş aparatının hücumu nəticəsində “bir amerikalı müqaviləli hərbçi ölüb, beş ABŞ hərbi qulluqçusu və bir amerikalı müqaviləli hərbçi yaralanıb”.
“Prezident Baydenin (ABŞ Prezidenti Cozef Bayden – red.) əmri ilə mən ABŞ Mərkəzi Komandanlıq qüvvələrinə bu gecə Suriyanın şərqində İran İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli qrupların istifadə etdiyi obyektlərə dəqiq hava zərbələri endirmək icazəsi verdim. Aviazərbələr bugünkü hücuma, eləcə də “Sepah” ilə əlaqəli qrupların Suriyadakı koalisiya qüvvələrinə son hücumlarına cavab olaraq həyata keçirilib”, – ABŞ müdafiə naziri Lloyd Ostin vurğulayıb.//“Report”