21 Dekabr 2024

Əlaqələr yaradılan möhkəm təməl üzərində uğurla inkişaf etdirilir

Aprelin 22-də dövlət başçısı İlham Əliyevin Rusiyaya işgüzar səfəri, səfər çərçivəsində  Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək, həmçinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü, günümüzün aktual məsələri ətrafında aparılan müzakirələr, səsləndirilən çağırışlar hazırda ölkə mətbuatında geniş təhlil edilir. Rusiya Prezidenti Vladimir Putin Ulu Öndər Heydər Əliyevin  Baykal-Amur Magistralının  tarixində müstəsna, böyük rol oynadığını bildirdi. O da vurğulandı ki, Ümummilli Lider SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində Baykal-Amur Magistralının tikintisinə rəhbərlik etmiş və bu çətin layihənin həyata keçirilməsi üçün əlindən gələni əsirgəmədi. Bu işdə ona böyük bilik və təcrübə, idarəçilik istedadı, ən mürəkkəb problemləri həll etmək bacarığı və əlbəttə, xüsusi şəxsi keyfiyyətlər, ilk növbədə, çalışdığı insanlara qayğıkeş, hörmətli münasibət kömək etdi. O, özü BAM-ın obyektlərində olmuş, inşaatçılar, yeni qəsəbə və şəhərlərin sakinləri ilə söhbət etmişdi. Ulu Öndər Heydər Əliyevin  dəstəyi ilə azərbaycanlı layihəçilər və inşaatçılar BAM-ın tikintisi zamanı stansiya kompleksləri olan iki qəsəbə – Ulkan və Anqoyanı saldılar və hazırda Xabarovsk diyarında və Yakutiyada Baykal-Amur Magistral xəttinin hissələrinin yenidən qurulmasında, müasirləşdirilməsində iştirak edirlər.

Göründüyü kimi, Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır. Azərbaycan və Rusiya təkcə böyük nəqliyyat layihələri həyata keçirmir. Hər iki ölkə “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasında fəal iştirak edirlər.

Azərbaycan-Rusiya əlaqələri dövlətlərimizin başçılarının siyasi iradəsinə uyğun olaraq hazırda sürətlə inkişaf etdirilir. Ölkələrimizin qarşılıqlı əlaqələrində siyasi münasibətlər mühüm yer tutur. Vaxtilə Azərbaycan və Rusiyanın vahid İttifaqda yer alması ölkələrimiz arasında münasibətlərin özünəməxsus xarakterini formalaşdırıb. Müstəqillik illərində əlaqələr daha da inkişaf edib. Azərbaycan və Rusiya arasında diplomatik əlaqələr 1992-ci il aprelin  qurulub. 1992-ci il sentyabrında  Rusiyanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsinə başlanıldı.

Dövlət başçısı İlham Əliyev sözügedən görüşlərdə Azərbaycan-Rusiya münasibətlərnin dünənindən və bugünündən geniş bəhs edərək, qarşıdakı dövrdə əlaqələrin inkişafı üçün möhkəm təməlin olduğunu bildirdi. Vurğuladı ki, tarixin müxtəlif məqamları ölkələrimizi, xalqlarımızı daha da yaxınlaşdırır, münasibətlərimizin gələcəkdə də ardıcıl inkişafına töhfə verir. Artıq iki ildən çoxdur ki, 2022-ci ilin fevralında Kremldə imzalanmış əsas siyasi sənəd olan, gələcəkdə münasibətlərimizin ardıcıl inkişafını müəyyən edən müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə çərçivəsində işləyirik. Gündəlik kifayət qədər genişdir. Gündəlikdə nəqliyyat komponenti də var. Ölkələrimizi və tərəfdaşlarımızı birləşdirən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi yük daşımalarının təhlükəsizliyi baxımından və bir çox ölkələr arasında ticari münasibətləri stimullaşdırmaq üçün qlobal əhəmiyyətə malikdir.

Regional təhlükəsizlik məsələləri həmişə aktualdır. Rusiya Qafqazda və daha geniş coğrafiyada regional təhlükəsizlik üzrə əsas ölkədir. Ölkələrimiz arasında əməkdaşlıqdan, qarşılıqlı fəaliyyətdən çox şey asılıdır. Qarşılıqlı fəaliyyət və qarşılıqlı maraqlar ruhunda etimad tədbirlərinin, əməkdaşlığın, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə və bütün məsələlərin nizamlanmasına çalışırıq.

Bu əsas məqam da xüsusi qeyd edildi ki, Ulu Öndər Heydər Əliyev amili dövlətlərarası münasibətlərimizdə həmişə mühüm rol oynayıb və oynayacaqdır. 2000-ci illərin əvvəllərində ölkələrimiz arasındakı dostluq və mehriban qonşuluq münasibətlərinin əsasını məhz Vladimir  Putin və  Ulu Öndər Heydər  Əliyev qoyublar.

Hazırda bu əlaqələr yaradılan möhkəm təməl üzərində uğurla inkişaf etdirilir. Tərəflər əməkdaşlığın yeni istiqamətlər üzrə inkişaf etdirilməsində maraqlıdır və bunu imzalanan sənədlər də təsdiqləyir. Belə ki,  ölkələrimiz arasında əlaqələrin sürətli inkişafının qarşıdakı dövrdə də uğurla davam etdirilməsi və daha da genişləndirilməsi məqsədilə bu ilin yanvarında “Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsi” imzalandı.

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri