Azərbaycan sülh prosesinə sadiqdir
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 28-də Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlət başçısı alman iş adamları ilə ötən il Berlində, bu yaxınlarda isə Münxendə keçirdiyi görüşlərini məmnunluqla xatırlayaraq, indi də böyük nümayəndə heyətinin iqtisadi əməkdaşlığın gündəliyinin müzakirəsi üçün Azərbaycana səfər etməsinin önəmini qeyd etdi.
Almaniyanın Azərbaycandakı səfiri Ralf Hörlemann nümayəndə heyətinin adından İlham Əliyevin yenidən prezident seçildiyi vaxtda qəbula görə minnətdarlığını bildirdi.
O, eyni zamanda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün bu gün Berlində keçirilməsindən məmnunluqlarını ifadə etdi və ölkəsinin sülh prosesini konstruktiv şəkildə dəstəklədiyini vurğuladı.
İş adamlarından ibarət böyük nümayəndə heyətinin Azərbaycana səfərinin əsas məqsədlərindən biri də ölkəmizlə əməkdaşlıqda maraqlı olduqlarını nümayiş etdirməkdən ibarətdir.
Böyük nümayəndə heyətinin Azərbaycana səfərini yüksək qiymətləndirən dövlətimizin başçısı iqtisadi sahənin ikitərəfli münasibətlərimizdə həmişə mühüm rol oynadığını deyərək bunu əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirdi.
Prezident İlham Əliyev keçən il Berlinə səfəri zamanı Almaniya kansleri ilə görüşündə əlaqələrimizin geniş gündəliyinə daxil olan məsələlərinin, o cümlədən iqtisadi əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu qeyd etdi.
”Beynəlxalq hüquq normaları bizim tərəfimizdədir” – deyən Prezident İlham Əliyev vurğuladı ki, ölkəmizin öz suverenliyi və ərazi bütövlüyünü təmin etməsi ilə bağlı bizi hər hansı günahlandırma cəhdləri tamamilə əsassız və qərəzlidir. Azərbaycan öz ərazisini və suverenliyini təmin etməklə bağlı digər ölkələrin atdığı addımlardan fərqli addımlar atmır.
Dövlət başçısı əfsuslar hissi ilə qeyd etdi ki, bu gün ikili standartlar bir sıra beynəlxalq institutlar, o cümlədən Avropa İttifaqı üçün adi hala çevrilib. Bu baxımdan Cozef Borrelin qeyri-adekvat bəyanatları bizi çox məyus edib. Əvvəla, onun bu bəyanatları heç bir reallığı əks etdirmir və beynəlxalq hüququn normalarına ziddir. İkincisi, Azərbaycan tərəfi bu bəyanatları ölkəmizə qarşı pərdələnmiş təhdid kimi qiymətləndirir.
Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan sülh prosesinə sadiqdir. Məhz, biz ikinci Qarabağ müharibəsi başa çatdıqdan sonra sülh danışıqları təşəbbüsü ilə çıxış etdik. Əslində, biz sülh yolu ilə həllin 5 əsas prinsipini işləyib hazırladıq və sülh müqaviləsinin mətninin layihəsini təqdim etdik. Beləliklə, biz əgər sülh istəmiriksə niyə bunların hamısını hazırlamışıq?!
Prezident İlham Əliyev bildirdi ki, əgər bir il ərzində nümayəndə heyətimizin hüquqları bərpa olunmazsa, biz Avropa Şurasından tamamilə çıxmağımız barədə məsələyə ciddi şəkildə baxa bilərik.
Dövlət başçısı bir məsələni də əfsuslar hissi ilə qeyd etdi ki, Almaniya mətbuatında Azərbaycan guya azadlıqların təmin olunmadığı, insanların öz fikirlərinə görə həbs olunduğu, diktaturanın hökm sürdüyü despotik bir ölkə kimi təqdim edilir.
Canpolad Yusifov
YAP Ağstafa rayon təşkilatının sədr müavini