21 Noyabr 2024

Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Ədliyyəsinin formalaşmasında misilsiz xidmətləri daim uca tutulacaq

Azərbaycan xalqının çoxəsrlik tarixinə ümummilli liderimiz Heydər Əliyevin adı qızıl hərflərlə yazılıb. Müstəqil müasir Azərbaycanın dirçəlməsi , dünyada  tanınması məhz onun adı ilə bağlıdır. Bu günkü qüdrətli Azərbaycan dövlətinin mövcudluğu böyük şəxsiyyətimizin gərgin və uzaqgörən siyasətə söykənən siyasətinin nəticəsi olaraq reallığı çevrilmişdir desək, tam doğru olardı.İndi biz Azad , Müstəqil, Güclü dövlətin vətəndaşı olmaqdan qürur hissi keçiririk. Bütün bunların xəyallardan reallığı çevrilməsində Ümummilli lider Heydər Əliyevə sonsuz minnətdarlığımız var.

Azərbaycanın uzun, strateji hədəflərə doğru gedən yolunun banisi Heydər Əliyev oldu.İndi xalqımız parlaq, xoşbəxt gələcəyə doğru durmadan irəliləyir. Möhtərəm prezidentimiz İlham Əliyevin yürütdüyü davamlı siyasət sayəsində torpaqlarımız işğaldan azad edildi, erməni zülmü dayandırıldı,işğaldan azad edilən torpaqlarımızda quruculuq işləri başlayıb, evlərindən didərgin düşən soydaşlarımız doğma yurd yerlərinə qaytarılır.Azərbaycan tarixinin şanlı səhifələrini ümummilli liderimizin layiqli davamçısı İlham Əliyev yazır.İndi bizim minnətdarlıqla xatırladığımız tarixi şəxsiyyət Heydər Əliyev haqqında nə qədər yazsaq da böyük şəxsiyyətin fəaliyyətini əhatə edə bilməz.

Ümummilli liderin 100 illiyini xalqımız layiqincə qeyd edir. 100 illik tədbirlərində böyük şəxsiyyət Heydər Əliyevin unudulmaz xatirəsi ehtiramla yad olunur. Bütün bunlar xalqın Heydər Əliyev şəxsiyyətinə olan  sevgisinin bariz nümunəsidir. Heydər Əliyev çoxşaxəli fəaliyyəti ilə Azərbaycan dövlətçiliyinin  bütün istiqamətlərdə inkişafını təmin edib. Azərbaycanın ədliyyə sahəsi də Ümummilli liderin fəaliyyəti sayəsində dünyanın mütərəqqi dəyərlərinə sahib olub.İnsan hüquqlarının tam təmin olunması Azərbaycan Ədliyyə sisteminin əsas məqsədinə çevrilib.

Ümummilli liderin Azərbaycanda hakimiyyətə gələn kimi  Ədliyyə Nazirliyinin yenidən və əsaslı surətdə yaradılmasına xüsusi əhəmiyyət verib. Hansı ki, Azərbaycan Xalq Cümhuriyyətinin elan olunduğu vaxtda yaradılmış ilk dövlət təsisatlarından biri Ədliyyə nazirliyi olub. SSRİ-nin yaranmasından sonra Ədliyyə Nazirliyi ləğv edilərək, başqa dövlət qurumlarının tərkibində fəaliyyət göstərib.Ancaq Ümummilli liderin 1969-cu ildə respublikamızda ali siyasi rəhbərliyə başlamasından az sonra onun təşəbbüsü sayəsində 1970-ci ilin 27 oktyabrında Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi yenidən təşkil olunub. Bu, ölkəmizin dünyəviliyi baxımından da gələcək perspektivi üçün mühüm addım idi.

Sovet hakimiyyətinin mövcudluğuna son qoyulandan sonra müstəqil dövlətçilik arzusuna çatmaq Azərbaycan xalqının ən böyük uğuru idi. Ancaq siyasi hakimiyyətin naşı və təcrübəsi olmayan adamların əlinə düşməsi əldə olunan nailiyyətləri təhlükə altına salmışdı. Bədxah , Azərbaycanın müstəqilliyini istəməyən qüvvələrin planları müstəqilliyimizə qarşı təhdidlər yaradırdı. Sirr deyil ki, həmin qüvvələr öz istəklərinə çatmaq üçün artıq fəaliyyət göstərməyə başlamışdı. Demək olar ki, müstəqilliyimizin taleyi həll olunmaq üzrə idi. Yeganə xoşbəxtliyimiz isə Heydər Əliyev kimi güclü liderin vaxtında xalqın imdadına çatması oldu.1993-cü ilin iyun hadisələrindən çıxış yolunu tapmaq , müstəqilliyimizin qorunub saxlanmasında Heydər Əliyevin əvəzsiz rolu mütləq qeyd edilməlidir. İkinci dəfə hakimiyyətə gələn Ümummilli lider sabitlik, müdafiə tədbirləri həyata keçirməklə müstəqilliyimiz qoruyub saxlaya bilmişdi. Bundan sonra   cəmiyyətin gələcək inkişafı üçün hüquqi islahatların həyata keçirilməsi, tamamilə yeni mütərəqqi və demokratik dəyərlərə əsaslanan müasir hüquq sisteminin, qanunvericilik bazasının formalaşdırılması zəruri idi. İlk konstitusiyanın referendum yolu ilə qəbul olunması müstəqil dövlətin hüquqi sisteminin əsasını qoydu. Heydər Əliyevin müəllifi olduğu konstitusiyamızda insan hüquq və azadlıqlarının təmin olunmasında maddələrin çoxluq təşkil edilməsi dövlətin vətəndaşlarına dəyər verməsinin bariz nümunəsi demək idi.

Ümummilli liderin rəhbərliyi ilə Ədliyyə sisteminin təkmilləşdirilməsini tənzimləyən mühüm normativ sənədlər qəbul olundu, ən başlıcası isə ədliyyə işinin gələcək inkişafı məqsədilə hərtərəfli zəmin yaradıldı. Ədliyyə sisteminin sürətli inkişafı, fəaliyyət istiqamətlərinin, funksiya və səlahiyyətlərinin genişlənməsi, işinin və strukturunun təkmilləşməsi, öz mahiyyətinə xas hüquqi dövlət və demokratik cəmiyyətlər üçün zəruri olan missiyalarını əldə etməsi ilə xarakterikdir. Ümummilli lider Heydər Əliyev Azərbaycan Ədliyyəsinə daim xüsusi diqqət və qayğı göstərmişdir. Ədliyyə işçilərinə diqqət və qayğının bariz nümunəsi olaraq 11 noyabr 2000-ci il tarixli Sərəncam ilə 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün-22 noyabr Ədliyyə işçilərinin peşə bayramını təsis olunması ilə Ulu öndər Heydər Əliyev ədliyyə tarixinə özünün imzasını atmış oldu.

Son illər Azərbaycanda müasir hüquq sistemində aparılmış köklü islahatlar da öz bəhrəsini verir. İnsanların məhkəmə orqanlarına inamı artır. Azərbaycanda hüquqi dövlət quruculuğu uğurla həyata keçirilir. Qəbul edilmiş qərarlar, məhkəmə hüquq sistemində yeniliklər, o cümlədən, dünyada mövcud olan ən mütərəqqi təcrübənin Azərbaycanda tətbiq edilməsi aparılan islahatların bariz nümunəsidir.

Son illər ədliyyə sisteminin dinamik inkişafı nəticəsində Ədliyyə Nazirliyinin səlahiyyətləri genişlənmiş, ona hüquq-mühafizə orqanı statusu verilmişdir. Heydər Əliyevin quruculuq yolu ilə irəliləyən ölkəmizdə ədliyyə sahəsində həyata keçirilən islahatların davam etdirilməsi, ədliyyə orqanlarının və məhkəmələrin fəaliyyətlərinin daha da təkmilləşdirilməsinin təmin edilməsi məqsədilə möhtərəm Prezidentimizin 18 dekabr 2018-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir. Proqramda ədliyyə və hüquq fəaliyyətini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi, məhkəmə fəaliyyətinin müasir tələblər səviyyəsində həyata keçirilməsinin təmin olunması, yerli idarəetmənin inkişafında ədliyyə orqanlarının iştirakının səmərəliliyinin artırılması və s. kimi istiqamətlərdə həyata keçirilməli olan zəruri tədbirlər müəyyən edilmişdir.

Ulu öndərin ideyalarının dönməz inkişaf yolunda olmasını sübut edən yüzlərlə nümunə göstərmək olar. Bunlardan biri kimi xatırlatmaq yerinə düşər ki, ölkə başçısının 17 avqust 2006-cı il tarixli “Ədliyyə orqanlarının inkişafı haqqında” Fərmanı ilə Ədliyyə Nazirliyinin strukturunda ciddi dəyişikliklər edilmiş, zəmanəmizin tələblərinə müvafiq mühüm qurumlar yaradılmış, məhkəmə-hüquq sistemində çalışan hüquqşünaslar üçün Ədliyyə Akademiyası təsis edilmiş, ölkə tarixində ilk dəfə olaraq vətəndaşların məhkəmələrə müraciətlərinin asanlaşdırılması, göstərilən hüquqi xidmətlərin günü-gündən yaxşılaşdırılması, bir sözlə, ölkədə hüquqi təsisatların daha səmərəli şəkildə stimullaşdırılması məqsədilə regional ədliyyə idarələri yaradılmışdır.

Bu gün ədliyyə və hüquq  fəaliyyətində müasir iş üslubları, ən qabaqcıl texnologiyalar tətbiq olunur. Xarizmatikliyi, geniş dünyagörüşü və yüksək təşkilatçılığı ilə dövlətimizin daimi inkişafının təmini üçün qanunun aliliyini rəhbər tutan ulu öndər müdrik siyasi fəaliyyəti sayəsində bütün dövlət orqanlarında, o cümlədən ədliyyə və hüquq sahəsində də mütərəqqi və dünyəvi islahatlar aparmışdır. Hamımız əminik ki, Ulu öndər Heydər Əliyevin dövlətçilik ideyalarını uğurla davam etdirən ölkə rəhbərinin müdrik, qətiyyətli və milli maraqların təmin olunmasına yönəlmiş uzaqgörən siyasəti Azərbaycanımızı daha parlaq gələcəyə aparacaqdır. Azərbaycan xalqının ümummilli lideri, müdrik rəhbər, dahi şəxsiyyət Heydər Əliyevin ömür yolu Vətənə, xalqa xidmət nümunəsidir.

Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət etmiş, Azərbaycan dövlətinin və xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışmış, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün tarixi işlər görmüşdür. Heydər Əliyevin əziz xatirəsi hər birimizin qəlbində əbədi yaşayacaq.

Nəriman İsmayılov-Bərdə rayon Qeydiyyat şöbəsinin rəisi, Kiçik ədliyyə müşaviri