21 Noyabr 2024

Hər zaman Türkiyənin yanındayıq

Qardaş ölkəyə dəhşətli zəlzələ ilə bağlı ilk dəstəyi Azərbaycan verib və bu yardımlar ümummilli xarakter daşıyır

Xəbər verildiyi kimi, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələnin fəsadları ölkənin 11 şəhərində ciddi dağıntılara səbəb olub. Bu şəhərlərdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan edilib. Son məlumata görə, Kahramanmaraş, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Adana, Adıyaman, Osmaniyə, Hatay, Kilis, Malatya və Elazığ bölgələrində ümumilikdə 41 156 vətəndaş həyatını itirib. Bölgədə minlərlə bina dağılıb.

Türkiyədə zəlzələ bölgəsində 61 722 bina yaşayış üçün tamamilə yararsız olduğu üçün söküləcək. Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

Prezident İlham Əliyevin tapşırığına əsasən, Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin (FHN) 760 nəfərlik çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər. FHN-in qüvvələri bu vaxtadək Kahramanmaraş və Hatay bölgələrində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından ümumilikdə 53 nəfəri sağ, 780 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Axtarış-xilasetmə əməliyyatları xüsusi texniki vasitələr, habelə xilasetmə itlərinin tətbiqi ilə davam etdirilir.

Güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə qardaş ölkəyə göndərilmiş FHN mobil səhra hospitalları zəlzələnin ciddi zərər vurduğu Kahramanmaraş rayonunda fəaliyyətini davam etdirir. Hospitallarda ötən günlər ərzində ümumilikdə 199-u uşaq olmaqla 1090 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib. Hər cür müayinə və müalicə imkanlarına malik mobil səhra hospitalları fasiləsiz fəaliyyətini davam etdirir.

Türkiyədə baş vermiş zəlzələdən sonra zərərçəkən insanlara kömək məqsədi ilə qardaş ölkəyə gedən 100 nəfərdən ibarət Azərbaycan könüllüləri hazırda Kahramanmaraş şəhərində yerli sakinlərə xidmət göstərirlər. Ötən həftə ərzində təbii fəlakətdən ən çox zərər görmüş Kahramanmaraş, Hatay və Adıyaman bölgələrindəki çadır şəhərciklərində könüllü kimi çalışan 100 nəfər azərbaycanlı gənc minlərlə zərərçəkmiş şəxsə, habelə həssas vəziyyətdəki yüzlərlə uşağa xidmət edib. Mütəmadi olaraq Azərbaycan könüllüləri zərərçəkmiş bölgələrdəki müxtəlif məntəqələrdə qida, geyim, dərman və müxtəlif yardımların boşaldılması, çeşidlənməsi, paylanmasını işini icra edib, zərərçəkmiş şəxslərə səyyar şəkildə su və isti içkilər paylayıb, müxtəlif ərazilərdə yerləşən məhəllələrə yardımlar çatdırıb və digər dəstəkverici xidmətləri göstəriblər.

Azərbaycan könüllü gənclərinin qardaş ölkədəki bu nəcib fəaliyyətini yerli sakinlər çox yüksək qiymətləndiriblər. Eyni zamanda, mütəmadi olaraq Türkiyənin rəsmi şəxsləri, millət vəkilləri, aparıcı vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri könüllülərimizin düşərgəsinə baş çəkib, onlara minnətdarlığını ifadə ediblər. Məlumat üçün bildirək ki, ötən həftə ərzində Türkiyənin TRT, Sabah, AA, DHA və digər nüfuzlu media qurumları Azərbaycan könüllülərindən bəhs edən reportajlar hazırlayıb, onların qardaş ölkədəki fəaliyyətlərini geniş şəkildə işıqlandırıb.

Fevralın 19-da Azərbaycanın növbəti humanitar yardımı Kahramanmaraşa çatıb. Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı “Twitter” hesabında yazıb. Səfir qeyd edib ki, humanitar yardıma Azərbaycanın müxtəlif şəhərlərindən göndərilən 14 yaşayış konteyneri və 3 portativ tualet daxildir.

Fevralın 18-də Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, fevralın 6-da baş verən dağıdıcı zəlzələdən sonra Azərbaycan Türkiyəyə 867 nəfər xilasetmə və tibbi personal, 2 mobil səhra hospitalı, 4873 çadır, 4 səhra mətbəxi, 861 generator, 221 512 zəruri ləvazimatlar və məhsullar, 302 034 isti geyim, 12 505 ədəd qızdırıcı və texniki avadanlıq, 693 756 ədəd dərman və tibb ləvazimatlar göndərilib. Bundan başqa, Azərbaycan qardaş ölkəyə kömək üçün 21 367 000 manat maddi yardım ayırıb. Eyni zamanda, təcili tibbi yardım, yanğınsöndürmə, Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) və rəsmi axtarış-xilasetmə maşınlarının pulsuz yanacaqla təmin edilib. Humanitar yardım Türkiyəyə 15 təyyarə və 350 yük avtomobili vasitəsilə çatdırılıb.

Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarının ailələrinə dəstək məqsədilə Azərbaycanın şəhər və rayon icra hakimiyyətləri tərəfindən hər gün qardaş ölkəyə humanitar yardımlar göndərilir. Hazırda fəlakət zonasında evsiz-eşiksiz qalmış insanların isti sığınacaqlarla təmin edilməsi ən vacib məsələlərdən biridir. Bu məqsədlə Azərbaycanın şəhər və rayon icra hakimiyyətləri tərəfindən Bakı şəhərində sifariş olunmuş 90 ədəd müasir modul tipli ev hazırlanaraq mərhələli şəkildə Türkiyəyə göndərilir. Qısa müddətdə və yüksək keyfiyyətlə hazırlanmış 1 və 2 otaqlı belə evlərdə 10-12 nəfərin yaşaması üçün lazımi şərait yaradılıb.

Fevral ayının 13-də modul tipli evlərdən 4-ü Sumqayıt Şəhər İcra Hakimiyyəti (ŞİH) tərəfindən yola salınıb. Fevralın 15-də isə Mingəçevir, Kürdəmir, Goranboy, Cəlilabad və Tərtər icra hakimiyyətlərinin sifarişi ilə hazırlanmış daha 20 ədəd ev qardaş ölkəyə yola salınıb. Fevralın 20-də isə Sumqayıt ŞİH tərəfindən növbəti dəfə 8 ədəd modul tipli ev Türkiyəyə yola salınıb. Bu həftənin sonunadək 90 ədəd müasir modul tipli evin hamısı təbii fəlakət bölgələrinə çatdırılacaqdır. Həmçinin icra hakimiyyətləri tərəfindən fəlakətin ilk günlərindən ziyan çəkmiş əhaliyə lazım olan isti paltar, yataq dəstləri, müxtəlif ərzaq və sənaye məhsulları, dərman preparatları, qızdırıcılar, generatorlar, çadırlar alınaraq qardaş ölkəyə göndərilir. İndiyədək 57 şəhər və rayon icra hakimiyyəti tərəfindən təşkil olunan humanitar yardım Türkiyənin Kahramanmaraş, Malatya, Adıyaman və digər bölgələrinə yola salınıb. Şəhər və rayon icra hakimiyyətləri tərəfindən təbii fəlakət bölgəsinə humanitar yardımların göndərilməsi bundan sonra da davam etdiriləcəkdir.