22 Dekabr 2024

Stalinin məşuqəsi ilə görüşü, mühafizəçiyə verilən töhmət- Xatirələrdə yer alan maraqlı faktlar

İosif Stalinin şəxsi həyatı nə qədər məxfi saxlanılıbsa, 30 il ərzində SSRİ-yə rəhbərlik edən sovet liderinin həyat tərzi cəmiyyət üçün bir qədər də maraqlı olub.

Yəqin elə bu baxımdan da onun vəfatından sonra silahdaşlarının, mühafizəçilərinin, ətrafında olanların Stalinlə bağlı yazdıqları xatirələr çoxmilyonlu oxucu auditoriyası qazanıb.

Sovet lideri haqqında maraqlı açıqlamalar verənlərdən biri də uzun illər Stalinin mühafizəsində xidmət edən Aleksey Rıbin olub. O, Stalinin qadınlara olan münasibəti haqda gizlinləri açıqlayıb.

Məlum olduğu kimi, Stalin birinci dəfə 1906-cı ildə milliyətcə gürcü olan Yekaterina Svanidze ilə ailə həyatı qurub. Cütlüyün Yakov adında bir oğlan övladı olub. Yakov səkkiz aylıq olanda Svanidze vərəm xəstəliyindən vəfat edib.

Stalin ikinci dəfə əslən Bakıdan olan Nadejda Alliluyeva ilə evlənib. İkinci həyat yoldaşından onun bir oğlu, bir qızı dünyaya gəlib – Vasili və Svetlana. 1932-ci ildə rəsmi versiyaya görə Nadejda Alliluyeva intihar edib.

3_26.jpg (100 KB)

Bu hadisədən sonra Stalin bir daha rəsmi nikaha girməyib. Amma bu fakt heç də o demək deyil ki, Stalinin həyatında qadın olmayıb.

Hələ hakimiyyətdə olduğu illərdə aktrisa Vera Davıdova və şəxsi xidmətçi Valentina İstomina ilə Stalinin sevgi macəraları haqqında cəmiyyətə informasiyalar sızıb, bu qadınlar Stalinin məşuqələri kimi tanınıb. Amma Stalinin təyyarəçi xanım Ruzadan Paçkoriya ilə münasibətləri haqqında bir neçə nəfərdən başqa heç kimin məlumatı olmayıb.

Bu haqda uzun illərdən sonra Aleksey Rıbin öz xatirələrində yazıb:

“Stalin qadınlara qarşı laqeyd olmayıb və sözsüz ki, bu məsələ həmişə məxfi saxlanılıb. Amma münasibətlər nə qədər gizli saxlanılsa da onlar haqqında sıravi insanlar arasında söz-söhbət dolaşıb. Bunun səbəbkarı bir çox hallarda Stalin özü olub. Müxtəlif dövlət tədbirlərində, Kreml ziyafətlərində, həmçinin bağdakı ənənəvi məclislərdə Stalinin hər hansı bir qadına xüsusi münasibət göstərməsi yerli-yersiz söz-söhbətə səbəb olub.

Onun xidmətçi Valentina İstomina ilə münasibəti kifayət qədər şişirdilib. O cümlədən aktrisa Vera Davıdova ilə münasibətləri də insanlar arasında danışılan kimi yaxın olmayıb. Əslində Stalinin özünə ən yaxın saydığı qadın Ruzadan Paçkoriya olub. O, həmişə çalışırdı ki, bu münasibətdən heç kimin xəbəri olmasın. Amma bu da mümkün deyildi. Çünki təhlükəsizlik məsələsinə cavabdehlik daşıyanlar Stalinin hər addımından məlumatlı olmalı idilər. Ruzadan Paçkoriya gürcü idi, təyyarəçi kimi aviasiya sistemində çalışırdı.

Nikolay-Vlasik-Stalin-01.jpg (87 KB)

Stalinlə yaxınlıqdan sonra o, aviasiya qurumlarında yüksək vəzifəyə təyinat almışdı. Stalin onu heç vaxt nə Kreml, nə də bağ ziyafətlərinə çağırmırdı. Onların görüşü yalnız ikilikdə keçirdi. Günlərin birində gecədən xeyli keçmiş Stalin mənə göstəriş verdi ki, xidməti maşını çıxışa hazır olsun. Mənim vəzifə borcum idi ki, bu haqda mühafizə rəisi general Vlasikə məlumat verim. Bunu Stalin də bilirdi. Buna görə də o, əvvəlcədən mənə xəbərdarlıq etdi ki, çıxış haqqında heç kimə məlumat verməyim. Təxminən gecə saat üç radələrində biz şəhərin mərkəzinə üz tutduq. O əvvəlcədən heç bir ünvan demədi, Kutuzov prospektini keçdikdən sonra yolu özü göstərdi və maşını yaşayış binalarının birinin qarşısında saxlatdırdı. Mən onu ikinci mərtəbədəki mənzilə qədər müşayiət etdim. İçəri keçdi və aşağıda gözləməyimi göstəriş verdi.

Çox sakit keçən iki saatdan sonra biz bağa qayıtdıq. Səhəri gün general Vlasik məni idarəyə çağırdı. İstirahət günüm olmağına baxmayaraq, növbətçi zabit təcili idarədə olmağımı bildirdi. Xidmətimdə heç vaxt nöqsanım olmayıb. Buna görə də bu təcili çağırışdan o qədər də narahat deyildim. Düşünürdüm ki, kiminsə yerinə növbəyə çıxmalıyam. Amma bu düşüncələrimdə yanılmışdım. Vlasikin kabinetinə keçəndə ilk dəfə idi ki, onu belə qəzəbli gördüm.

дл.jpg (60 KB)

O, əsəbi şəkildə sorğu suala başladı:

-Gecə saat 03-05-dən 05-12-yə qədər harada olmusan?

-Həmin radələrdə mən yoldaş Stalini müşayiət edirdim.

-Bu haqda kimə məlumat vermisən?

-Heç kimə.

-Sən nizamnaməni bilmirsən?

-Bilirəm.

-Bəs niyə mənə məruzə etməmisən?

-Yoldaş Stalin tapşırdı ki, çıxış haqqında heç kimə məlumat verməyim.

Bu kiçik sorğu-sualdan sonra Vlasik masasının üstündəki kağızı mənə uzatdı:

-Tanış ol və qol çək.

İdarə rəisinin əmri ilə mənə şiddətli töhmət yazılmışdı. Uzun illər xidmətimdə bu, ilk töhmət idi, özü də şiddətli töhmət. Bu isə növbəti pul mükafatlarından və rütbədən bir il məhrum olmaq demək idi…”
Rıbin xatirələrində yazıb ki, bu hadisə ilə bağlı Stalinə heç nə deməyib. Amma Stalin kiminsə vasitəsilə töhmətdən xəbərdar olub.

Təxminən bir həftədən sonra Rıbin növbədə olanda Stalin Vlasiki məzəmmət edib:

-Nikolay Sidoroviç, mühafizə rəisi kimi mən sizin xidmətinizi yüksək qiymətləndirirəm. Amma bu o demək deyil ki, siz mənim şəxsi işlərimə də qarışasınız. Elə məsələlər var ki, mən orada mühafizəçilərsiz olmalıyam və hamı kimi mən də kiminsə evinə qonaq gedə bilərəm. Bunları nəzərə alın və Rıbinin töhmətini götürün.

Vlasik məzəmmətə baxmayaraq, Stalinə cavab verib:

-Yoldaş Stalin, bu mənim vəzifə borcumdur. Mən sizin hara getməyinizi bilməliyəm. Həmin gecə də harada olduğunuzu dəqiqləşdirmişəm.

-General, bu cür işlər gizli saxlanılmalıdır.

Stalinin özündən 29 yaş kiçik olan Ruzadan Paçkoriya ilə görüşləri ömrünün son illərinə qədər davam edib.

Qeyd edək ki, Paçkoriya Stalindən sonra 43 il yaşayıb və o, ömrünün son illərində Stalinlə yaxın münasibətdə olduğunu etiraf edib.

İlham Cəmiloğlu, Musavat.com