25 Aprel 2024

Qarabağda Qazanpapaq Məhəmməd kimi tanınsa da İranda Şirin oğlu Məhəmməd adı ilə dünyadan köçdü.

Əvvəl Qarabağda, sonra Azərbaycanda məşhur qaçaq kimi tanınan Qazanpapaq Məhəmməd – Məhəmməd Şirin oğlu 1885-ci ildə Goranboy rayonunun Zeyvə kəndində anadan olub. Kiçik yaşlarında molla yanında təhsil alıb.

…1918-ci ilin mart-aprel aylarında ermənilərin törətdikləri qırğınlardan sonra yaranmış real təhlükəni dərk edən bəylər və ağsaqqallar bir araya gələrək düşmənə qarşı özünümüdafiə tədbirləri görmək üçün könüllülərdən ibarət müdafiə dəstələri yaradırlar. Həmin dəstələri at, araba, silah-sursat və ərzaqla təmin etmək əsas məsələlərdən hesab edilirdi. Boyəhmədlidəki könüllülər dəstəsinə Qazanpapaq Məhəmməd başçılıq edirdi. Dəstədə onun etibarlı dostları Əsəd, Səməd, Namazalı, Balaədə, Əli, Polad, Eyub oğlu Məhəmməd və yaxın qohumları var idi. Yaradılmış könüllü müdafiə dəstələri itkilər hesabına da olsa, erməni azğınlığının qabağını alırdı.

Azərbaycan hökumətinin xahişi ilə 1918-ci il mayın 24-də Nuru paşa və Mürsəl paşanın rəhbərliyi ilə türk qoşun hissələri Yevlaxa gəldi. Türkiyə ordusunu, onun komandanı Fəruq Nuru paşanı Yevlax və Gəncə də böyük sevinclə qarşıladı.

Yevlax dəmir yolu vağzalında və Qarxun kəndində M.Ə.Rəsulzadənin və Nuru paşanın rəhbərliyi ilə təntənəli yığıncaq keçirildi. Dəmir yolu vağzalında Nuru paşa türk qövmünə məqsədli şəkildə yönlənən bu işğalın qarşısını almaq üçün camaatı səfərbər etməyi, könüllülərin sayını artırmağı, türk ordusu gələnə qədər duruş gətirməyi, ən başlıcası, Kürün üstündəki körpünü nəyin bahasına olursa-olsun əldən verməməyi tövsiyə edir və çıxışını “Biz bura dönməyə yox, ölməyə gəlmişik. Qələbə bizimlə olacaq!” sözləri ilə tamamlayır.

Yığıncaqda Qazanpapaq Məhəmməd də iştirak edirdi. O, bəylərin, dəstəbaşıların oturduğu yerdən əlini qaldırıb söz alır:

– Mən sizinlə razıyam. Öz dəstəmlə 115-ə yaxın adamla Bərdə, Ağdam, Tərtər rayonları ərazisində bu işləri öz üzərimə götürürəm…

Nuru paşa yanında əyləşən Qarxunlu Əşrəf bəyə:

– Yaman ötkəm danışır, – deyib, onun kimliyi ilə maraqlanır.

– Qazanpapaq Məhəmməddir, özü də çox mərddir.

Qazanpapaq Məhəmməd danışdıqca Nuru paşa başını asta-asta yelləyib məmnunluğunu bildirəndə Qazanpapaq Məhəmməd:

– İcazənizlə iclasdan sonra bu barədə sizə öz təkliflərimi daha ətraflı bildirərəm.

İclasdan sonrakı görüşdə Qazanpapaq Məhəmməd söz verir ki, əlavə yerli qüvvə toplamaqla Bərdədən Laçına qədər ərazidə ermənilərə qarşı necə lazımdır vuruşacaq.

Belə də oldu, Qazanpapaq Məhəmməd türk qoşunlarının tərkibində gecəli-gündüzlü Qarabağın kənd və rayonlarında daşnak silahlı birləşmələrinə qarşı vuruşdu. Azərbaycan Xalq Cümhuriyyəti zamanında Gəncə Müsəlman Komitəsinin Bərdə könüllü özünümüdafiə bölüyünün komandiri kimi erməni terroruna və bolşevik təbliğatına qarşı mübarizə aparırdı.

1920-ci ilin aprelində Azərbaycan XI ordu tərəfindən işğal ediləndə ermənilər daha da fəallaşdılar. Bir yandan da Hərbi İnqilab Komitəsi yeni quruluşu qəbul etməyən müsavatçıları, millətçiləri və qaçaqları axtarırdı. Bərdədə bölmə komandiri İsgəndər Qarabağiyə çuğul xəbər verir ki, Qazanpapaqoğlu Əyricədə Qulunun evindədir. O da tez atlanıb bir neçə nəfərlə Qazanpapaq Məhəmmədi tutub Bərdəyə gətirməyə gedir.

Səsə bütün kənd Qulunun evinin qabağına yığılır.

Qazanpapaq Məhəmməd səs-küyə artırmaya çıxanda camaat arasında özünü qəhrəman kimi göstərmək istəyən bölmə rəisi deyir:

– Mən İsgəndər Qarabaği

Axtarıram o Qazanpapaği.

Kənd sakinlərindən biri soruşur:

– İsgəndər əmi, neyləyirsən onu?

Bölmə rəisi əlini havada yellədə-yellədə:

– Onun atasını yandırıf, gümüşü dəstəkli naqanını özüm bağlayacam belimə, – deyir.

Qazanpapaqoğlu durduğu yerdən dillənir:

– O sözü bir də təkrar elə, – bunu deməyi ilə bölmə rəisinin başının üstünü kəsdirməyi bir olur. Gümüşü dəstəkli naqan da əlində. Bu dəfə bölmə rəisi qorxusundan dili topuq vura-vura deyir:

– Mən İsgəndər Qarabaği Olmuşam zəmanə qurumsaği (“Qarabağ: Folklor da tarixdir”, Bakı, 2014, səh. 47-48).

Qazanpapaq Məhəmməd bölmə rəisinə deyir:

– Səni bu camaata bağışlayıram, bir də qabağıma çıxsan…

…Qarabağda yeni quruluşa qarşı ardı-arası kəsilməyən kəndli üsyanları və iğtişaşların qarşısını almaq üçün respublika xalq daxili işlər komissarı Mircəfər Bağırov tez-tez Yevlaxa, Bərdəyə, Tərtərə gələr, günlərlə Qarabağın müxtəlif qaynar nöqtələrində olardı. Axşamlar çox gizli şəkildə Ağdamda sayılıb-seçilən Camal bəyin evində gecələyərdi. Bir dəfə Mircəfər Bağırov Camal bəyin evində olanda ağdamlı qaçaqlar onu aradan götürmək qərarına gəlirlər. Camal bəy çox hörmətli və xeyirxah adam olduğundan qaçaqlardan biri bəyə xəbər çatdırır ki, kişini evdən çıxartsınlar. Lakin Camal bəy qonağı təkbaşına qoruya bilməyəcəyini görüb Qazanpapaq Məhəmmədin üstünə adam göndərir. O da bir neçə nəfərlə Ağdama gəlir. Gecədən xeyli keçmiş basqına gələn qaçaqlar Qazanpapaq Məhəmmədlə qarşılaşırlar. O, bura Camal bəyin xahişi ilə gəldiyini söyləyir. Qaçaqlar münasibətləri korlamamaq üçün dinməz-söyləməz geri dönürlər.

XI Qırmızı ordu əsgərlərinin “bərdəlilər bolşeviklərə qarşı vuruşmağa hazırlaşırlar” bəhanəsi ilə axşam şəhərə hücum edib, evləri qarət edəcəklərini, əhalini süngüdən keçirəcəklərini Qazanpapaq Məhəmməd eşidəndə dəstəsi ilə günortadan sonra ikibir-üçbir gəlib rayon mərkəzindəki “İmamzadə” məscidində gizlənirlər. Şər qarışandan sonra Bərdəyə doğru irəliləyən, əksəriyyəti ermənilərdən ibarət ordu silahlılarından qırdıqlarını qırır, qıra bilmədiklərini Yevlaxadək qovurlar.

Sağ qalan əsgərlər bir gün sonra Bakıdan gələn əlavə qüvvə ilə Yevlaxda birləşərək təzədən Bərdəyə hücum edirlər. Məhəmməd rus-erməni birləşmələrinin çox olduğunu görüb dəstəsini qırğına verməmək üçün döyüşə girmir. Ordu Bərdəni zəbt edərək Xankəndi istiqamətinə hərəkət edəndə Ləmbəran kəndi yaxınlığında ciddi müqavimətə rast gəlir. O vaxt bu kənddə 1000-dən çox ev var idi. Müdafiəni təşkil edən kəndin ağsaqqalı Cəmil bəy (tanınmış dövlət və ictimai xadim Əliş Ləmbəranskinin atası – red.) idi.

Cəmil bəy həkim idi, ali tibb təhsilini Peterburqda almışdı. Dünyada gedən ictimai-siyasi hadisələrdən və bolşeviklərin riyakarlığından yaxşı xəbərdar idi. Onun rus məmurları və çar əyanları yanında da sözü keçərli idi. Peterburqlu dostlarının köməyi ilə Nikolay hökumətinin Tiflis canişinliyindən icazə alaraq kənddə öz hesabına dördsinifli rus-tatar məktəbi açdırmışdı. Məktəbə Peterburqdan bir nəfər təcrübəli rus dili müəllimi də dəvət etmişdi. Müəllimin əməkhaqqını da özü ödəyirdi.

Cəmil bəy Qazanpapaq Məhəmmədlə də dost idi.

Əsgərlər nə qədər cəhd etsələr də, camaatın müqavimətini qıra bilmirdilər. Mühasirədə olan ləmbəranlıların inadkarlığını eşidən respublika xalq daxili işlər komissarı Mircəfər Bağırov Bərdəyə gəlir. Qazanpapaq Məhəmməd Mircəfər Bağırovun yaxın dostu, Ağdam rayonunun iri mülkədarlarından sayılan Camal bəy Mirzəyevə xəbər göndərir ki, məni Mircəfər Bağırovla görüşdür, bu məsələni qırğınsız həll edim.

Camal Mirzəyev bir gün sonra görüşü təşkil edir. Qazanpapaq Məhəmməd M.Bağırovla görüşüb təkliflərini verir. Lakin M.Bağırov ona inanmır. Belədə Qazanpapaq Məhəmməd məsələni konkret həll etmək üçün bir gün vaxt istəyir. M.Bağırov bir şərtlə razılıq verir: “Səninlə üç nəfər hökumət adamı gedəcək – biri sağında, biri solunda, biri də arxada, əgər dediyin kimi olmasa…”

Qazanpapaq Məhəmməd yox deyə bilmir. M.Bağırov Məhəmmədin naqanını və tüfəngini əlindən alıb, öz adamlarını silahlandırır. Beləcə, üç nəfərin müşayiətilə Qazanpapaq Məhəmməd Ləmbəran kəndinə yaxınlaşanda keşikçilər gedib Cəmil bəyə xəbər verirlər.

Cəmil bəy dostunu mehribanlıqla qarşılayır, tanımadığı “silahdaşlarının” iştirakı ilə xeyli söhbət edir. Axırda sözü bu olur ki, “…mən də bilirəm ruslar güclüdür, amma neyləyək?! Bizə zamin duran lazımdır ki, camaatı qırmasınlar”.

Qazanpapaq Məhəmməd “silahdaşları” ilə gəlib Mircəfər Bağırova deyir ki, kənd təslim olmağa tam hazırdır, amma bir nəfərin də burnu qanamamalıdır. M.Bağırov yenə inanmır. Silahını Məhəmmədin kürəyinə dirəyib, Qazanpapaq qabaqda, ardınca da əsgərləri Ləmbərana tərəf hərəkət edirlər. “Əgər bizə tərəf bircə dəfə atəş açılsa, səni güllələyəcəyəm”, – deyir.

Mircəfər Bağırov kəndə çatanda görür ki, Qazanpapaq Məhəmməd söz sahibidir. Eldə-obada böyük hörməti var. M.Bağırov bir neçə gündən sonra Qazanpapaq Məhəmmədi Bərdə, Tərtər, Ağdam, Yevlax, Ağcabədi üzrə qəza milisinin rəisi təyin edir. Özü də ayda bir dəfə gəlib qəza mərkəzində iclas keçirir, bölgədəki vəziyyətlə yaxından tanış olurdu. M.Bağırov iclaslarda həmişə əvvəlcə Qazanpapaqla görüşüb onu yanında oturdardı.

Bu münasibəti görən ermənilər Qazanpapağı rəhbərin gözündən salmaq üçün hiylə işlədirlər. Axtarıb Göyüşlü kəndində atdan yıxılan, qolu-qıçı sınmış bir nəfəri dilə tutub pul gücünə iclasa gətirirlər. Həmin adam iclasda söz alıb M.Bağırova deyir: – Göyüşlüdə suçu Əlini, Boyəhmədlidə firqəçi Məcidi Qazanpapaq gözlərimin qarşısında haqsız yerə güllələdi. Mənim özümü də döydü, qolumu-qıçımı sındırıb bu günə qoydu.

M.Bağırov əsəbiləşib iclası yarımçıq tərk edir. Bir neçə gün sonra Qazanpapaq Məhəmmədi Bakıya çağırtdırır.

Qazanpapaq Məhəmməd Bakıya yola düşməzdən əvvəl dost-tanışla çıxıb evinin arxasında Dəyirman daşı deyilən ərazidə qəzetdə gördüyünüz şəkli çəkdirib deyir: “Mən gedirəm, qoy şəklim bu yerlərdən yadigar olsun”. Bacısı Güllərə isə əlindəki vərəqləri verib deyir: “Bunları bərk saxla, bizim bölgədən olan “Müsavat” üzvlərinin siyahısıdır. Dara düşsən, onlardan birinə de, sənə kömək edəcəklər”.

M.Bağırov Qazanpapaq Məhəmmədlə görüşəndə deyir:

– Bolşeviklər hər yerdə qələbə çalır. Amma Astarada Aslan adında bir quldur var, orqandan gizlənir, hökumətə tabe olmur. Sən bu sahədə səriştəlisən, özünlə kimi istəyirsən götür, mən də bir neçə adam sənə qoşaram, onu tərksilah etməlisən.

Cənub bölgəsinə yaxşı bələd olan astaralı məşhur qaçaq Bəbir Hüseynov, Qazanpapaq, Namazalı və Əlini silahla, pulla təmin edib yola salırlar. Uzun axtarışdan sonra Qazanpapaq Məhəmməd Qaçaq Aslanı sərhədyanı meşədə tapır, balaca bir gölün kənarında görüşür, tonqal başında uzun-uzadı söhbət edirlər.

Qazanpapaq Məhəmməd gəlişinin səbəbini Qaçaq Aslana açıqlayıb deyir ki, Şura hökuməti gündən-günə güclənir, üzə çıx, mən zamin duracam, sənə heç nə etməzlər… Əgər tabe olmasan, səni öldürəcəklər. Bununla Aslana üstüörtülü başa salır ki, üzə çıxmasan, ya mən öldürməliyəm səni, ya da sabah yanımdakılar. Yaxşısı budur keç İrana, bir müddət orada yaşa, sonrasına baxarıq.

Qazanpapaq Məhəmməd bir aya yaxın Astara meşələrində “axtarışda” olandan sonra Bakıya qayıdır, mehmanxanada yer götürəndən sonra “NKVD”-yə M.Bağırovun qəbuluna gəlir. Lakin M.Bağırov onu qəbul etmir.

“NKVD” işçisi Aksyanov- Şerbitski Sergey Mixayloviç Qazanpapaq Məhəmmədin Qaçaq Aslana dediklərini Mircəfər Bağırova olduğu kimi çatdırır. Astara “axtarışları”ndan 22 il sonra -1956-cı ildə M.Bağırovun məhkəməsində şahid qismində ifadə verərkən isə belə deyir: “Mən bu barədə Nikolayevin yanında Bağırova məlumat verdim. Bu əməliyyatın əhəmiyyətsizliyi, Qazanpapaqla Bəbir Hüseynovdan Aslanı ələ keçirmək üçün istifadənin heç bir nəticə verməyəcəyi barədə öz rəyimi bildirdim.

Bağırov dedi ki, Qazanpapağı və Bəbir Hüseynovu aradan götürmək, yəni məhv etmək lazımdır. Bağırovun onları nə üçün istintaqsız-məhkəməsiz öldürmək qərarına gəldiyini bilmədim. Bağırov onu da bildirdi ki, həmin hadisəni onların guya “üçlüy”ün qərarı ilə güllələnməsi kimi sənədləşdirmək lazımdır.

Bundan sonra axşam mən Azərbaycan FK-sına gələn zaman otaqların birində Bəbir Hüseynova rast gəldim. O mənə dedi ki, Qazanpapaq və iki yoldaşı Bakıda “Təbriz” mehmanxanasındadırlar və onların pulu tükənmək üzrədir. Nikolayevlə məsləhətləşib Bəbir Hüseynovu və Qazanpapağı elə həmin axşam FK-nın binasında öldürməyi qərara aldıq.

Yadımdadır ki, Bəbir Hüseynovu ikinci mərtəbədəki otaqların birində yerləşdirdim. Sonra “Təbriz” mehmanxanasına gedib Qazanpapağı gətirdim və onu da başqa bir otağa saldım.

Qazanpapağı və Bəbir Hüseynovu öldürmək üçün adamlar ayrılmışdı: Vasili Suxanov, Qavrilov, Avlaseviç, Şahverdiyan. Bütün “əməliyyat”a Nikolayev rəhbərlik edirdi. Biz Qazanpapağın olduğu otağa hücum edib onun başını daşla əzdik. Elə həmin vaxt o biri dəstə Bəbir Hüseynovu boğub öldürdü.

Onları öldürəndən sonra mehmanxanaya gedib Qazanpapağın o biri iki yoldaşını da götürdük, şəhərdən kənar bir yerdə güllələdik. Qazanpapaq, Bəbir Hüseynov və onların iki yoldaşı “üçlüy”ün qərarı ilə güllələnmiş kimi qeydə alındılar. Bundan təqribən iki ay sonra malotaran kəndlilər “ÇK”-ya xəbər verdilər ki, quldur Aslan Bakı ətrafındakı dağlarda peyda olub. Onu da “ÇK” əməkdaşları aradan götürdülər”.

Qazanpapaq Məhəmmədlə Astaraya göndərilən əlavə dəstənin tərkibində M.Bağırovun yaxın dostu, ağdamlı Camal bəyin oğlu – o vaxtlar Şəkinin, Ağdamın milis rəisi vəzifəsində işləmiş Şamil Mirzəyev də olub. “ÇK”-da Qazanpapaq Məhəmmədin taleyi həll olunan günlərdə M.Bağırov Şamil Mirzəyevi yanına çağırıb Qazanpapaq Məhəmmədin Astara meşəsində ocaq başında Qaçaq Aslanla söhbətini açıb danışmasını istəyir. Milis rəisi M.Bağırovun bu söhbətdən xəbərsiz olduğunu zənn etdiyindən iştirakçısı olduğu “dost söhbəti” barədə rəhbərə heç nə demir və buna görə onu da həbs edirlər.

Qazanpapaq Məhəmməd yoxa çıxandan sonra ailəsi və yaxınları çoxlu çətinliklərlə üzləşirlər. Yaşlı adamların söylədiklərinə görə, 1932-ci ildə pambıq yığımı ərəfəsində Boyəhmədli kənd soveti sədrinin Məhəmmədin arvadı Minaya gözü düşür. Onu ələ keçirmək üçün gecə-gündüz tarlada işləyən oğlunu “atasının “xalq düşməni” olduğuna və ondan qalan silah-sursatı gizlətdiyinə” görə Bərdə “NKVD”-sinin erməni əsilli rəisi Markaryanın əli ilə həbs etdirir. Bir aya yaxın döymədiyi qapı qalmayan Mina axırda əri Qazanpapaq Məhəmmədin Mircəfər Bağırovla çəkdirdiyi şəkli götürüb gəlir “NKVD” rəisinin qəbuluna ki, sən Mircəfər Bağırovun dostunun oğlunu nahaqdan həbs etdirmisən, bu, rəhbərə hörmətsizlikdir.

Şəkli görüb qorxuya düşən erməni rəis tez-tələsik sovet sədri Mehralını çağırtdırıb “Ara, xatanı mandan uzax ela” deyib elə həmin axşam uşağı həbsxanadan buraxır. 1938-ci ildə Qazanpapaq Məhəmmədin yaxın qohumları, həyat yoldaşı və uşaqları Şimali Qazaxıstana sürgün olunurlar.

* * *

1991-ci ilin oktyabr ayında Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xarici ölkələrə, o cümlədən qonşu İran və Türkiyəyə gediş-gəliş asanlaşdı. Vaxtilə Qazanpapaq Məhəmmədin dəstə üzvlərindən olan Qacaq Poladın nəvəsi Kamandar babasının sorağı ilə İrana bir neçə dəfə səfər etmişdi. Bu gediş-gəliş zamanı Bərdənin Boyəhmədli kəndindən, Qazanpapaq Məhəmmədin ailəsini yaxından tanıyan Kamandar Qazanpapaq Məhəmmədin nəticəsi Namiqə deyir ki, İsfahanda mənə dedilər ki, Bərdənin Boyəhmədli kəndində bizim qohumlarımız var, – atanın, əmilərinin, bibilərinin və digər qohumlarının adlarını söylədilər.

Namiqin böyük qardaşı Slavik 2014-cü ilin yazında İsfahana gedib ailəni tapır. Yaxın qohum-əqrəba yığılır Slavikin başına. Hər iki tərəfin qoruyub saxladığı şəkilləri yan-yana qoyanda məlum olur ki, Slavikin babası – boyəhmədlili Qazanpapaq Məhəmmədlə şahanşahlı Məhəmməd Şirin oğlu eyni adamdır. Məhəmməd Şirin oğlunun Şahanşahda 6 övladı olub: böyük oğlu Məşədi İbrahim 1928-ci ildə, qızı Xeyransa 1929-cu ildə, Cəfər 1930-cu ildə, Güllər 1931-ci ildə, Fərzad 1932-ci ildə, Mikayıl 1936-cı ildə anadan olub.

Ailənin sonbeşiyi Mikayıl Yüzkəndli deyir ki, İsfahan mahalında Məhəmməd Şirin oğlu kimi tanınan atam 1962-ci ildə qəfil xəstələndi, ömrünün son günlərində anamı və övladlarını yanına çağırıb vəsiyyət etdi. Dedi ki, mən indiyə kimi gizli saxladığım bir sirri sizə açacam. Açmasam, bu dünyadan rahat köçə bilmərəm. Mən Bərdə rayonunun Boyəhmədli kəndindənəm. Bu tərəfə 1924-cü ildə keçmişəm. Bərdədə mənim ailəm olub, həyat yoldaşımın adı Minadır, oğlanlarımın adı Cəfər, Kamil, qızımın adı Xeyransadır. Oğlanlarımın adını buradakı oğlanlarıma, qızımın da adını qızıma qoymuşam. Onlar mənim həyatda olduğumu bilmirlər, buradakı varlığımdan məlumatsızdırlar. Dünyanın işini bilmək olmaz, zaman dəyişsə, onları axtarıb tapın.

Xatirələrdən məlum olur ki, Qazanpapaq Məhəmməd 1924-cü ildə Arazı keçərək İranın Xudafərin yaxınlığındakı Zərnə kəndinə getmiş, sonra İsfahan mahalının Şahanşah qəsəbəsinə köçmüşdür. Arada Beyləqan rayonunun Qaradağlı kəndinə də gəlib-gedirmiş. Zərnədə hamı onu ailəsiz, evsiz-eşiksiz kimi tanıyıb. Orada Balabəyim xanımla ailə quranda 45 yaşında olub.

1924-cü ildə Mircəfər Bağırovun tapşırığı ilə “öldürülən”, “NKVD” kəşfiyyatçısı Şerbitski Sergey Mixayloviçin dediyi kimi, “üçlüy”ün qərarı ilə güllələndiyi sənədləşdirilən, Azərbaycan milli azadlıq hərəkatının öncüllərindən olan Qazanpapaq Məhəmməd Şirin oğlu əslində 1965-ci ilin martında dünyasını dəyişib. Məzarı İsfahan mahalında, Arazın yaxınlığındakı Zərnə kənd qəbiristanlığındadır.

Rəhman SALMANLI,

Azərbaycan. – 2016.- 14 yanvar.- S.7.