12 Mart 2025

8 noyabr Azərbaycan tarixinin ən parlaq səhifəsidir

Bu günlər ölkəmizin hər yerində Zəfər gününə həsr olunan bayram tədbirləri keçirilir. Xalqımız sevinc hissləri içində qələbəmizin 2-ci ilini qeyd edir. İndi geriyə baxanda Azərbaycan xalqının necə möhtəşəm, böyük olduğunun bir daha şahidi olursan. Belə ki, 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın 44 günlük müharibə sayəsində azad olunması dünyanı heyrətə salan böyük bir hadisə demək idi. Azərbaycan ya Qarabağ, ya ölüm dilemması qarşısında qaldığından ikinci yolu seçməyi  üstün tutdu. Hansı ki, sülhün tərəfdarı olan prezidentimiz həmişə qan tökülməsin deyə danışıqlara gedir, diplomatiyanın bütün imkanlarından yararlanmağa çalışırdı. Əfsuslar olsun ki, düşmən sülh çağırışlarına məhəl qoymayaraq müqəddəs torpaqlarımızda bizi yeni müharibə anonsları ilə təhdid etmiş olurdu. Ermənistanın baş naziri Nikol Paşinyan başının dəstəsilə  Şuşa şəhərimizə gələrək şadyanalıq keçirir, ordan yeni müharibəyə təhrik çağırışları edirdi. Bu kimi bəyanatlar erməni həyasızlığının pik nöqtəsi demək idi,artıq. Ermənilər uzun illər həyata keçirdikləri milli-bəşəri cinayətlərini dayandırmaq əvəzinə milli zəmində düşmənçiliyi davam etdirmək , faşist ideologiyasına sadiq olduqlarını bir daha nümayiş etdirmək yolunu tutmuşdular. Ancaq Azərbaycan dövləti, Azərbaycan xalqı şər qüvvələrini təmsil edən Ermənistanın cavabını döyüş meydanında verməyin zamanını qətiləşdirdi. Möhtərəm prezidentimizin komandanlığı ilə ordumuz hərəkətə gəldi. Təbii ki, bu döyüşlər dünya hərb tarixinə  parlaq,qızılı hərflərlə yazılmış oldu.

Ermənistan terrorçu xarakterinə uyğun olaraq 1988-ci ildən  torpaqlarımızın işğalı prosesinə başlayarkən saysız – hesabsız qətllər törətmiş, Xocalı, Malıbəyli, Ağdaban soyqırımlarını törətmişdilər. Tarixi həmişə qana boyayan ermənilərin cinayətlərini nəinki dünya qınayır, üstəlik onların əl qol açmasına belə rəvac vermiş olurdular. Beynəlxalq hüququn təməl prinsipləri belə bu azğınlaşmış cinayətkar dövləti əmməllərindən çəkindirmir, sivil dünya isə Azərbaycanın düçar olduğu faciələrə göz yumur, seyrçi mövqe tuturdular. Hansı ki, Azərbaycanın işğal olunmuş torpaqlarından  qeyd – şərtsiz erməni hərbi birləşmələrinin  çıxarılması haqqında BMT-nin dörd qətnaməsi qəbul olunmuşdur.Beynəlxalq hüququn mötəbər sənədlərinə çevrilən bu qətnamələrin icra mexanizminin yaradılması və həyata keçirilməsi mütləq şəkildə yerinə yetirilməli olduğu halda regionda sabitlik bərpa edilmir, işğalçı Ermənistan terrorçuluq fəaliyyətini davam etdirməkdə idi. Belə olan halda isə Azərbaycanın maraqlarını təmin edən , ərazi bütövlüyünü dəstəkləyən sülhü gözləmək təbii ki sadəlövlükdən başqa bir şey ola bilməzdi.Şair Qabil demişkən “ Ümid Azərbaycan Əsgərinə “qalırdı.

Azərbaycan xalqının daşan səbri 2016-cı ildə kükrəməyi ilə Ermənistan ordusuna ilk sarsıdıcı zərbəni vurmuş oldu. Ermənistan və onun havadarları ordumuzun qəhrəmanlığını görməklə daha keçən günləri qaytara biləcəklərini yaxşıca anlamış oldular. Riyakar Ermənistan rəhbərliyi Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasını , Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən çəkilmək  barədə danışıqlara hazır olduqlarını bəyan etsələrdə  əfsualar olsun ki, siyasi iradə nümayiş etdirə bilmədilər. Yenidən bölgədəki hərbi vəziyyəti gərginləşdirmək, məkrli niyyətlərini həyata keçirməyi düşünürdülər. 2020-ci ilin iyulunda Tovuz hadisələrini törətməklə Azərbaycanın səbrini yenidən sınağa çəkmiş oldular.

Bununlada Azərbaycan prezidenti illərdən bəri xalqımızın aşıb-daşan, təşnələşən Qarabağı azad etmək  arzusunu yerinə yetirməyin qərarını vermiş oldu. Xalqımızın milli birliyinə arxalanan prezidentimiz cəsarətli döyüş əmri verdi. 2020-ci ilin 27 sentyabrı Azərbaycan tarixinin ən yadda qalan günlərindən birinə çevrildi. Həmin gün torpaqlarımızın işğaldan azad olunması naminə hər bir Azərbaycan vətəndaşı müharibə iştirakçısına çevrildi. Ön cəbhə ilə yanaşı arxa cəbhədə olanlarda müharibənin qələbə ilə yekunlaşması üçün var gücü ilə çalışmış oldu. Arxa cəbhənin fədakarlığı əsgərlərimizi döyüşlərə daha da ruhlandırır, düşmənin illərdən bəri möhkəmləndirdiyi istehkamları yarıb keçməyə kömək edirdi. Azərbaycan əsgəri qısa müddətdə düşmənin müdafiə xəttini yararaq Qarabağın azadlığını təmin etmiş oldu. Qısa vaxtda əsir rayonlarımız, kəndlərimizin qayıdışı başladı. Hər dəfə azadlıq xəbərini eşitmək üçün möhtərəm prezidentimizin tvitlərini gözləmək , şad xəbərlər eşitmək hər kəsin illərdən bəri arzularının reallaşması demək idi. Cəbrayıl, Füzuli, Zəngilan, Xocavənd, Qubadlı ardınca da Şuşanın azad olunması milli ruhumuzun dirçəlməsi, azad olması baxımından ən dəyərli hadisə demək oldu.

8 noyabr Şuşanın azad olunması Zəfərimizin ən parlaq hadisəsi idi. Bununla da Ermənistan döyüş meydanında aman diləyərək, təslimçiliyə yalvara-yalvara imza atdı. Xalqımızın qəhrəmanlığı, həmişə deyilən cəsurluğu bir daha öz təsdiqini tapmış oldu. Əminəm ki, o gün ata baba ruhlarıda şad olmuşdu. Ümummilli liderimiz Heydər Əliyevin də ruhu bu qələbənin ədə olunmasında rahatlaşmışdı. Möhtərəm prezidentimiz şəhidlər xiyabanında tarixi çıxışında da bu hiss olunurdu. Prezidentimiz ata vəsiyyətini yerinə yetirməkdən yana xoşbəxt olduğunu deyirdi.

Noyabr ədliyyə işçiləri üçün indi ikiqat bayram ayıdır. Noyabrın 22-si həm də Ədliyyə İşçilərinin peşə bayramı günüdür. Ümummilli liderimiz Heydər Əliyevin ədliyyə sahəsinə göstərdiyi böyük diqqət və qayğının təzahürü olaraq 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Ədliyyə Nazirliyinin Əsasnaməsinin qəbulu günü – 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilib. Ədliyyə işçiləri bu bayramı bizə bəxş etmiş Ulu Öndərimizə dərin minnətdarlıq hissi ilə hər il qeyd edirlər.

İndi bu bayram xüsusilə əlamətdar olmaqla böyük fəxarət hissi ilə  keçirilir. Belə ki, Ədliyyə işçilərinin peşə bayramından bir neçə gün əvvəl ” Zəfər günü” qeyd olunur.

Peşə bayramlarını qalib xalqın nümayəndələri kimi böyük qürur hissi ilə qeyd edən ədliyyə işçiləri tarixi Zəfər günlərini bizlərə yaşatdığına görə Prezidentə sonsuz minnətdarlıq və ehtiram hissi keçirir, Müzəffər Ali Baş Komandanımızı qarşıdan gələn yubileyi münasibətilə təbrik etməkdən şərəf duyurlar.

Möhtərəm prezidentimiz bir daha Sizə təşəkkür edirik. Sizin sayənizdə tarixi ədalət bərpa olundu.

Qoy həmişə Zəfər bizim olsun!   

İslam Əhmədov

Ağcabədi rayon Qeydiyyat şöbəsinin rəisi, Ədliyyə müşaviri