21 Dekabr 2024

Yeni idarəetmə üsulu bütün rayonlara tətbiq ediləcək

Yeni idarəetmə üsulu bütün rayonlara tətbiq ediləcək

Ötən həftə Prezident İlham Əliyev ölkədə yerli idarəetmə sistemində (icra hakimiyyətləri stukturunda) dəyişikliklər olacağı haqda yenidən anons edib. Prezident İlham Əliyev Məsim Məmmədovu Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən bu barədə danışıb.

“Demək olar ki, indi bu təyinatdan sonra azad edilmiş əksər rayonlarda mənim xüsusi nümayəndələrim artıq fəaliyyətə başlayacaqdır. Hələ təkcə Kəlbəcər rayonunda təyin edilməyib, bu da olacaq. Bu ərazilərdə, eyni zamanda, yeni idarəetmə üsulu da tətbiq edilməlidir və edilir. Gələcəkdə bu, yeni idarəetmə modeli kimi ölkəmizin bütün digər hissələrində də tətbiq edilməlidir. Yəni, bu, həm böyük quruculuq işləridir, həm də yeni idarəetmə üsuludur”, – deyə Prezident qeyd edib.

Qeyd edək ki, bundan əvvəl Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə 27 il rəhbərlik edən Vasif Talıbov da “səhhəti ilə bağlı problemləri əsas gətirərək” istefa verdi. Ardınca Prezident İlham Əliyev Naxçıvanla bağlı sərəncam imzaladı. Sərəncama əsasən, Naxçıvanda Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi təsis olundu. Daha sonra İlham Əliyev daha bir sərəncam imzalayaraq, Fuad Nəcəflini Naxçıvan MR-də Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin etdi. Artıq uzun illərdir icra hakimiyyəti strukturlarından daxil olan şikayətlər, bəzi icra başçılarının özbaşınalığı, hətta bir çoxunun həbsi ilə nəticələndi. Görünən odur ki, bu struktur dövrün tələblərinə uyğun gəlmir. Bütün bunların fonunda icra hakimiyyəti strukturunun tədricən ləğv olunacağı barədə fikirlər dolaşır. İddialara görə, bir müddətdən sonra idarəetmədə əsaslı dəyişiklik olacaq və artıq yerlərdə icra hakimiyyətləri və icra başçıları olmayacaq. Yada salaq ki, hazırda Azərbaycanda 14 iqtisadi region var. Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəlikləri bu 14 iqtisadi regionu da əhatə edir. Hələlik bu idarəetmə strukturu Qarabağda və Naxçıvanda tətbiq edilir. Ancaq ötən iki il göstərir ki, yeni idarəetmə modeli çox uğurludur. Belə olan halda məsələlərə birbaşa Prezident nəzarət edə bilir. Dövlət başçısının son açıqlaması da bu barədə qəti qərarların yaxınlaşdığını göstərdir.

Yeni idarəetmə üsulunun tədricən respublikanın bütün rayonlarında tətbiq ediləcəyi barədə artıq Milli Məclis üzvləri də anons etməyə başlayıblar.

Elə insanlar var ki, 300 manatla dolanır” - Vahid Əhmədov

Vahid Əhmədov

Məsələn, Milli Məclisin üzvü Vahid Əhmədov İcra hakimiyyətlərinin ləğv edilməsi məsələsinin çoxdan gündəmdə olduğunu deyib: “Artıq icra hakimiyyəti orqanlarının vəzifəsi səlahiyyətli nümayəndələrə verilməlidir. Çünki bu, faktiki olaraq Qarabağda özünü müsbət bir məqam kimi göstərdi və hazırda səlahiyyətli nümayəndəlik idarəetmə üsulunun tətbiq edildiyi rayonlarda müsbət işlərin görüldüyünün şahidiyik. Bu idarəetmə üsulu özünü doğruldur. İşğaldan azad edilmiş rayonlarımızda tətbiq olunmağa başlanan bu üsulun yaxşı nəticələri var. Ona görə də bütün Azərbaycan ərazisində bu, həyata keçirilməlidir. Cənab Prezidentin ötən həftə Laçın rayonuna yeni təyin etdiyi səlahiyyətli nümayəndə Məsim Məmmədovu qəbul edərkən verdiyi açıqlama kifayət qədər aydın mesaj idi. Prezident İlham Əliyev analoji prosesin Azərbaycanın digər rayonlarında da həyata keçiriləcəyini bildirdi. Bu da onu deməyə əsas verir ki, Prezident bu məsələdə qərarlıdır. Yəqin ki, yaxın zamanlarda prosesin digər rayonlara, xüsusilə Azərbaycandakı 14 iqtisadi rayonun hər birində həyata keçirilməyə başlandığın şahidi ola biləcəyik. Mən də istərdim ki,  ilk növbədə 14 iqtisadi rayonun hər birinin rəhbərliyinə dövlət başçısının səlahiyyətli nümayəndələri təyin olunsun. Onlar investisiya yatırımları ilə yanaşı, əhalinin sosial problemləri ilə məşğul olsunlar. Yeni sistemdə kadrlar dəyişdirildi, hər bir nümayəndə təyin olunanda Prezident ona göstərişlərini verir, müəyyən problemlərin olduğunu onun nəzərinə çatdırır. Deyir ki, gedin, işləyin, əhalinin xidmətində olun. Bu da artıq o insanların özlərindən və əhali ilə təmaslarından asılıdır. Sözsüz ki, yeni sistem korrupsiyanın da qarşısını müəyyən qədər ala bilər”.

Etibar SEYİDAĞA