09 May 2025

26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günüdür

Hər bir müstəqil dövlətin ordusu dövlətin əsas atributlarından biridir. Biz müstəqil dövlətik. Müstəqil dövlətin özünəməxsus qüdrəti olmalıdır. Bu qüdrətin əsasını xalq və onun bir hissəsi olan ordu təşkil edir. Ordu xalqın bir hissəsidir. Xalqla ordunun birliyi həmişə dövlətin qüdrətini təmin edir, orduya daha çox güc verir, xalqın öz ordusuna daha çox etibar etməsinə səbəb olur.

Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbindən sonra ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra 1993-cü ilin sonlarından başlayaraq, həyata keçirilmiş xüsusi tədbirlər nəticəsində Milli Ordu quruculuğu keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşdırıldı. Hazırda Azərbaycanın Silahlı Qüvvələri müasir hərbi texnika ilə təchiz edilmiş, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordudur. Milli Ordumuz müstəqil dövlətimizin ən böyük dayağı, xalqımızın təhlükəsizliyinin və ölkəmizin ərazi bütövlüyünün təminatçısıdır.

Azərbaycan Ordusu hazırda dünyanın ən güclü orduları sırasındadır. Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən Müharibəsində və bir günlük lokal antiterror əməliyatı zamanı əldə edilmiş Qələbələr hərbçilərimizin peşəkarlığı, qəhrəmanlığı hesabına qazanıldı. Əzəli dədə-baba torpağımız olan Qarabağ 30 illik erməni işğalından tam təmizləndi, ərazi bütövlüyümüz və suverenliyimiz bərpa edildi. 

Biz bütün dünyaya göstərdik ki, Azəbraycan xalqı yenilməzdir, müzəffər ordumuz vardır. Rəşadətli Milli Ordumuz erməni mifini məhv etdi, erməni uydurmalarını yerində oturtdu, onlar bizim qabağımızda diz çökdülər. Dövlət başçımızın sözləri ilə desək: “Onlar bundan sonra bu damğa ilə yaşayacaqlar, rəzalət damğası ilə yaşayacaqlar. Biz isə bundan sonra qürur hissi ilə yaşayacağıq – müzəffər xalq kimi, güclü dövlət kimi, yenilməz ordu kimi, güclü iradə sahibi kimi…”

Azərbaycan və Türkiyə arasında strateji və hərbi əməkdaşlığı müəyyən edən Şuşa Bəyannaməsinin imzalanması, son illər ərzində İsrail ilə hərbi sahədə əməkdaşlığın dinamik inkişafı, keçən ilin Qələbə və Zəfər Paradının Xankəndidə keçirilməsi, Zəfər muzeylərinin, Komando hərbi hissələrinin yaradılması, gənclərin hərbi sahədə təhsil almasının təşviq edilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi və s. bir daha sübut edir ki, ordumuz dünya miqyasında güclü ordular sırasındadır, şəxsi heyətin döyüş qabiliyyəti, vətənpərvərlik ruhu yüksək səviyyədədir.

Orduda xidmət etmək hər bir azərbaycanlının şərəfli borcudur. Əsgərlik borcunu yerinə yetirən gənclər xalqımızın, cəmiyyətimizin içərisində ən hörmətli, dəyərli insanlardır.

Artıq dördüncü ildir ki, biz Silahlı Qüvvələr Gününü müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik.

Yunis Eyyubov

YAP Ağstafa rayon təşkilatının əməkdaşı