20 İyul 2024

Azərbaycan Ordusu qarşıda duran bütün vəzifələri həll etməyə qadirdir

Ölkəmizin iqtisadi qüdrətinin artması milli ordumuzun möhkəmlənməsinə də geniş imkan yaradıb. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Azərbaycan Ordusu qarşıda duran bütün vəzifələri həll etməyə qadir bir ordudur. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir. Ordumuzun yaradılması prosesi əslində ölkəmizin müstəqilliyinin tarixidir. 1918-ci il mayın 28-də yaranmış Azərbaycan Demokratik Respublikasının cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə çox böyük nailiyyətlərə imza atmışdı. Görülən işlər sırasında ordu quruculuğu sahəsindəki tədbirlər böyük əhəmiyyət kəsb edir.

Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə – əlahiddə korpus yarandı. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin ordusunu yaratmasına hüquqi əsas verdi. Bunun ardınca ölkədə hərbi mükəlləfiyyət – orduya çağırış haqqında hökumət tərəfindən fərman verildi. Avqustun 1-də AXC-nin Hərbi Nazirliyi təsis edildi. General Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əliağa Şıxlinski nazir müavini təyin edildilər. Qısa zaman məsafəsində Azərbaycanda milli ordu quruculuğunda uğurlar əldə edildi.

Bu gün həmin tarixdən bir əsrdən artıq zaman ötür. Tarixi varislik ənənəsinə uyğun olaraq Ümummilli Lider Heydər Əliyevin fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun yarandığı 26 iyun günü Azərbaycan Silahlı Qüvvələri Günü kimi bayram edilir. Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev çıxışlarının birində demişdir ki, müasir mütəşəkkil ordunun yaradılması Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük tarixi xidmətlərindən biri olub. Hələ sovet dövründə, Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə Azərbaycanda hərbi-təşkilati işlər bir neçə istiqamətdə aparılırdı. Azərbaycan gənclərinin hərbi xidmətə hazırlanması, onların xüsusi ixtisaslı hərbi hissələrə göndərilməsinə nail olunması məqsədi ilə ardıcıl işlər görüldü. Sovet dövründə azərbaycanlı gənclərin əksəriyyətinin arxa xidmət hərbi hissələrinə göndərilməsinin əsas səbəblərindən biri kimi onların rus dilini zəif bilməsi göstərilirdi. Hər il Azərbaycandan təxminən 60 min gənc hərbi xidmətə çağırılırdı. Lakin onların çox az hissəsi xüsusi ixtisaslar öyrədən hərbi hissələrə yola salınırdı. Gənclərin böyük əksəriyyəti isə tikinti və xidmət hərbi hissələrinə göndərilirdi. Belə olduğu halda, Azərbaycanda gənclərin hərbi xidmətə hazırlanmasına yeni tələblər irəli sürüldü. İlk növbədə, respublika məktəblərində rus dilinin tədrisinə diqqət artırıldı, Azərbaycan Dövlət Pedaqoji İnstitutu nəzdində ibtidai hərbi hazırlıq müəllimləri hazırlayan fakültə açıldı və hərbi vətənpərvərlik tərbiyəsi gücləndirildi. Xüsusi olaraq vurğulayaq ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Sovet dövründə diqqət yetirdiyi məsələlərdən biri də SSRİ Silahlı Qüvvələri tərkibində azərbaycanlı zabitlərin məsul vəzifələrə irəli çəkilməsi məsələsi idi.

Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə Bakıda iki ali hərbi məktəb var idi. Biri Bakı Ali Ümumqoşun Komandirləri Məktəbi, digəri isə Bakı Ali Hərbi Dənizçilik Məktəbi. Bu məktəblərin hər ikisi İttifaq miqyasında sayılıb-seçilən məktəblərdən idi və təhsil almaq üçün İttifaqın ən müxtəlif şəhərlərindən bu məktəblərə axışıb gəlirdilər. Sovet dövründə milli zəmində aparılan hərbi-təşkilati işin zirvəsi Azərbaycanda general Cəmşid Naxçıvanski adına hərbi-internat məktəbinin açılması oldu. C.Naxçıvanski adına Hərbi Lisey Ulu Öndərin diqqət və qayğısı ilə qısa vaxt ərzində ən müasir hərbi təhsil müəssisəsinə çevrildi. Nəticədə orduda peşəkar hərbçilərin sayı da artdı. Bu təhsil ocağını bitirən neçə-neçə gənc Bakının ali hərbi məktəbləri ilə yanaşı, keçmiş SSRİ-nin ali hərbi məktəblərində hərbçi peşəsinə yiyələndilər. İstər C.Naxçıvanski adına Hərbi Liseyin təşkil edilməsi, istərsə də Sovet dövründə azərbaycanlı gənclərin hərbi işə cəlb edilməsinin hansı tarixi əhəmiyyətə malik olduğu XX əsrin sonlarında əyani şəkildə aydın oldu. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirdiyi kimi, “Biz bu gün Silahlı Qüvvələrimizi vahid proqram əsasında inkişaf etdiririk və əminəm ki, yaxın gələcəkdə bizim Ordumuz yeni, yüksək səviyyəyə qalxacaqdır. Mən bunu artıq demişəm, bir daha demək istəyirəm, bu gün Azərbaycan Ordusu müharibə dövründə qəhrəmanlıq və peşəkarlıq göstərmiş Azərbaycan Ordusundan daha da güclüdür”.

İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesinin daha geniş vüsət aldığını bildirən Cənab Prezident işğal dövründə ordu quruculuğunun bizim üçün bir nömrəli vəzifə olduğunu qeyd edib: “Ordumuzun, bütün Silahlı Qüvvələrimizin torpaqlarımızın azad olunması üçün hazırlıq işlərinə xüsusi önəm verilirdi və biz buna nail olduq. Vətən müharibəsi Azərbaycan dövlətinin tam Zəfəri ilə yekunlaşmışdır”.Ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Bu qoşun növləri potensial rəqiblə qırıcı və bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq iqtidarındadır. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır.

Tağı İmamverdiyev

YAP Ağstafa rayon təşkilatının əməkdaşı