22 Dekabr 2024

Zərifə Əliyeva ölkəmizdə böyük ictimai xadim kimi qəbul olunmuşdur

Prezident İlham Əliyevin “Akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi haqqında” 3 noyabr 2022-ci il tarixli Sərəncamından sonra ölkəmizin elm və təhsil müəssisələrində, səhiyyə sistemində görkəmli elm xadiminin yubileyi geniş şəkildə qeyd olunur.

Zərifə xanım Əliyevanın çoxcəhətli elmi və tibbi fəaliyyəti təkcə öz dövrü üçün deyil, bu gün üçün də mühüm əhəmiyyət kəsb edir və aktuallığını qoruyur.

Ölkəmizdə XX əsrin birinci yarısına qədər daha çox terapiya və cərrahiyə sahələri inkişaf etdiyi halda Zərifə xanım Əliyevanın xidmətləri sayəsində XX əsrin ikinci yarısından başlayaraq Azərbaycanda oftalmologiya elminin və göz xəstəlikləri tədqiqatlarının inkişaf edən sahələrdən birinə çevrilib.

Bu, Zərifə Əliyevanın Azərbaycan tibb elmi qarşısındakı böyük məqsədlərindən biri idi. Zərifə xanım Əliyeva ölkəmizi keçmiş Sovetlər İttifaqında və onun hüdudlarından kənarda da oftalmologiya üzrə elmi tədqiqat işləri aparılan nüfuzlu mərkəzə çevirmişdir. Zərifə xanımın göz həkimi kimi məşhurlaşması, bu sahədə məktəb yaratması ilə Azərbaycandan kənardakı tibb mərkəzlərinə xəstələrin axınının qarşısı alınmışdır. Zərifə xanımın bir məqsədi də ondan ibarət idi ki, o, rus həkimlərindən ibarət heyət yaradaraq, onları Azərbaycanın regionlarına aparır¸ müalicə işi təşkil edirdi. Zərifə Əliyeva dünya tibb elminə yeni müalicə üsulları gətirmiş, bu istiqamətdə apardığı tədqiqatları təkcə nəzəri müddəalarla deyil, həm də o müddəaları formalaşdırmaqda ona əsas verən təcrübə ilə əlaqələndirməklə fərqlənmişdir.

Onun Bakı Məişət Kondisionerləri Zavodu və Bakı Şin Zavodunda apardığı müşahidələr, yaratdığı tibbi müalicə və diaqnostika mərkəzi oftalmologiya sahəsində özünə qədər və ondan sonra aparılan tədqiqatlardan tam fərqli elmi nəticələrin əldə olunmasına öz töhfəsini verib. Məhz bunun nəticəsində ölkəmizdə 1960-cı illərə qədər geridə qalmış tibb sahələrindən biri sayılan oftalmologiya elmi artıq 1970-ci illərdə Moskva, Sankt-Peterburq kimi bu elm sahəsində əsas mərkəzlərlə bir sırada dayanırdı və bir çox hallarda onlardan önə keçmişdi. Həmin illərdə dünyanın bir sıra ölkələrinin, həmçinin keçmiş SSRİ-nin görkəmli alimlərinin məqsədi Bakıda keçirilən konfranslarda iştirak etmək, müzakirələr aparmaq, reallıqları görmək olmuşdur.

Həmçinin Fiziologiya İnstitutunda Zərifə xanımın yaratdığı və rəhbərlik etdiyi göz xəstəliklərinin diaqnostikası və profilaktikasına həsr olunmuş laboratoriya Azərbaycanda göz xəstəlikləri elminin hüdudlarını Səhiyyə Nazirliyinin dairəsində genişləndirərək akademik mühitə daşınmasında ən yeganə nümunədir.

Zərifə Əliyeva həm də ölkəmizdə böyük ictimai xadim kimi qəbul olunmuşdur. Zərifə xanımın obrazını canlandırarkən onun sadəqətli olması mütləq ön sırada gəlmişdir. O, Əziz Əliyevin ocağında qazandığı sədaqət andını Heydər Əliyev kimi görkəmli dövlət xadiminin sədaqətli yoldaşı olmaqla, bütün dünyanın gözü qarşısında isbat etmişdir. Zərifə xanım Əliyevanın çoxcəhətli fəaliyyəti ölkəmizdə hər zaman yüksək qiymətləndirilmişdir. O, “Əməkdar elm xadimi” adına, “Qırmızı əmək bayrağı ordeni”nə layiq görülmüş, o zaman üçün əlçatmaz sayılan “Averbax” mükafatının Azərbaycana gətirilməsinin mümkünlüyünü sübut etmişdir. Milli Oftalmologiya Mərkəzi Zərifə xanım Əliyevanın adını daşıyaraq ölkəmizin nüfuzlu tibb mərkəzlərindən biri kimi inkişaf etmişdir. Milli Elmlər Akademiyasında Zərifə xanımın adına mükafat təsis olunmuşdur. Bakıda məktəb-lisey Zərifə xanımın adını daşıyır. Ən başlıcası isə Zərifə xanım Əliyeva Heydər Əliyev kimi görkəmli siyasi xadimin həyat yoldaşı, XXI əsrdə Azərbaycanın Zəfər tarixinə adını yazdırmış Prezident İlham Əliyevin anasıdır.

Emilya Rəhimova

Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı