23 Dekabr 2024

Zelenskini təhdid edən “Vaqner” başçısının təyyarəsi vurulub

“Vaqner” özəl hərbi şirkətinin (ÖHŞ) başçısı Yevgeni Priqojın digər pilotla birgə hava əməliyyatı keçirərkən təyyarəsi vurulub.

“Report” xəbər verir ki, bu barədə məlumatı dəstə başçısının mətbuat xidməti təsdiqləyib.

Bildirilib ki, Ukrayna hava hücumundan müdafiə sisteminin “Su-24”ü zərərsizləşdirməsinə baxmayaraq, birinci pilot “möcüzəvi şəkildə” təyyarəni yerə endirə bilib. Donetsk vilayətinin Baxmut rayonunda baş verən olayda zərər çəkən olmayıb.

Xatırladaq ki, daha öncə “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojın Ukrayna prezidenti Volodimir Zelenskiyə videomüraciət edib. O, videoyazıda Ukrayna liderini “hava duelinə” çağıraraq dövlət başçısını təhdid etmişdi.

Qeyd edək ki, “Vaqner” rusiyalı sahibkar (eyni zamanda mətbuatda “Putinin aşpazı” kimi tanınır) Yevgeni Priqojın tərəfindən yaradılan və idarə olunan qeyri-dövlət yaraqlı qruplaşmasıdır.

2014-cü ildən qruplaşma Ukraynanın işğal altındakı bölgələrində, daha sonra isə Suriyada Bəşər Əsədə sadiq qüvvələrin nəzarət etdiyi ərazilərdə fəaliyyət göstərir. 2017-ci ilin iyun ayında “Vaqner” ÖHŞ ABŞ-ın sanksiya siyahısına daxil edilib. 2021-ci ilin dekabrında Avropa İttifaqı (Aİ) qruplaşmanı Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə xələl gətirməkdə, Suriya və Liviyada sabitliyi, habelə insan haqlarını kobud şəkildə pozmaqda ittiham edərək ÖHŞ-yə sanksiyalar tətbiq edib. 2022-ci ilin martın 8-də, yəni Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra Yaponiya da qruplaşmaya qarşı sanksiyalar tətbiq edib. BMT və Fransa “Vaqner” muzdlularını Mərkəzi Afrika Respublikasında zorlama və quldurluqda ittiham edir.

Qrup ağır texnika, artilleriya və hərbi aviasiya ilə silahlanıb.