23 Dekabr 2024

Zelenski ABŞ-ın onu aldatdığından duyuq düşüb: Ukrayna geri çəkilir, Ağ Ev qəzəblənir

Rəsmi Kiyev Ukraynanın ABŞ və Qərbin maraqları naminə məqsədyönlü şəkildə Rusiya ilə savaşa sövq edilmiş ola biləcəyindən şübhələnməyə başlayıb; Zelenski hakimiyyəti Qərbin hərbi texnika yardımlarına baxmayaraq, Ukraynanın başqalarına daha çox sərfəli olan hərbi-siyasi oyunlarda “geopolitik alətə” çevrilmə ehtimalından narahatdır…

Ukrayna böhranı son günlər bir qədər fərqli məzmun və keyfiyyət qazanmağa başlayıb. Hər halda, bu böhran ətrafında yaranmış hərbi-siyasi qarşıdurmanın fərqli istiqamətlərə yönəlmək üzrə olduğu müşahidə edilir. Ona görə də, Ukrayna böhranı ətrafında yaranmaqda olan yeni situasiya ABŞ və Qərbin maraqlarına o qədər də cavab verməyə bilər.

Məsələ ondadır ki, Qərb siyasi dairələri davamlı olaraq, Rusiyanın yaxın vaxtlarda Ukraynaya hərbi müdaxiləyə başlayacağını iddia edirlər. Üstəlik, bu iddalarına əminlik notları əlavə etməklə yanaşı, konkret vaxt da göstərirlər. Halbuki, göstərilən vaxtların özü də kifayət qədər ziddiyyətlidir.

Əvvəlcə iddia olunurdu ki, Rusiya dekabrın sonu, yanvarın əvvəllərində Ukraynaya qoşun yeridəcək. Rusiyanın Ukrayna ilə sərhəd bölgəsinə çoxli sayda canlı qüvvə və hərbi texnika cəmləşdirməsi də bu iddialara müəyyən qədər inandırıcı görüntülər verirdi. Ancaq Kreml bu iddiaları israrla təkzib edirdi və bunun Qərb siyasi dairələrinin uydurması olduğunu vurğulayırdı. Ardınca Qərb siyasi dairələri yanvarın əvvəli ilə bağlı iddialarını fevralın ilk həftəsi ilə əvəzlədilər. Son iddialardasa, Rusiyanın Ukraynaya hücum edəcəyi vaxt kimi artıq 20 fevral göstərilir.   

667.jpg (79 KB)

Göründüyü kimi, Qərb siyasi dairələri Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə bağlı iddialarında zaman faktorunu davamlı olaraq, yeniləmək məcburiyyətində qalıblar. Ona görə də, hazırda həmin iddialar artıq inandırıcılıq keyfiyyətini sürətlə itirməyə başlayıb. Və bu səbəbdən də, Qərb siyasi dairələrinin Rusiyanın Ukraynaya hərbi müdaxilə iddialarını Kremlə qarşı propoqanda mövzusuna çevirdikləri ilə bağlı şübhələr də artmaqdadır.

Maraqlıdır ki, “Rusiyanın Ukraynaya hücum planı və niyyəti yoxdur. Biz ümumiyyətlə, Ukrayna ilə müharibə ehtimalını təsəvvür etməkdə belə, çətinlik edirik” deyən xarici işlər naziri Sergey Lavrov savaşın olacağı təqdirdə, onu Rusiyanın başlatmayacağını da vurğulayıb. Üstəlik, Rusiya prezidenti Vladimir Putin də ölkəsinin Ukraynaya savaş hazırlığı içərisində olmadığına eyham vurub. O, bildirib ki, Ukrayna sərhədləri ətrafında cəmləşdirilmiş ordunun əsas hədəfi bu ölkəyə hücum etmək deyil, Rusiyanın milli təhlükəsizlik maraqlarını təmin etməkdir. Və bu, rəsmi Kiyevə Kremlin Ukraynaya hücum edilməyəcəyi barədə kifayət qədər ciddi təminat verməsi kimi də anlaşıla bilər.

Belə görünür ki, Kreml Qərb siyasi dairələrinin Rusiya əleyhinə propoqandasını iflasa uğratmağın vacibliyini artıq qətiləşdirib. Ona görə də, ilk növbədə Ukrayna siyasi dairələrini sakitləşdirmək məqsədilə müəyyən siyasi təminatların verilməsini də vacib hesab edir. Və belə davam edərsə, Qərbin yaratdığı savaş xofu tədricən öz əhəmiyyətini itirə bilər.

Maraqlıdır ki, savaş xofunun dağılmaqda olduğu da artıq müşahidə edilməyə başlayıb. Hər halda, Ukrayna prezidenti Vladimir Zelenskinin aon açıqlamalarının məzmunu da belə düşünməyə əsas verir. Çünki, prezident V.Zelenski Qərb siyasətçilərini Ukrayna ətrafında arzuolunmaz gərginlik yaratmaqda, ölkəsinin hər an Rusiyanın hərbi müdaxiləsinə məruz qala biləcəyi ilə bağlı əsassız savaş mühit formalaşdırmaqda suşlamışdı. O, hətta bu süni yaradılan gərginlik və savaş mühiti ucbatından Ukraynanın təxminən yarım milyard dollara yaxın maliyyə-iqtisadi ziyana məruz qaldığını da vurğulamışdı.

_118083206_p09dwmcp.jpg (63 KB)

Təbii ki, prezident V.Zelenskinin bu mövqeyi Ukraynaya hərbi müdaxilə ediləcəyi təqdirdə, Rusiyanın dağıdıcı beynəlxalq sanksiyalara məruz qalacağını davamlı olaraq, təkrarlayan Ağ Ev sahibi Co Baydenin “canfəşanlığı” ilə uzlaşmır. Eyni zamanda, “Rusiya qoşunları Ukrayna sərhədlərini keçərsə, rus anaları öz oğullarının tabutunu alacaq” xəbərdarlığını edən Böyük Britaniya baş naziri Boris Consonun iddialarını da əhəmiyyətdən salır. Və nəticədə Ukraynadakı diplomatik təmsilçilərini evakuasiya edən dövlətləri əsassız savaş xofu yaratmaqda qınayan prezident V.Zelenskiyə qarşı Qərb siyasi dairələrinin narazılığı da artmış olur.

Onu da qeyd edək ki, prezident V.Zelenskiyə yönəlik narazılığın artıq ABŞ və Qərbin siyasi qəzəbinə çevrilmək üzrə olması barədə də müəyyən məlumatlar mövcuddur. Belə məlumatlar hazırda Qərbin nüfuzlu media quruluşları tərəfindən geniş şəkildə tirajlanmağa başlayıb. Və Qərb siyasi dairələri diplomatik təmaslar zamanı Ukrayna liderini bəzən açıq, bəzən isə üstüörtülü qınayırlar.

CNN telekanalının yaydığı məlumatda prezident V.Zelenskinin Ukraynaya Rusiyanın hücum edəcəyi ilə bağlı riskin şişirdildiyini vurğulaması ciddi hərbi-siyasi səhv kimi təqdim olunub. Buna paralel olaraq, nüfuzlu “Skynews” Rusiya qoşunlarının sərhəddi məhz Ukraynanın Çernobl bölgəsi istiqamətindən keçəcəyini iddia edib. Və bunu həmin istiqamətin Ukrayna paytaxtı Kiyevə daha yaxın olması ilə izah etməyə çalışıb.  

Onu da qeyd etmək lazımdır ki, bu məsələ prezident V.Zelenski və Ağ Ev sahibi Cozef Bayden arasında baş tutan son telefon danışığı zamanı ciddi şəkildə müzakirə olunub. Hətta müzakirələr zamanı tərəflərin mövqeyində kəskin ziddiyyətlərin ortaya çıxdığı və nəticədə gərginliyin yaşandığı da bildirilir.

305.jpg (280 KB)

Məsələ ondadır ki, ABŞ prezidenti Co Bayden Ukrayna lideri V.Zelenskini onun ölkəsinə Rusiyanın hərbi müdaxiləsinin qaçılmaz olduğu barədə növbəti dəfə xəbərdar edib. Ukrayna prezidenti isə yenə də ABŞ-ı təhlükəni şişirtməkdə günahlandırıb. ABŞ-da nəşir olunan və demokratlara yaxınlığı ilə tanınan “Politico”nun iddialarına görə, prezident V.Zelenskinin Rusiyanın hərbi müdaxilə təhdidi barədə mövqeyi, onun arxayınlığı Bayden administrasiyasında hiddətlə qarşılanıb. Hətta bütün bunların ABŞ prezidenti Co Baydeni qəzəbləndirərək, özündən çıxartdığı da vurğulanır.

Qərb mətbuatı iddia edir ki, rəsmi Kiyevdə ABŞ-ın Rusiyadan qaynaqlanan müharibə təhdidini, Ağ Evin Kremllə Donbasa yönəlik mümkün sövdələşmə ərəfəsində “daha çox məkan əldə etmək” məqsədilə şişirtdiyi barədə qənaətlər möhkəmlənməyə başlayıb. Bu baxımdan, rəsmi Kiyevin Rusiya-Ukrayna hərbi-siyasi qarşıdurmasının ABŞ və Qərb tərəfindən süni şəkildə yaradıldığına inanmağa başladığını da düşünmək olar. Və bu, yaxın vaxtlarda Ukraynanın Qərblə, xüsusilə də, ABŞ-la münasibətlərində ciddi problemlərin yarana biləcəyini iddia etməyə əsas verir.

Belə anlaşılır ki, rəsmi Kiyev Ukraynanın ABŞ və Qərbin maraqları naminə məqsədyönlü şəkildə Rusiya ilə savaşa sövq edilmiş ola biləcəyindən şübhələnməyə başlayıb. Yəni, Zelenski hakimiyyəti ABŞ və Qərbin hərbi texnika yardımlarına baxmayaraq, Ukraynanın başqalarına daha çox sərfəli olan hərbi-siyasi oyunlarda “geopolitik alətə” çevrilə biləcəyindən narahatdır. Ona görə də, Ukraynanın yaxın vaxtlarda ABŞ və Qərbə, eləcə də, Rusiyaya yönəlik mövqeyini dəyişə biləcəyi də qətiyyən istisna deyil.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu