23 Dekabr 2024

Zəfərimiz müstəqillik tariximizin ən parlaq səhifəsidir

Cənab İlham Əliyevin  ilk dəfə Prezident seçildiyi 15 oktyabr 2003-cü il  prezident seçkilərindən 19 il keçir. 19 il o qədər böyük uğurlarla zəngindir ki, onları bir yazıda əhatə etmək qeyri-mümkündür. Heydər Əliyev siyasətinin  davamına səs verən xalqımız Azərbaycanın bugünkü reallıqlarının təməlini qoydu. 2003-cü ildə xalqa müraciətində “Ona Özüm qədər inanıram” deyən Ümummilli Lider bu əminliyi də ifadə etmişdi ki, axıra çatdıra bilmədiyi taleyüklü məsələləri, planları, işləri xalqın köməyi və dəstəyi ilə cənab  İlham Əliyev başa çatdıra biləcək.

Artıq iki ildir böyük qürurla bəhs etdiyimiz tarixi Zəfərimiz və onun əsasında işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri böyük səylərin, qətiyyətin, dəyişməz mövqeyin, ümumilşdirilmiş şəkildə qeyd etsək ədalətə və beynəlxalq hüquqa əsaslanan müstəqil siyasətin nəticəsidir.

Ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin uzaqgörən siyasətinin məqsədi Azərbaycanın hərtərəfli inkişafı, xalqımızın firavan həyatı, ölkənin 30 ilə yaxındır pozulmuş ərazi bütövlüyünün bərpası idi. Buna görə hər bir atılan addım Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımız düşməndən azad edilsin və Azərbaycanın bütün sərhədləri boyunca üçrəngli bayrağımız dalğalansın. 2020-ci ilin 27 sentyabrında başlanan 44 günlük İkinci Qarabağ müharibəsi Müzəffər  Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin 19 illik Prezidentlik dövrünün 17 ili torpaqlarımızın işğaldan azad edilməsinə hazırlıq dövrü kimi xarakterizə olunur. Dövlət başçısı bu illərin  gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdı.

Tarixi Zəfərimiz müstəqillik tariximizin ən parlaq səhifəsidir. Uğurlu siyasət, xalqın dəstəyi və tarixi ədalət Azərbaycanı qalib ölkəyə çevirdi. Ərazi bütövlüyümüzün bərpa olunması Prezident İlham Əliyevin siyasətinin şah əsəridir. Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı  fəxr edir və sözlə ifadə edilməsi mümkün olmayan sonsuz qürur hissi keçirir ki, 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın möhtəşəm Qələbəsi ilə başa çatdı.  Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanması Zəfərimizin dünyaya təqdimatı oldu. 30 illik torpaq həsrətinə, nisgilə, sıxıntılara son qoyuldu.  Müstəqilliyimizin, suverenliyimizin, milli mənliyimizin, qürurumuzun, kimliyimizin rəmzi olan üçrəngli bayrağımız işğaldan azad olunan torpaqlarımızda dalğalandıqca başımızı dik tutur, hər zaman böyük inamla bəyan etdiyimiz “Biz tarixi torpaqlarımıza qayıdacağıq” çağırışının reallıqda öz əksini tapmasından qürur hissi keçiririk.  Bu tarixi Qələbənin əldə olunmasında milli birliyimizin, həmrəyliyimizin rolu xüsusi qeyd olunur. 44 günlük müharibə bir daha göstərdi ki, xalqın dəstəyi dövlətin tükənməz gücünün mənbəyidir.

Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi Zəfərimizdən dərhal sonra işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə səfəri zamanı qəhrəman Prezidentini qarşılayan qalib xalq öz müdrik rəhbərinə sonsuz sevgi və ehtiramını bir daha nümayiş etdirdi. Ölkə Prezidentinin bu səfəri Qələbə sevincini bir daha xalqla paylaşmaq, tarixi Zəfərə gedən yolun  ilk qələbəsinə nail olduğumuz bu məkanlardan Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajlarını çatdırmaq idi: Bu torpaqların sahibi Azərbaycan xalqıdır və burada əbədi olacağıq. Qarabağ Azərbaycandır!

Bu səfər işğaldan azad edilmiş ərazilərimizdə yeni həyatın başlanmasının rəmzidir. Həmin səfər zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyev ictimaiyyət nümayəndələri ilə görüşündə  bir daha bəyan etdi ki,  Ermənistan bundan sonra rəzalət damğası ilə, Azərbaycan isə qürur hissi ilə – müzəffər xalq, güclü dövlət, yenilməz ordu, güclü iradə sahibi kimi yaşayacaq.

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri